Moskvada kritik müzakirə – İran Qarabağ oyununa girir

28.03.2017 - 09:08

Tehran və Kreml Minsk formatına düzəliş edir?; Ruhani təzə ildə ilk xarici səfərini Rusiyaya elədi – əsas hədəf; Şuşa məscidində qanunsuz qazıntı işlərində İran izi – təsadüfmü?; “Tehranla Bakı arasında konfrontasiyanı əngəlləyən tək amil odur ki…”
İran-Azərbaycan əlaqələrinin dünyada yəqin ki, analoqu yoxdur. Bu əlaqələrə məxsusi çalar verən isə əlbəttə ki, İran adlı dövlətdə tarixən də, indi də Azərbaycan toponiminin, Azərbaycan subyektinin mövcudluğudur. Güney Azərbaycan amilinin varlığı, Güneyin 35-40 milyonluq toplumudur.
Sirr deyil ki, ən əvvəl bu faktor Azərbaycan müstəqillik qazanandan bəri ikitərəfli münasibətlərin təməlində, ardınca isə cənub qonşumuzun Qarabağ konfliktinə və erməni işğalına yanaşmasında həlledici rol oynayıb və oynayır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ölkələrin sırasında İran 8-ci olub.
İran rəsmiləri bunu açıq bildirməsə belə, Azərbaycan və İran prezidentləri vaxtaşırı qarşılıqlı səfərlər edib dostluq və qardaşlıq haqda bəyanatlar versələr də, o da faktdır ki, Tehran sadalanan səbəblərdən Azərbaycan dövlətinin varlığını hələ də həzm edə bilmir – şimal qonşumuz Rusiya kimi.

Image result for Kreml
Yəni bu nöqtədə Moskva və Tehranın mövqeləri tam üst-üstə düşür – İranda kimin prezident seçilməsindən asılı olmayaraq. Yeri gəlmişkən, bu ilin yayında İran növbəti prezident seçkilərinə gedəcək. İndiki prezident Həsən Ruhaninin hüququ və şansı var ki, öz postunda daha 4 il qalsın.
*****
Maraqlıdır k, seçki ilində, eyni zamanda həm də seçki ərəfəsində H.Ruhani xaricə ilk rəsmi səfərini Rusiyaya edib. Dünən başlayan iki günlük səfər zamanı onun baş nazir Dmitri Medvedyev və rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. Bu gün o, Putinlə bir araya gələcək.Səfər çərçivəsində iki tərəf arasında vizasız rejim, ticari əlaqələr, strateji və hərbi-texniki əməkdaşlıq məsələləri ilə yanaşı, Güney Qafqazdakı situasiyanın da müzakirə olunacağı gözlənilir. Söhbət təbii ki, həm də Dağlıq Qarabağ ixtilafından gedəcək.


