İstanbulda Qərbə qarşı ittifaqın əsası qoyuldu?

13.10.2016 - 09:59

87a9b74b-84b2-45ef-abf9-5002fae1d1e8Siyasi təhlilçilər ölkəmizin də yer aldığı toplantıdan sonra Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olacağı barədə iddiaları şərh etdilər

“İstanbulda keçirilən Dünya Enerji Konqresindən və Türkiyə ilə Rusiya arasında imzalanmış ”Türk axını” anlaşmasından sonra müşahidə edilən mənzərə Qərbə qarşı hansısa bir ittifaqın yarandığını deməyə əsas vermir”. 
Politoloq Elçin Mirzəbəyli İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki mesajlar və əldə olunan razılaşmaları “Yeni Müsavat”a şərh edərkən söylədi:“Əvvəla, Türkiyə-Rusiya anlaşması ”Türk axını”nın birinci mərhələsini əhatə edir. Bu isə yalnız Türkiyənin təbii qaza olan ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub. Layihənin perspektivdə irəliyə nə qədər yürüyə biləcəyi cərəyan edəcək regional və qlobal geosiyasi proseslərdən asılıdır. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında ziddiyyətlər öz həllini tam tapmayıb. Türkiyə hələ ki Avratlantik Alyansın üzvüdür və qardaş ölkənin qısa bir zaman ərzində bu hərbi-siyasi ittifaqdan üz döndərə biləcəyi inandırıcı deyil. İstanbulda keçirilən konqres çərçivəsində və ikitərəfli görüşlərdə verilən mesajları hərbi müdaxilə, təzyiq, təhdid, enerji və maliyyə bazarında iqtisadi əsasları olmayan manipulyativ manevrlər etmək yolu ilə dünyanın enerji resurları və nəqliyyat dəhlizləri üzərində tam nəzarəti həyata keçirməyə çalışan dairələrə qarşı alternativlərin ortaya çıxacağı barədə məxməri xəbərdarlıq kimi də dəyərləndirmək olar. Lakin bu xəbərdarlıq atılan və atılacaq addımların mahiyyətindən yox, ABŞ və müttəfiqlərinin yürütdüyü siyasətin qarşılığında özünüqoruma instinktindən doğan reaksiyadır. İndiki şəraitdə hadisələrin inkişafı ABŞ-da keçirilən seçkilərdən sonra yürüdüləcək siyasi xətdən və bu müstəvidə cərəyan edəcək proseslərdən asılıdır”.
 
E.Mirzəbəyli Azərbaycanla Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulmaları üçün fundamental əsasların olduğunu düşünmür: “Buna mane olan səbəblər daha çoxdur – Azərbaycan torpaqlarının işğal altında olması, Rusiya-Ermənistan münasibətləri, Ankara ilə Moskva arasındakı ziddiyyətlər, Kremlin imperiya ambisiyaları və s. Rusiya Avrasiya məkanında tam dominant rola sahib olmaq istəyir. Bunun üçün də prosesə cəlb etmək istədiyi bütün ölkələrin digər əməkdaşlıq məkanları ilə bağlarını qırmaq, zəif salmaq taktikasına üstünlük verir. Azərbaycan və Türkiyə isə perspektivi bəlli olmayan, indiki halda daha çox təhlükə vəd edən bir məkana daxil olmaq istəməz”.
Politoloq Arzu Nağıyev də deyib ki, İstanbulda keçirilən görüşləri müsbət hal kimi qiymətləndirmək lazımdır: “Əsas məsələlərdən biri Azərbaycanın regionda mühüm bir tərəfdaş və oyunçu kimi qəbul edilməsidir. Eyni zamanda Rusiya və Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycanın rolu danılmazdır. Bundan başqa əsas məsələlərdən biri ”Türk axını” layihəsi ilə bağlıdır. Məlumdur ki, burada iki kəmərdən söhbət gedir. Biri Türkiyə və Rusiyaya aiddir, ikincisi isə Rusiya qazının Avropaya çatdırılması məsələsidir. Hər iki halda Azərbaycanın bu layihələrdə iştirakı qaçılmazdır. Gələcəkdə hətta Türkmənistan qazının da Azərbaycandan tranzit keçirməklə Avropaya çatdırılması mümkündür. Yəni Azərbaycanın istər Türkiyə, istərsə də Rusiya ilə münasibətləri müsbət məcrada inkişaf edə bilər və bu layihələrlə Avropanın enerji təhlükəsizliyi təmin edilə bilər. Digər tərəfdən, hər hansı bir siyasi maraqlardan doğan və Rusiyaya qarşı iqtisadi sanksiyalar baş verərsə, Azərbaycan layihədə aparıcı fiqur ola bilər. Düşünürəm ki, bunu Qərb də başa düşür və bu, heç də Qərbə qarşı hər hansı bir alyansın və ya ittifaqın yaranması demək deyil. Yəni söhbət əsasən iqtisadi maraqlardan gedir. Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulması məsələsi də inandırıcı görünmür. Çünki ilk növbədə Türkiyə NATO-nun üzvüdür və Qərblə qarşılıqlı öhdəlikləri mövcuddur. Azərbaycanın isə öz siyasi yolu var və bu balanslı bir siyasətdir”.
 
