GUAM-ın iki mühüm qərarı və Rəsi-Zadə sammitə niyə getmədi?

29.03.2017 - 08:54

Elxan Şahinoğlu: “Rəsmi Bakı Moskvanı qıcıqlandırmamaq üçün…”

Martın 26 və 27-də Ukraynanın paytaxtı Kiyevdə GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) ölkələrinin hökumət başçılarının sammiti keçirilib. “Turan” xəbər verir ki, sammitdə Ukraynanı hökumət başçısı Vladimir Qroysman, Gürcüstanı baş nazir Giorgi Kvirikaşvilinin, Moldovanı baş nazir Pavel Filip, Azərbaycan isə baş nazirin müavini İsmət Abbasov təmsil edib.

Sammitin əsas müzakirə mövzuları qurum çərçivəsində əməkdaşlığın daha səmərəli fazaya keçirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi olub. Sammitin yekununda GUAM ölkələrinin Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlinib.
Sammitin yekunu olaraq üzv ölkələr birgə bəyanatla da çıxış ediblər. Bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib.
GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edib, bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına mane olduğunu vurğulayıb.
Son illərdə fəaliyyətində passivlik müşahidə olunan GUAM-ın sammiti bir sıra müzakirələrə yol açıb. Dörd üzv ölkə arasındakı əməkdaşlığın genişləndirilməsinin Rusiya tərəfindən qısqanclıqla qarşılanacağı, Kremlin əməkdaşlığa mane olmaq üçün “kartlarını” işə salacağı qeyd olunur.
Qeyd edək ki, GUAM sammitində Azərbaycanı baş nazir Artur Rasi-zadə deyil, onun müavininin təmsil etməsi bəzi suallar yaradıb.
Politoloq Elxan Şahinoğlu sammitin ən çox iki qərarla yadda qaldığını düşünür: “Martın 27-də Kiyevdə GUAM-a üzv ölkələrin baş nazirlərinin görüşü o mənada vacib idi ki, təşkilat son illərdə passivləşmişdi. Əslində bu toplantı 2016-cı ilin noyabr ayında keçirilməli idi. Ancaq o zaman tərəflərdən bir neçəsi görüşdə müzakirə ediləcək məsələləri qəbul etməyə hazır deyildilər. Ona görə də müzakirəyə çıxarılacaq mövzular son 3 ayda bürokratlar səviyyəsində müzakirə olundu. 27 mart Kiyev toplantısı iki qərarla yadda qaldı. Birinci qərara görə üzv dövlətlər arasında Azad Ticarət Zonasının yaradılması razılaşdırılıb. İkinci qərara görə isə üzv dövlətlərin ərazilərindən mal və nəqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi müəyyən edilib. Bu iki qərarın qəbul edilməsində hər bir üzv dövlətin marağı var, ancaq ən çox Ukrayna bu məsələlərin həllində maraqlıdır. Çünki Ukrayna Rusiyanın mühasirəsindədir, mal və yüklərini Rusiya ərazisindən Çin və Mərkəzi Asiya bazarına çatdıra bilmir. Belə bir şəraiti Ukraynaya Gürcüstan və Azərbaycan yaradır. Ukrayna Qara dənizin üzərindən mal və yüklərini əvvəlcə Azərbaycana, buradan isə Xəzərlə Şərq ölkələrinə çatdıra bilir. Təsadüfi deyil ki, Ukraynanın baş naziri Vladimir Qrosyman Kiyevdəki görüşdə deyib ki, ölkəsi ”İpək yolu” və Transxəzər nəqliyyat marşrutlarına böyük ümid bəsləyir. Məsələn, Ukrayna əgər bir neçə il əvvəl bu marşrutlarla cəmi 400 vaqon mal göndərmişdisə, ötən il bu rəqəm 3 min vaqona qədər artdı. Ukrayna bu rəqəmi daha da artırmaq istəyir. Ancaq bunun üçün Kiyevdə razılaşdırılan qərarları yerinə yetirmək lazımdır. Çünki GUAM çərçivəsində bəzən razılaşdırılan sənədlər kağız üzərində qalır. Üzv dövlətlərin ərazilərindən mal və nəqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi 4 ölkə arasındakı ticarət əməkdaşlığını daha da genişləndirəcək. Kiyevdəki görüşdə o da razılaşdırıldı ki, GUAM ABŞ və Yaponiya ilə əməkdaşlıq proqramlarını sürətləndirməlidir. Məsələ burasındadır ki, GUAM ölkələrinin Yaponiya ilə əməkdaşlıq proqramı var, sadəcə onu reallaşdırmaq lazımdır, ABŞ-la isə belə bir proqram hazırlamasına ehtiyac var. Tokio və Vaşinqton GUAM-a üzv dövlətlərin hər biri ilə bu və ya digər dərəcədə əməkdaşlıq edir.

