Rusiyada başlayan siyasi hərəkətlənmə ətraf ölkələrə keçə bilərmi…

28.03.2017 - 09:27

Bəxtiyar Sadıqov: “Rusiyada olan problemlərin bizə dəxli yoxdur”; Sərdar Cəlaloğlu: “Orada müşahidə edilən çaxnaşmalar ilkin qığılcımlardır, böyüdükcə ətrafa da keçəcək”
Moskva daxil olmaqla, Rusiyanın bir çox şəhərlərində eyni vaxtda keçirilən antikorrupsiya mitinqləri polis tərəfindən dağıdılıb. Rusiya KİV-nin xəbərinə görə, 82 şəhərdə keçirilən aksiyalar zamanı 1500-dən artıq insan saxlanılıb. Korrupsiya Əleyhinə Fondun təşkil etdiyi aksiyaların ən izdihamlısı Moskvada və Sankt-Peterburqda baş tutub.
Moskvanın Puşkin meydanında və Tveskaya küçəsində baş tutan mitinqlərdə 30 min insanın iştirak etdiyi bildirilir. Saxlanılanlar arasında aksiyanın təşkilatçısı Aleksey Navalnı da var. Onun gecəni Moskvadakı polis şöbələrindən birində keçirəcəyi bildirilir. Bundan başqa, Korrupsiya Əleyhinə Fondun bütün üzvləri də həbs olunanlar arasındadır. Ümumilikdə, Moskvada 860-dan çox insan saxlanılıb. Sankt-Peterburqdakı aksiyaya isə 10 mindən artıq insanın qoşulduğu, onlardan 130 nəfərin həbs olunduğu xəbər verilir. Paralel olaraq, Yekaterinburq, Novosibirsk, Çelyabinsk, Perm və s. şəhərlərdə aksiyalar baş tutub. Mahaçqaladakı aksiyada 150, Krasnodarda 100 və Vladivostokda isə 80 nəfərin saxlanıldığı bildirilir. Aksiyalar baş nazir Dmitri Medvedyevin qanunsuz mülkləri ilə bağlı rezonanslı araşdırmanın ardınca təşkil olunmuşdu.
Rusiyadakı hadisələr son bir neçə gündə dünyanın diqqət mərkəzindədir.
Avropa İttifaqı Rusiyanı bazar günü ölkə miqyasında keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan bütün şəxsləri azad etməyə çağırıb. Aİ Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyib. Bəyanatda bildirilir ki, Rusiya polisi aksiya zamanı Rusiya Federasiyası Konstitusiyasında təsbit olunmuş əsas hüquqların icrasına maneçilik törədib.
Müstəqil siyasi ekspert Şahin Cəfərli bildirib ki, Aleksey Navalnının sosial media vasitəsilə Sibir və Uzaq Şərq də daxil olmaqla, ölkə miqyasında təşkil etdiyi etiraz aksiyaları göstərir ki, Rusiyada protest potensialı var. Eyni zamanda məlum olur ki, Rusiyada müəyyən passionar təbəqə də mövcuddur və onlar ölkənin uçuruma sürükləndiyini görərək etiraz etməyə çalışırlar: “Putinin bir müddət əvvəl Milli Qvardiya yaradaraq şəxsən özünə tabe etdirməsinin səbəbləri indi daha yaxşı anlaşılır. Düzdür, etirazlar hələ ki kritik və rejimi təhdid edəcək həddə deyil, amma iqtisadi böhran dərinləşdikcə, etirazlar da buna paralel artacaq. İqtisadi gücü olmayan, texnoloji inkişafda ciddi şəkildə geri qalan Putin Rusiyasının bu gün qlobal liderliyə iddia etməsi absurd və gülüncdür. Sırf hərbi gücün və kəşfiyyatın vasitəsilə uzun müddət ayaqda qalmaq mümkün deyil”.
Bəs Rusiyada baş verən hərəkələnmənin digər MDB dövlətlərinə, o cümlədən Azərbaycana da hansısa şəkildə təsiri ola bilərmi? Hakimiyyətin önləyici tədbirlər görməsinə ehtiyac varmı?