“Mən deməzdim ki, bu, Qərbə qarşı koalisiyadır. Əslində həmin layihələr demək olar ki, Qərb layihələridir, Qərbə istiqamətlənib. Ona görə də bunu ”anti-Qərb layihəsi” saymaq olmaz”. Bu fikirlər isə “Turan” agentliyinin direktoru Mehman Əliyevə məxsusdur. Ekspert “Yeni Müsavat”a onu da  bildirdi ki, “Türk axını”nı TANAP-a alternativ saymır. Onun sözlərinə görə, 2004-cü ildə Qərb tərəfindən qəbul olunmuş Enerji Xartiyasında ilk vəzifə və tələb qaz-neft kəmərləri ilə əlaqədar olub: “O zaman yalnız Rusiyadan köhnə sovet ”Drujba”sı gedirdi, başqa kəmərlər yox idi. Ondan sonra “Şimal dəhlizi” yaradıldı, Avropaya çıxdı. Ardınca Türkiyədən “Cənub dəhlizi” açıldı. Həmçinin Azərbaycandan Bakı-Ceyhan və Qars kəməri getdi. Bu istiqamətdə proses getdikcə genişlənir və inkişaf edir. Yəni Qərb istəyir kəmərlərin sayı çox olsun ki, sabah bir yerdə nə isə baş verəndə problem yaranmasın, Qərb iqtisadiyyatı əziyyət çəkməsin, qarantiyalı olsun. Digər tərəfdən, monopoliyanın ortadan qaldırılması məsələsi də var.  Monopoliya aradan götürüləndə qiymətlər də aşağı düşür”.
Ekspert Azərbaycan və Türkiyənin Avrasiya İttifaqına qoşulması perspektivini də şərh etdi: “Türkiyə və Azərbaycanın, o cümlədən Rusiyanın öz maraqları var. Bu maraqlar heç də həmişə üst-üstə düşmür. Əgər sabah Avrasiya platformasında iştirak olsa, bu, o demək deyil ki, iştirak nəyəsə alternativdir. Çünki alternativ olmağa onun potensialı yoxdur, çox zəifdir. Özü də bu gün Avrasiya layihəsinə iştirak edən ölkələrin hamısı böhran içindədir. Əslində Azərbaycan, Rusiya, digər ölkələr də getdikcə Qərb iqtisadiyyatına inteqrasiya olunacaqlar. Artıq proses gedir və bunun alternativi yoxdur”.
 
M.Əliyev güman etmir ki, Putin Bakı və Ankaranın bu birliyə qatılmasını istəyir: “Orda iştirak, sadəcə, iqtisadi maraqlar nöqteyi-nəzərdən ola bilər. Ondan o tərəfə heç nə ola bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31