İşğalçının təhrikçi davranışının arxasındakı “Rusiya izi”

25.02.2017 - 09:32

Xocalı soyqırımına, Qarabağın işğalına ermənilərlə birgə həmmüəlliflik etmiş Rusiya Ermənistanı növbəti təxribata çəkə bilərmi? Politoloq: “İşğalçı ordu bu dəfə diz çökəcək…”

Sabah Xocalı soyqırımının növbəti, 25-ci ildönümü qeyd ediləcək. Erməni hərbi caniləri və işğalçı qüvvələrini Rusiyanın 366-cı alayının birbaşa köməyi, daha dəqiqi, Moskvanın həmmüəllifliyi ilə törətdikləri bu qanlı faciə, kütləvi qətliam aktı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Bəşəriyyət əleyhinə törədilmiş bu misilsiz qəddarlıq və vəhşilik aktı şübhəsiz ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindəndir.
Yada salaq ki, erməni vəhşiləri Xocalı soyqırımı Sumqayıt hadisələrinin ildönümü ərəfəsində məqsədli şəkildə törətmişdilər. Bununla onlar həm qisas almaq, həm də Azərbaycan xalqında, xüsusən də Qarabağ bölgəsində yaşayan yerli azərbaycanlı əhalidə xof yaradıb onu öz yurd yerlərindən daha sürətli didərgin salmaq niyyəti güdürdülər.
Xocalı soyqırımının fevrala təsadüf eləməsinin başqa bir motivi isə Dağlıq Qarabağda Azərbaycan əleyhinə separatçı hərəkatın da 1988-ci ilin fevralında başlaması ilə bağlı idi. Yəni, düşmən bununla bədnam ildönüm ərəfəsində daha bir “hərbi uğur” əldə eləməyi hədəfləmişdi. Lakin Azərbaycana qarşı 29 ildir davam edən bu dağıdıcı separatçılıq və işğalçılıq siyasəti ilk növbədə erməni xalqının özünə böyük məhrumiyyətlər bəxş edib, on minlərlə erməni mənasız torpaq iddiasının, “miatsum” adlı sərsəm ideyanın qurbanı olub.
Ermənilərin itkiləri indi də davam edir və problem ədalətli həllini tapmayınca şəkk-şübhəsiz, davam edəcək – həm də daha böyük miqyasda. Söhbət təkcə canlı itkilərdən getmir. Məsələ ondadır ki, ərazi bütövlüyümüzü tanımaqdan imtina edən Ermənistan üçüncü on ildir ki, haqq etdiyi izolyasiya şəraitindədir, iqtisadiyyatı dərin böhran keçirir. Hər il daha çox sayda əmək qabiliyyətli erməni ölkəsini birdəfəlik tərk edərək, Rusiyaya, başqa MDB ölkələrinə Türkiyəyə, Avropaya üz tutur. Rusiyanın marioneti olan, dənizlərə çıxışdan məhrum bir ölkədə üstəlik, korrupsiya ildən-ilə çiçəklənməkdədir. İşğalçı Ermənistan artıq ciddi şəkildə orduya çağırışçı problemi də yaşayır.
Aydındır ki, kriminal Sərkisyan rejimi Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmayınca sadalanan neqativ proseslər getdikcə güclənəcək. Təsadüfi deyil ki, Serj Sərkisyanən hakimiyyəti dövründə ölkədən rekorda sayda erməni emiqrasiya edib. Şübhə yox ki, Azərbaycan bu proseslərə daim məxsusi təkan verib və verəcək.
Yeri gəlmişkən, aprel döyüşlərinin bir mühüm əhəmiyyəti də 4 günlük müharibənin eyforiya vəziyyətində olan erməni cəmiyyəti və özündənrazı erməni siyasi isteblişmentini silkələməsi oldu. Erməni toplumu belə bir dəqiq və ciddi siqnal aldı ki, Qarabağ müharibəsi heç də bitməyib və ərazilər qanuni sahibinə qaytarılmayınca Ermənistanda əmin-amanlıq, sakitlik və iqtisadi tərəqqi olmayacaq, erməni xalqı da heç vaxt rifaha və inkişafa ümid edə bilməyəcək.

