Azərbaycana Qarabağa görə təzyiqlərin pərdəarxası

11.10.2016 - 10:54

132014_srcEkspertlər həyəcan təbili çalır: “ABŞ və Rusiya çalışır ki, Azərbaycanın mövqelərini mümkün qədər zəiflətsinlər”; “4 günlük müharibə işğalçını geri addım atmağa məcbur etmədi, demək, düşmənə daha böyük dərs verməyimizə ehtiyac var”

Qarabağdakı aprel döyüşlərindən sonra bu münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasının olduqca təhlükəli olduğu barədə aydın təsəvvür formalaşmışdı. Məhz bu toqquşmaların ardınca əldə olunan atəşkəs dövründə Rusiyanın moderatorluğu altında danışıqlarda mühüm anlaşma əldə olunacağı və ədalətli sülhün bərqərar ediləcəyi gözlənilsə də, sonrakı aylarda əksini müşahidə etməyə başladıq.
Təəssüf doğuran odur ki, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində “açar” rolunu oynayacağı barədə son zamanlarda təsəvvürlərdə formalaşmış missiyasını “unudub” işğalçı ölkəyə “İsgəndər” raket kompleksini hədiyyə etdi və bununla da düşmənin işğalçılıq siyasətinə dəstəyini vermiş oldu. Ancaq ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövləti bu addıma nəinki etiraz nümayiş etdirmədi, hətta müəmmalı şəkildə susmağa üstünlük verdilər. Bu azmış kimi, ABŞ dövlət katibi Con Kerri “hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. Çünki Azərbaycan və Ermənistan arasındakı Qarabağ konfliktinin həlli üçün şərait hələ yetişməyib” bəyanatını verdi. Səbəbini isə ABŞ diplomatı “liderlərin buna hazır olmaması” ilə izah etdi.
Image result for İlham Əliyev
Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında okeanın o tayından səsləndirilən bəyanata sərt reaksiya verdi. Eyni zamanda Azərbaycana yönəlik təzyiqlərdən bəhs edərək cəmiyyətə aydın mesaj verdi. Sitat: “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada ”beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, – referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, – heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.
Göründüyü kimi, dövlət başçısı səviyyəsində Qarabağın Azərbaycandan qoparılması, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı təzyiqlərin olduğu dilə gətirilib. Bu isə çox ciddi məsələdir. Ancaq təəssüf doğuran budur ki, şimal qonşumuz da Azərbaycanı təhdid etməkdə davam edir.
Image result for Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ölkə prezidenti Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib və kifayət qədər açıq danışıb: “Cənab prezidentin ”Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün Azərbaycana təzyiqlər edilir” deməsi qənaətimə görə, danışıqlar prosesində yaranmış durğunluğun, Ermənistanın son dövrlərdə hərbi güc nümayiş etdirmə cəhdlərinin hansı səbəblərdən qaynaqlandığını ortaya qoyur. Diqqət yetirsəniz, aprel döyüşlərindən sonra Azərbaycanın hərbi gücü haqqında ən çox danışan və yazan Rusiyanın bu və digər şəkildə mərkəzi hakimiyyət orqanlarına bağlı olan ekspertləri, kütləvi informasiya vasitələrinin analitikləri və rus Dumasının bəzi deputatları idi. Onlar isə təbii ki, özləri danışmırdılar. Kreml texnoloqlarının tezisləri əsasında ictimai rəyi formalaşdırır, Rusiyanın Ermənistana hərbi yardımlarının və dəstəyinin əsaslandırılması üçün arqument bazası yaradırdılar. Yəni Rusiyaya Azərbaycanın hərbi potensialının, gücünün etirafı ona görə lazım idi ki, Ermənistana “İsgəndər” operativ-texniki raket kompleksini verə bilsin. “İsgəndər” kompleksinin Ermənistana verilməsi də, işğal altında olan ərazilərimizdə keçirilən son təlimlər də əslində Rusiyanın mesajları kimi qəbul olunmalıdır”.