Ermənistanın “EADaily” nəşrinin bu xüsusda dərc etdiyi şərhdə bəzi maraqlı məqamlar yer alıb. Musavat.com-un məlumatına görə, nəşr yazır: “Görüş zamanı son illər xüsusi aktuallıq qazanmış Dağlıq Qarabağ mövzusunun qaldırılması xeyli maraqlı görünür. Etiraf eləmək lazımdır ki, Qarabağa dair ATƏT-in Minsk Qrupunun iştirakı ilə mövcud olan və problemin həllinə qadir olmayan nizamlama formatı heç vaxt Tehranı qane etməyib. Çünki bu format regional dövlət kimi İranın rolunu nəzərə almır. Bununla belə, Tehran Azərbaycanın müttəfiq-tərəfdarı, konfliktdə öz marağı olan Türkiyənin həll prosesinə qoşulmasına da hər vəchlə müqavimət göstərib. İstənilən halda, Moskvada Qarabağa dair Rusiya-İran danışıqlarının perspektivi İran-Azərbaycan münasibətlərindəki gərginlik, həmçinin Tehranla Kremlin Suriyada ümumi uğurları fonunda daha çox diqqət çəkir”.
Lakin nəşr Tehran-Bakı əlaqələrində nə qədər inamsızlıq atmosferi olsa belə, iki tərıfi bir-birinə yaxınlaşdıran qarşılıqlı iqtisadi maraqları ciddiyə almağı zəruri sayır: “İqtisadiyyat mahiyyət etibarilə yeganə səbəbdir ki, Tehranla Bakı arasında konfrontasiyanın inkişafını əngəlləyir. Tərəflər dəmiryolunun açılışına hazırlaşır – hansı ki, İranla Rusiyanı Azərbaycan vasitəsilə birləşdirəcək. İki ölkə arasında biznesin başqa sferalarında da fəal əməkdaşlıq var”.
Sadalanan gerçəklikər fonunda “EAdeily” Moskvada İran və Rusiya prezidentləri səviyyəsində Qarabağ mövzusuna toxunulacağı təqdirdə söhbətin mürəkkəb olacağını ehtimal edir. “Hərçənd, Azərbaycana və Ermənistana münasibətdə Tehran və Kremlin mövqeləri xeyli dərəcədə oxşardır: Azərbaycan hələ ki onlardan ötrü iqtisadi cəhətdən maraq kəsb edirsə, Ermənistan – strateji əhəmiyyət daşıyır. Qarabağla bağlı belə bir qeyri-adi müzakirə formatı ola bilsin, yeni yollar və yanaşmaları ortaya qoysun. İranla Rusiya artıq Suriya konfliktinin nizamlanmasında bütövlükdə uğurlu hərbi-siyasi əməkdaşlığa malikdir. Odur ki, iki böyük dövlətin onlardan ötrü aktuallıq kəsb edən digər geosiyasi problemlərlə bağa birgə çalışması məntiqlidir”.


*****
Erməni nəşrinin Qarabağ məsələsinin həllində İranın rolunu qabartması da öz növbəsində məntiqli və maraqlı görünür. Çünki işğalçı Ermənistan Türkiyənin deyil, məhz İran kimi özünə loyal və tərəfdaş ölkələrin vasitəçi qismində çoxluq təşkil eləməsinə çalışır. İranın necə bir vasitəçi olduğu isə Şuşanın işğalı yaxşı xatırladır.
Bu da növbəti fakt. Dünən məlumat yayılıb ki, erməni tərəfi işğal altındakı Şuşa şəhərinin Yuxarı Məscidində (Gövhər ağa cümə məscidində) qazıntı və təmizləmə işlərinə başlayıb. APA-nın armenpress.am-a istinadən verdiyi xəbərə görə, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu” aparır. “Tarixi mühitin qorunması xidməti” adlı dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək. “Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, – deyə o bildirib.
“Eadeily” isə bildirir ki, qazıntı və rekonstruksiya işləri keçən ilin payızında Dağlıq Qarabağdakı separatçı rejimin “iqtisadiyyat nazirliyi” ilə İranın özəl şirkətlərindən olan “Pat Saman Jahan Co” arasında əldə olunmuş anlaşma əsasında aparılır. Belədirsə, üstəlik, anlaşmaya rəsmi Tehran indiyədək heç bir irad bildirməyibsə, o zaman bu, İranın müsəlman ərazilərinin işğal altında qalmasına ikili münasibətinin, ermənilərə gizli simpatiyasının növbəti təzahürü sayıla bilər.
*****
Sonda bunu da əlavə edək ki, İranla Rusiyanın Azərbaycan və Ermənistana, Qarabağa yanaşması nə qədər üst-üstə düşsə də, əslində Moskva Tehranın vasitəçiliyinə həmişə qısqanclıqla yanaşıb. Çünki Rusiya cənub qonşumuzu regionda özünün əsas geosiyasi rəqiblərindən biri hesab edib və edir.
Yəni İran ciddi şəkildə istəsə belə, Qarabağ formatına öz xeyrinə mühüm dəyişiklik eləmək imkanında deyil. Biz hələ Qərb (ABŞ) amilini demirik. Tehan Qarabağ oyununa girə bilər, ancaq bundan ötrü öncəliklə Ermənistanın yiyəsi – rusun “dobro” verməsi lazımdır. Kreml bunu verəcəkmi?
Siyasət şöbəsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930