Düşməni qorxuda -Gəmi ilə Azərbaycan paytaxtına zirehli texnika daşınır

28.04.2017 - 08:45

Hərbi ekspertlərdən işğalçıya ciddi xəbərdarlıqlar: “Alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir”; “Tez bir zamanda real nəticələrin şahidi ola biləcəyik”

Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək. Nazirlik Rusiyadan gətirilən silahlarla bağlı qısa videogörüntülər də yayıb. Kadrlardan görünür ki, “Bəstəkar Raxmaninov” gəmisindən BTR-83A zirehli transportyorları boşaldılır. Qalan hərbi texnikanın və silahların nədən ibarət olduğu açıqlanmır.
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə gətirilməsi ordumuzun güclənməsinə böyük töhfədir”. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev Rusiya-Azərbaycan silah ticarətini şərh edərkən belə deyib. Ekspert bildirib ki, bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların cüzi bir qismidir: “Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. Əlbəttə ki, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da ki, sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınmışdır. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq”.

Image result for Mirşamil Hadıyev
Bakının Moskva ilə silah ticarətini davam etdirməsi işğalçı Ermənistanı ciddi şəkildə narahat edir. Son günlər yenidən İrəvanda Rusiya əleyhinə ritorika müşahidə olunmaqdadır. Proses göstərir ki, Bakı nəinki hərbi xərclərini azaltmaq niyyətinə deyil, hətta lazım olan silah-sursat üçün əlavə vəsait ayırmaqda da problem görmür.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun ötən il üçün növbəti hesabatı kimisə narahat etməməlidir: “Mən öz ölkəmizin 2016-cı il üçün hərbi xərcləri üzrə hesabatı nəzərdə tuturam. Aydın məsələdir ki, biz ilk pillələrdə qərarlaşan nə ABŞ deyilik, nə də Çin, yaxud da digər böyük ölkələr və güclər. Bu gözlənilən idi ki, həm biz, həm də bizim torpaqları havadarları vasitəsilə işğalda saxlayan Ermənistan nə vaxtsa yavaş-yavaş hərbi xərcləri azaldacaq. 2011-ci ildən bəri ilk dəfə olaraq artıq biz görürük ki, bu proses özünü göstərir. İqtisadi vəziyyəti günü-gündən çətinləşən Ermənistan müdafiə və təhlükəsizlik məsələləri üçün vəsaitləri 5,5%, Azərbaycan isə hərbi məqsədlər üçün xərcləri 36% azaldıb. Bir qədər əvvəl də qeyd etdiyim kimi, şəxsən Azərbaycan üçün narahatçılığa əsla əsas görmürəm. Biz hər il yeni tanklar və ya təyyarələr, raket-artilleriya qurğuları alan deyilik ki. Bizə etibarlı Silahlı Qüvvələrimizin olması üçün nə qədər indiki mərhələdə zirehli texnika, aviasiya avadanlığı, digər zəruri hərbi təyinatlı məhsullar tələb olunursa, biz bir o qədər də həm alırıq, həm də öz daxili imkanlarımız hesabına istehsal edirik. Nə qədər ki, Qarabağla bağlı məsələ bizim maraqlarımız çərçivəsində öz həllini tapmayıb, biz büdcədən nə qədər vəsait lazımdırsa, ayıracağıq. Ona görə də bəzi mətbu orqanlar və ya bizi istəməyən qüvvələr hərbi xərclərimizin azalması sözünü bir qədər öz interpretasiyası ilə ”təhlil” edirlər. Bu sahə ilə yaxından tanış olan şəxs kimi deyə bilərəm ki, narahatçılığa əsas yoxdur və ola da bilməz. Bundan sonra da biz müxtəlif ölkələrdən bəzi ciddi silah və sursatın alınmasının şahidi olacağıq və gələn il üçün Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu artıq 2017-cı ilin hərbi xərcləri üzrə hesabat yayanda görəcəyik ki, rəqəmlər tam fərqlidir. Xatırladım ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsində müdafiə sahəsinə 2 milyard 642,9 milyon manat ayırmaq nəzərdə tutulub”.

Image result for Üzeyir Cəfərov
Ü.Cəfərov Rusiyadan alınan silahlarla bağlı da fikirlərini bölüşdü: “Rusiyanın ”Rosoboroneksport” şirkəti ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Silahlı Qüvvələrimiz üçün alınan yeni silah-sursat və ZTR-82A döyüş texnikası hesab edirəm ki, ordumuzun gücünə daha da əlavə güc qatacaq. Tezliklə biz bu avadanlıqlardan həm hərbi təlimlərimiz zamanı, həm də düşmənin canlı qüvvəsini və döyüş texnikasını sıradan çıxartmaq üçün istifadəsinin şahidi olacağıq. Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək. Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı işlər artıq başlayıb və rusiyalı təlimatçılar tərəfindən həyata keçirilir. Bundan başqa, Silahlı Qüvvələrimizin istifadəsində olan əvvəlki illərdə alınmış silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi demək olar ki, başlayıb. İstənilən halda, alınan silah və sursatlar bizim müdafiə və təhlükəsizliklə bağlı güvənliyimizi daha da artıracaq və tez bir zamanda real nəticələrin şahidi ola biləcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93285

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930