E.Mirzəbəyli Azərbaycana təzyiq edən qüvvənin təkcə şimal qonşumuzun olmadığı qənaətindədir: “Bu müstəvidə ABŞ-ın Ağ Ev və Pentaqonla yaxın əlaqələri olan və bu ölkənin strateji maraqlarını ifadə edən ”The National Interest” dərgisinin son saylarından birində erməni separatçılarının təbliğinə həsr olunmuş “Dağlıq Qarabağ daha bir müharibəyə hazırdır” başlıqlı məqaləsində yer alan faktlara da diqqət çəkməyin vacib olduğunu düşünürəm. Məqalədə ermənilərin təmas xəttindəki mövqelərində müasir C4ISR sisteminin quraşdırıldığı bildirilir. Görünür, Suriya məsələsində anlaşa bilməyən ABŞ-la Rusiyanın arasında ermənilərlə bağlı ciddi fikir ayrılıqları yoxdur. Tərəflərin davranışlarında təzyiq mexanizmlərinin tətbiq edilməsi ilə bağlı fərqliliklər ola bilər, amma bu, məsələnin mahiyyətini dəyişmir. Yaranmış vəziyyət belə bir mənzərəyə və dəyərləndirməyə imkan yaradır: zənnimcə, həmsədrlər, xüsusilə də ABŞ və Rusiya çalışır ki, Azərbaycanın mövqelərini mümkün qədər zəiflətsinlər və Azərbaycan ən ağır şərtlər altında danışıqlar prosesinin bərpasına can atan tərəf durumuna düşsün”.
E.Mirzəbəyli bildirdi ki, olduqca kritik və təhlükəli bir mənzərədir: “Şübhəsiz ki, vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyi daha yaxşı bilir və bu istiqamətdə gərəkli olan bütün addımları atır. Azərbaycanın nə zamansa Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını və yaxud bu istiqamətdə tətbiq olunan təzyiqlər qarşısında geri çəkiləcəyini düşünmürəm. Bu məsələdə Azərbaycan cəmiyyətində ”5-ci kolon”un azsaylı nümayəndələri istisna olunmaqla, fikir ayrılıqları yoxdur. Amma bütün hallarda cəmiyyətin Qarabağla bağlı müqavimət gücünün müxtəlif müstəvilərdə bir daha nümayiş etdirilməsinin vacib olduğunu düşünürəm”.
Politoloq bununla yanaşı, əlavə etdi ki, ölkəmiz öz hərbi potensialını gücləndirmək istiqamətində də ciddi addımlar atmalıdır: “Bu kontekstdə Türkiyə ilə həm müdafiə nazirlikləri, həm də müdafiə sənayesi müstəvisində əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac duyulduğu qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ölkə rəhbərliyinə həm həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı islahatlarla bağlı, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar lazım olan dəstəyi verəcək. Cəmiyyətimiz buna hazırdır”.
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında dediyi ”qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun””. Bu fikirləri isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əməkdaşımıza söylədi.
Image result for Elxan Şahinoğlu
Ekspertin sözlərinə görə, ancaq elə bunun özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur: “Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir. Halbuki bizim işğalçıdan tələbimiz Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmasıdır. İşğalçı bu addımı atmaq istəmir, çünki üzərində böyük dövlətlərin təzyiqini hiss etmir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Apreldə əsgər və zabit qardaşlarımız böyük şücaət göstərdilər, həyatlarını Vətən yolunda fəda etdilər, düşmənə ağır zərbələr vurdular. Düşmənə dərs verdik. Ancaq üstündən 5 ay keçdikdən sonra etiraf etməliyik ki, 4 günlük müharibə işğalçını geri addım atmağa məcbur etmədi, böyük dövlətlərin qılı belə tərpənmədi. Demək ki, düşmənə daha böyük dərs verməyimizə ehtiyac var və bu dəfə Moskvadan edilən telefon zənglərini qulaqardına vurmalıyıq! Belə zənglər bizə imkan vermir ki, problemimizi birdəfəlik həll edək”.
E.Şahinoğlunun şübhəsi yoxdur ki, ABŞ və Rusiya indiki şəraitdə Qarabağ münaqişəsini həll etməyəcək:“İki dövlət Ukrayna və Suriyaya görə bir-biri ilə münasibətləri tamamən korlayıb. Hətta iki dövlətin hərbi qüvvələrinin Suriyada üz-üzə gəlməsi təhlükəsi var. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun iki həmsədri olan ABŞ və Rusiyadan Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq fəaliyyət gözləmək yersizdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31