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Bəxtiyar Sadıqov bildirdi ki, Rusiyadakı etirazçıların sayının çox az olduğu müşahidə edilir: “Yəni Rusiya kimi 170 milyonluq əhalisi olan nəhəng dövlətdə çox az sayda müxalifətçinin meydanda olması o deməkdir ki, etirazlar ümumi əhval-ruhiyyənin göstəricisi deyil. Ona görə də hesab edirəm ki, Rusiyadakı etirazlar genişlənməyəcək. O biri tərəfdən isə Rusiyada müxalifətin kütləvi aksiyalarının Azərbaycana təsirinin olacağı da mümkün deyil. Biz vaxtilə SSRİ tərkibində olmuşuq və bir mərkəzdən idarəçilik olub. Ona görə də bizim bütün problemlər eyni idi. İndi isə Azərbaycan müstəqil dövlətdir, özünün müstəqil siyasəti var. Bu gün qlobal iqtisadi böhranın yaratdığı çətinliklər Rusiya və Azərbaycanda eyni deyil. Biz bu çətinlikləri görürük, anlayırıq. Azərbaycan iqtidarı da o çətinliklərin təsirini zəiflətmək üçün zəruri olan bütün addımları atır, xalq da bunu görür, dəstəkləyir. Ona görə də Rusiyada olan problemlərin bizə dəxli yoxdur. Bizdəki çətinliklər müvəqqətidir. Azərbaycan iqtidarı ilə Rusiya iqtidarı arasında əməkdaşlıq olsa da biz ayrı-ayrı dövlətlərik və problemlərimiz eyni problemlər deyil. Azərbaycan müxalifəti ilə Rusiya müxalifəti arasında da heç bir əlaqə yoxdur. Narahat olmağa əsas yoxdur. Azərbaycan iqtidarı problemləri aradan qaldırmaq üçün zəruri addımlar atır”.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Rusiyada başlanan xalq etirazlarının Azərbaycana və digər postsovet respublikalarına təsiri olacaq: “Bu, məntiqi və tarixi qanunauyğunluqdur. Son yüz ildə Rusiyada nə zaman siyasi hərəkətlənmələr, inqilablar baş veribsə, onun Azərbaycan və digər keçmiş SSRİ respublikalarına təsiri olub. Rusiya ilə burada siyasi nəbz demək olar ki, eynidir. Keçmiş SSRİ məkanında totalitar cəmiyyətlərin formalaşmasında tənəzzül dövrü özünün zirvəsinə çatıb. İndi həmin nöqtədən tərəqqiyə doğru proses başlayacaq. Təbii ki, bu proses yenə də Rusiyadan başlamalıdır. Postsovet respublikalarında rejimlərin mövcud olması Rusiyadakı siyasətin kopyasıdır. Rusiyada 170 milyona yaxın insan bir qrup adam tərəfindən istismar olunur, zəngin bir ölkədə insanlar dilənçi səviyyəsində yaşayır, amma çox çətin ayağa qalxırlar və üsyan edirlər. Lakin ayağa qalxanda qarşısında heç kim dayana bilmir. Yəni ruslar həmişə islahatlar yolu ilə yox, üsyanlarla dəyişiklik edirlər. Böyük oktyabr sosialist inqilabının Rusiyada baş verməsi, SSRİ-nin dağılması ilə bağlı baş verən hadisələr də göstərir ki, Rusiya siyasi məkanında islahatlarla dəyişiklik mümkün deyil, burada hadisələr yalnız inqilablar yolu gedir. İndi də Rusiyada müşahidə edilən çaxnaşmalar ilkin qığılcımlardır. Getdikcə Rusiya böyük inqilaba doğru irəliləyir. Rusiya hakimiyyətinin silahlanmaya, öz sərhədlərindən kənara müdaxilə eləməsi SSRİ dağılarkən SSRİ hakimiyyətinin davranışlarının kopyasıdır. SSRİ Əfqanıstana girəndən 10 il sonra dağıldı. İndi də neçə ildir Rusiya Suriyaya girib, ölkənin iqtisadi resursları silahlanmaya yönəldilib.
Son günlərdə müşahidə olunan etiraz aksiyaları genişlənəndə qısa müddətdə Rusiyada mərkəzdənqaçma meyllərinin baş qaldırması ilə müşayiət olunacaq. Hakimiyyətin də bunun qarşısını almağa gücü çatmayacaq. Diktatorlar o vaxta qədər xalqı idarə eləyə bilirlər ki, xalq susur. Tarix göstərir ki, xalq ayağa qalxanda heç bir diktator xalqı idarə edə bilmir”.
ADP sədri vurğuladı ki, Rusiyada dəyişikliklər, siyasi hərəkətlənmə sürətlənəcəyi halda keçmiş SSRİ respublikalarında, həmçinin Azərbaycanda da buna uyğun siyasi fəallaşma baş verəcək. Rusiyada inqilab baş verəndə isə həmin gün bütün postsovet respublikalarında xalqlar ayağa qalxacaq: “Postsovet respublikalarında rejimlərin arxasında Kreml dayanır. Odur ki, Rusiyada rejim dəyişən kimi avtomatik olaraq bütün ətraf respublikalara təsiri olacaq”.
Azərbaycan müxalifətinin belə bir dövrə hazırlaşmasına və Rusiyadakı hadisələrdən ilhamlanıb hərəkətlənməsinə gəlincə, S.Cəlaloğlu dedi ki, xüsusi hazırlığa və hərəkətlənməyə ehtiyac yoxdur: “Müxalifət olaraq biz dəyişikliklər üçün varıq. Resurslarımız ki, var məhduddur, hakimiyyət də özünü həddən artıq güclü hesab edir. Ancaq Rusiyada hakimiyyət dəyişəndə biz elə indiki hazırlıq səviyyəmizlə də Azərbaycanda siyasi dəyişilmələrə nail olacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930