“Ölüm”lə gələn rüzgar: son döyüş və BÖYÜK TƏHLÜKƏ

20.02.2017 - 13:27
 İslam Kərimovun ölümü ilə təkcə Özbəkistanda prezident dəyişikliyi olmadı. Bu ölüm Özbəkistanın timsalında Mərkəzi Asiyadakı siyasi vəziyyətə də öz təsirini göstərdi. Kərimova qədər Özbəkistan qonşuları ilə qarşıdurmaya gedir və daha çox təkbaşına hərəkət edirdisə, “ata özbəyin” “oğlu” regionda sürətlə “açılmağa” başladı. Yeni prezident Şövkət Mirziyoyevi Kərimovdan sonra “ölümlə gələn rüzgar” adlandırmaq olar.
Publika.az xəbər verir ki, Şövkət Mirziyoyev Kərimovun postunda əyləşən kimi qonşularla barışmaq xəttini seçdi, ölkənin xarici investorlar üçün cazibədar olması istiqamətində addımlar atdı, milli hərbi-sənaye kompleksinin yaradılmasına təşəbbüs göstərdi. Bir sözlə, Kərimovun təcridolunmuş Özbəkistanı Mərkəzi Asiyanın aparıcı ölkəsi olmağa iddia edən ölkəyə çevrilir.

Nazarbayevi “taxtdan” endirmək…

Hazırda Avrasiyanın, eləcə də dünyanın “ürəyi” hesab olunan Mərkəzi Asiyanın aparıcı dövləti Qazaxıstandır. Nursultan Nazarbayev siyasi manevrləri və ağılı ilə ölkəsini regionun əsas açarına çevirməyi bacarıb. Lakin 30 milyon əhalisi olan və regiondakı bütün ölkələrlə sərhəd xəttinə sahib olan Özbəkistan Qazaxıstanı “taxtdan” endirmək əzmində olan potensial rəqib hesab oluna bilər.

Şimali Koreya “təcrübəsindən” imtina

Özbəkistanın yeni təcriddən çıxma siyasəti fonunda yayılan bir informasiya diqqət çəkdi: Şövkət Mirziyoyevin hökuməti pasport-viza sistemini və ölkədən giriş-çıxış məsələsini təkmilləşdirməyi planlaşdırır. Həmçinin, Özbəkistan vətəndaşları üçün ən aktual olan ölkə daxilində bir yerdən başqa yerə getmək üçün lazım olan icazə ləğv olunur və bununla yanaşı, xarici səfər qadağası da aradan qalxır.

Qüvvədə olan qanunvericiliyə görə, Özbəkistan vətəndaşları vizanın verilməsi üçün illərlə gözləyirlər, xüsusilə məşhur jurnalistlər, mədəniyyət xadimləri, hüquq müdafiəçiləri bundan daha çox əziyyət çəkir.
Özbəkistanda xarici səfər hüququnu Şimali Koreya ilə müqayisə etmək mümkündür.

Yeni prezidentin addımı bununla yekunlaşmır. Mirziyoyev sahibkarlara dövlət mülkiyyətini özəlləşdirmək hüququ verən fərman imzaladı. Təbii ki, strateji obyektlər istisnadır. Özəlləşdirmədə biznes fəaliyyəti üçün müəyyən güzəştlər ediləcək. Bununla yanaşı, özəlləşdirmə prosesindəki bürokratiya minimuma endiriləcək.

Mirziyoyev Özbəkistanda korrupsiya ilə mübarizə üçün dövlət proqramını təsdiqlədi. Həmçinin, indiyə qədər Özbəkistan və Tacikistan arasında olan nəqliyyat probleminin həlli istiqamətində addımlar atılır. Belə ki, Türkmənistandan yan keçməklə Özbəkistandan birbaşa Tacikistana dəmiryolu xəttinin tikintisi məsələsi müzakirə olunur.

Mirziyoyevin milli hərbi-sənaye kompleksinin yaradılması təşəbbüsü isə ayrıca diqqət çəkir. Yeni prezident ordunun müasir silah və hərbi texnika ilə yenidən təchiz edilməsi haqda qərar qəbul edib. Hərbi təyinatlı məhsulun istehsalı üçün sənaye kompleksinin yaradılması, hərbi texnikanın təmiri və müasirləşdirilməsi ilə bağlı dördillik proqram hazırlanır.

Mərkəzi Asiyaya “ağalıq” etmək istəyi

Nə baş verir? Daşkənd tədricən regiona rəhbərlik etməyi hədəfləyirmi? Ona qarşı kim çıxa bilər, yaxud eyni səfdə hərəkət edər? Bu suallar Mərkəzi Asiyanın spesifik və böyük dövləti olan Özbəkistan üçün aktualdır. Çünki yüksək terror fəallığı ilə seçilən ərazilərlə həmsədr olan Özbəkistan təkcə regionda yox, həm də qlobal təhlükəsizlikdə də mühüm ölkədir. Böyük oyunçular həm də məhz buna görə Özbəkistan uğrunda mübarizə aparırlar.

Ölkənin yeni rəhbərliyi bu addımlarla yəqin ki, hər şeydən öncə illərdir qorxu içində yaşayan əhalinin simpatiyasını qazanmağa çalışır. Digər tərəfdən, Daşkənd güclənərək Mərkəzi Asiyada əsas oyunçu olmağı planlaşdırır. Bu kontekstdə onun əsas rəqibi Qazaxıstan hesab oluna bilər.
Lakin Daşkəndin Astanaya qarşı Kərimovun “vəsiyyətinə” uyğun hərəkət edəcəyi ehtimalı daha böyükdür. 2013-cü ildə Daşkənd və Astana strateji əməkdaşlıq haqqında müqavilə imzaladılar. Bu baxımdan, Mirziyoyev liderlik ambisiyalarını irəli sürsə də, onun Qazaxıstana qarşı Kərimovun siyasətini davam etdirəcəyi gözlənilir.

İki yol var: ya lider olmaq, ya da Asiyanı terrora qurban vermək

Burada təkcə Qazaxıstanın Özbəkistan üçün böyük rəqib olması faktoru rol oynamır. Ehtimallara görə, Mirziyoyev Astana ilə daha sıx əlaqələrə təşəbbüs göstərəcək. Çünki Mərkəzi Asiyanın bu iki ölkəsinin birgə hərəkət etməsi regionun xarici təsirlərdən qorunmasında mühüm rol oynaya bilər. Yəni Qazaxıstanla əməkdaşlıq Özbəkistan üçün çox sərfəlidir, nəinki rəqabət aparmaq.

Özbəkistan kifayət qədər zəngin ölkə hesab olunur: təbii resursları var, xarici investisiyalar üçün cəlbedicidir, əlverişli biznes iqlimi mövcuddur, valyuta bazarı liberallaşdırılır, xüsusi mülkiyyətin toxunulmazlığı təmin edilir və s. Daşkənddə yeni rəhbərlik bunu anlayır. Əgər Mirziyoyev islahatları əməldə yerinə yetirərsə, güman ki, Özbəkistan Mərkəzi Asiyada Qazaxıstanla birgə əsas lider olacaq. Yox, əgər bu, sadəcə ambisiya olaraq qalacaqsa, nəinki Özbəkistanın, ümumilikdə Mərkəzi Asiyanın gələcəyinə ciddi təhlükə yarana bilər. Çünki zəif Özbəkistan terrorçuların bölgəyə ayaq açmasına şərait yarada bilər.

Asif

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930