Related image
Çünki cırtdan ölkənin tərəqqisi ortaq quru sərhədə malik olmadığı Rusiyanın marioneti olmaqda yox, ilk növbədə qonşu ölkələrlə – Azərbaycanla, Gürcüstanla, Türkiyə ilə dinc-yanaşı, əmin-amanlıqda yaşamasındadır. Erməni tərəfi boynuna alsa da, almasa da, acı həqiqət belədir ki, Ermənistanın inkişafı və tərəqqisi məxsusən Azərbaycanla birgə olmaqdadır. İşğalçı bu sərt reallığı nə qədər tez dərk eləsə, bir o qədər onun özü üçün, erməni xalqı üçün yaxşı olar.
***
Əfsus ki, nə Ermənistanın siyasi isteblişmenti, nə də bütövlükdə erməni toplumu bu acı gerçəyi qəbul eləməyə hazır görünmür. Daha çox da rəsmi İrəvan tam yanlış olaraq güman edir ki, Ermənistanın və erməni xalqının təhlükəsizliyi yalnızca Rusiya imperiyası ilə hərbi ittifaqda mümkündür. Lakin ötən 29 ilin acı təcrübəsi göstərdi ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və bu münaqişə ona sırf regiondakı geosiyasi maraqlarını qorumaqdan ötrü gərəkdir.
Bu fonda düşmən tərəfin Rusiyadan aldığı bir komplekt “İsgəndər” raket kompleksindən dolayı öyünməsi gülünc görünür. Eləcə də ermənilərin rusların köməyi ilə Azərbaycandan aprelin qisasını almaq yanğısı absurd və təhlükəlidir – ən əvvəl də özləri üçün.
“Ermənilər elə güman edirlər ki, rusların müəyyən təlimat və taktiki hazırlıqlarının köməyi ilə aprel savaşının qisasını ala, hətta Azərbaycanın geriyə qaytardığı torpaqlar məsələsində “uğurlar” əldə edə bilərlər”. Bunu axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqa görə, Ermənistan bölgədə vəziyyəti məhz buna gərginləşdirir: “Bu, təkcə ermənilərin arzusu deyil, onları müdafiə edən müəyyən güc mərkəzlərinin də buna bənzər niyyətləri var. Vigen Sərkisyanın “İsgəndər” açıqlaması Azərbaycana qarşı şantaj və psixoloji təzyiq xarakteri daşıyır. Cəbhədə vəziyyətin gərgin olduğunu söyləyə bilərik. Bunun əsas səbəbkarı isə Ermənistandır. Ermənilər hazırda olduqca təhrikçi mövqedədirlər. Bütün bu addımlar Azərbaycan ordusunu cavab vermək məcburiyyəti qarşısında qoya bilər. Cəbhədə hər an lokal xarakterli toqquşma baş verə bilər”.
Bununla belə, politoloq hesab edir ki, separatçıların keçirdiyi qeyri-qanuni referenduma və Rusiyanın mövqeyinə baxmayaraq, proseslər Azərbaycanın xeyrinə inkişaf edir: “Hazırkı geosiyasi şərait də bunu deməyə əsas verir. Çünki bölgədə başlayacaq yeni müharibə Moskvaya sərf etmir. İrəvan hələ də başa düşmür ki, toqquşmalar başlasa, Ermənistan ordusu bu dəfə diz çökəcək və Dağlıq Qarabağın daha böyük hissəsi azad ediləcək”.

Image result for Kreml
***
Əlbəttə ki, Azərbaycan Qarabağ ixtilafının dinc yolla həllini istəyir. Biz heç erməni gənclərinin də ölümünü arzulamırıq. Normalda müharibəni heç kəs arzulamaz. Ancaq nə edəsən ki, işğalçı Ermənistanda hakimiyyəti 19 ildir qəsb eləmiş və öz xalqını faktiki, girov saxlayan “Qarabağ klanı”, kriminal Sərkisyan rejimi özünün radikal və absurd mövqeyi ilə nəinki Azərbaycana, heç erməni xalqına da seçim saxlamayıb.
Ən betəri odur ki, İrəvan Moskvanın əlində alət olduğunun fərqinə varmaq istəmir. Bu isə ilk növbədə erməni toplumuna yeni və daha böyük fəlakətlər vəd edir. Çünki Rusiya ilə ittifaqda hələ heç bir xalq xoşbəxt, ölkə isə azad və müstəqil ola bilməyib. Erməni xalqı və Ermənistan da olmayacaq…
Müdafiə naziri Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq edib
Azərbaycan Müdafiə Nazirliyi nazir Zakir Həsənovun və Baş Qərargah rəisi Nəcməddn Sadıqovun təmas xəttində sürətlə artan eskalasiya ilə bağlı cəbhə bölgəsinə srağagün başlayan səfəri ilə bağlı yeni məlumat yayıb.
Musavat.com nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, məlumata əsasən Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.
“Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib. Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib”, – deyə məlumatda bildirilir.
Nazirlik onu da bildirir ki, işğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.
Siyasət şöbəsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930