Ancaq GUAM-la əməkdaşlıq Tokioya və Vaşinqtona imkan verir ki, əməkdaşlıq imkanlarını regional müstəviyə keçirsin. GUAM üçün bir başqa istiqamət Vışeqrad dördlüyü ilə (Polşa, Slovakiya, Macarıstan və Çexiya) əlaqələri inkişaf etdirməkdir. Kiyevdə bu əməkdaşlığın perspektivli olduğu vurğulandı. Kiyevdə qəbul olunan bəyanatda dövlətlərin ərazisinin güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlət tərəfindən ələ keçirilməsi də pislənildi. Bəyanatda belə bir cümlə yer aldı: “Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik”. Bu bəyanat hər 4 dövlət üçün əhəmiyyətlidir. Çünki 4 dövlətin hər birinin ərazisində separatçı bölgə(lər) var və separatçı bölgələri kənar dövlətlər dəstəkləyirlər. Söhbət iki dövlətdən gedir: Rusiya və Ermənistan”.
Politoloq Rusiyanın GUAM siyasətinə də toxundu: “Rusiya illərdir GUAM-ı özünə qarşı təşkilat kimi qiymətləndirir. Moskva GUAM-ı Qərbin layihəsi adlandırır. Bəlkə də 1997-cı illərdə yaranan GUAM-ın əsas məqsədi Rusiyaya qarşı birgə müqavimətin təşkili idi. Ancaq indi GUAM-ın belə bir məqsədi yoxdur. GUAM hərbi və ya siyasi blok deyil. GUAM-ın hazırkı məqsədi üzv dövlətlər arasında iqtisadi və ticarət əməkdaşlığını genişləndirməkdir. Rəsmi Bakı Moskva ilə normal münasibətlərini davam etdirir. Buna baxmayaraq, rəsmi Bakı GUAM-dakı fəaliyyətini də azaltmır. GUAM-ın hazırkı baş katibi də azərbaycanlı diplomatdır. Digər tərəfdən, Kiyevdə nəqliyyat mövzuları müzakirə olundu ki, rəsmi Bakı bunda maraqlı idi. Çünki rəsmi Bakı Azərbaycanı bölgənin nəqliyyat mərkəzinə çevirmək istəyir. Bu mənada rəsmi Bakı daha çox dövlətin Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməsində maraqlıdır. GUAM çərçivəsində formalaşacaq azad iqtisadi zona da Azərbaycanın maraqlarına cavab verir. Çünki rəsmi Bakı neft və qaz gəlirlərinin azalmasından çıxış edərək qeyri-neft sektorunu inkişaf etdirmək və xarici bazara çoxlu mal çıxarmaq istəyir. GUAM Azərbaycan üçün münbit bazara çevrilə bilər”.
E.Şahinoğlu A.Rasi-zadənin sammitdə iştirak etməməsi ilə bağlı gəldiyi qənaətləri bu cür bölüşdü: “Sammitdə Artur Rasi-zadənin iştirak etməməsi müəyyən suallar yaratdı. Belə fikirlər səsləndi ki, rəsmi Bakı Moskvanı qıcıqlandırmamaq üçün Kiyevə baş naziri göndərmədi. Ancaq bu az ehtimal olunur. Çünki rəsmi Bakı Kiyevdə səslənən bütün təkliflərə razılığını verib və bu təkliflərin reallaşması Azərbaycanın da xeyrinədir. Artur Rasi-zadənin Kiyev toplantısında iştirak etməməsi onun sağlığı ilə əlaqəli ola bilər. Artur Rasi-zadənin 83 yaşı var. Bu yaşda olan baş nazirin fiziki imkanları uzun təyyarə uçuşlarına, xarici səfərlərə imkan vermir. Ona görə də Azərbaycana daima hərəkətdə olan çevik baş nazir lazımdır. Azərbaycandan başqa Kiyevdə bir araya gələn baş nazirlərin yaşları 50-ni keçmir, yəni Artur Rasi-zadədən 30 yaş kiçikdirlər, onlar çevikdirlər, dünyanın istənilən nöqtəsinə gedib danışıqlar aparırlar, ölkələrində iqtisadi islahatlara cavabdehdirlər. Digər tərəfdən, Azərbaycanda vitse-prezidentlər institutu yaradıldığından bir müddət sonra Artur Rəsi-zadənin çoxdan qazandığı təqaüdə göndərilməsi də mümkündür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930