Türkiyə qərarını verdi – ölkəmiz üçün də mühüm dönüş

28.04.2017 - 09:03

Qardaş ölkə Avropa paytaxtlarına “gövdə”, düşmənlərə sərt üzünü göstərdi; Ankara “Qoca qitə”nin qərəzinə raketlə cavab verdi: PKK vuruldu, Türkiyə AŞ PA-dan çıxır; ekspert: “Ankara Azərbaycanla yaxınlaşma siyasətini gücləndirir…”
Avropa Birliyinin (AB) qərəzli mövqeyinin ardınca Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı son məlum qərarı, gözlənildiyi kimi, qardaş ölkədə – onun siyasi elitası və toplumunda hiddətlı qarşılanıb. İnsan haqları və demokratiya bəhanəsi ilə Türkiyəni nəzarət altına almaq cəhdi kimi qiymətləndirilib. Eyni zamanda AŞ PA Türkiyəyə qarşı məkrli çevrələrin əlində alət olmaqda suçlanmaqdadır.

Doğrudan da, xüsusən son illər PKK terrorçularına geniş qucaq açmış Avropanın Türkiyəyə münasibətdə “insan haqları” nəğməsi oxuması çox qəribədir. Aydındır ki, Türkiyə dövləti özünə qarşı bu kimi yeni təhdid və gəlişmələrə biganə qala bilməz və qalmayacaq. Qalmır da.
Yəni cavab addımları gözləniləndir və mütləq olacaq. Hər necə olmasa, Avropa qitəsinin, dağılmaqda olan Avropa Birliyi və Avropa Şurasının qardaş ölkəyə daha çox ehtiyacı var, nəinki regional supergüc kimi Türkiyənin onlara…
***

“Çox güman ki, Türkiyə AŞ PA-dan çıxmağa qərar verəcək”. Musavat.com-un məlumatına görə, bunu axar.az-a açıqlamasında AŞ PA-nın məlum qərarına münasibət bildirən deputat Fazil Mustafa bildirib. Fazil Mustafa da əmindir ki, AŞ PA-nın qərarı çox qərəzli olmaqla Avropanın Türkiyəni sıxışdırmaq siyasətinin tərkib hissəsidir.
“Təəssüf ki, Avropa Şurası kimi bir qurum da bəzi Avropa ölkələrinin iradəsinə tabe olaraq, alət kimi istifadə olunur. Məncə, Türkiyə bu dərəcədə bir töhmətin altına girəcək dövlət deyil. Çox güman ki, Ankara AŞ PA-dan çıxmağa qərar verəcək. Çünki AŞ PA-nın bu formada yanaşması qəbuledilməzdir. Sözügedən qərar Türkiyə tərəfindən çox mənfi qarşılanacaq və hətta Ankaranın ən sərt addımlar atması gözləniləndir”, – deyə deputat vurğulayıb.
***
Türkiyənin AŞ PA-dan çıxması isə doğrudan da real görünür. Belə bir addım Avropadakı bəzi “qaynar başları” soyuda bilər. Çünki vurğulandığı kimi, Türkiyə AŞ PA-sız heç nə itirməz, Avropa Şurası isə Türkiyəsiz – itirər. Əksər analitiklər də bu qənaətdədir.

Prezident üsul-idarəsinə keçid nəinki Türkiyənin daxili, həmçinin xarici siyasətində də əhəmiyyətli dəyişikliklərə səbəb olacaq”. Bunu isə adıçəkilən sayta sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Türkiyədə prezidentin səlahiyyətlərinin artırılmasını indiki dönəmdə Türkiyə üçün mühüm hesab etdiyini söyləyib: “Türkiyə prezident üsul-idarəsinə qədəm qoyacaq, prezident ümumxalq səsverməsi ilə seçiləcək və səlahiyyətləri xeyli dərəcədə artırılacaq. Zənnimcə, güclü prezident hakimiyyəti ölkədə sabitliyin qorunması üçün olduqca vacib idi. Türkiyə yeni bir dövrə qədər qoyur. Qarşıda Ankaranın başlıca hədəfi PKK-nın və separatçı qüvvələrin fəaliyyətinin daha qısa müddətdə zərəsizləşdirilməsi olacaq. Yeni dövrdə PKK-nın kökünü qazımaq üçün əlverişli şərait yaranacaq”.
Ekspertə görə, 16 aprel referendumundan sonra həmçinin Türkiyə iqtisadiyyatının inkişafı sürətlənəcək, əhalinin maddi rifah səviyyəsi qalxacaq və nəticədə Türkiyə Avropanın əsas aparıcı dövlətlərindən birinə çevriləcək. “Üçüncüsü, prezident üsul-idarəsinə keçid Türkiyənin aktiv xarici siyasətinə də təsir göstərəcək. Türkiyə Azərbaycanla dostluq siyasətini daha da inkişaf etdirir və bu yaxınlarda keçirilən hərbi təlimlər buna sübutdur. Avropa Türkiyə ilə bağlı arzusuna çatmayacaq və Türkiyə dünyanın aparıcı dövlətlərindən biri kimi beynəlxalq təşkilatlarda pozitiv rolunu artıracaq. Yeni dövrdə sürətli inkişaf və ölkə avtoritetinin qalxması öz sözünü deyəcək”, – deyə ekspert əlavə edib.
***

Diqqətçəkicidir ki, Türkiyə əleyhinə kampaniyanın AŞ PA qərarı ilə böyüməsi fonunda qardaş ölkə silahlı qüvvələri Suriya və İraqda, Sincabda uğurlu əməliyyat keçirərək, daha 70 terrorçunu cəhənnəmə vasil edib. Bunu da Türkiyəni taqətdən salmaq hədəfi seçmiş Avropa paytaxtlarına başqa sərt cavabı kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, PKK-ya qarşı bu əməliyyatlar ABŞ-da, Pentaqonda belə, narahatlıq doğurub. Verilən ilkin reaksiyalardan bunu aydın görmək olar.
“Türkiyənin İraq və Suriyaya təşkil etdiyi əməliyyatlar onu göstərdi ki, bu ölkə heç vaxt müttəfiqimiz olmayacaq”. Bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haas twitter hesabında yazıb. Onun qənaətincə, Vaşinqton strateji olaraq, özünün beynəlxalq siyasətini yenidən dəyərləndirməlidir: “Əgər Türkiyə bu əməliyyatlara davam edərsə, Ərdoğanın ABŞ səfəri ləğv edilməlidir” – Haas bildirib.

Öz növbəsində ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını deyib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisində PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb. Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: “Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə, məlumatlandırma idi”.
Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonun hava hücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb. Hərçənd amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.
***
Qeyd edək ki, Türkiyənin ilk dəfə olaraq Sincar bölgəsini də hədəfə alması Rusiya və İranın da narazılığına səbəb olub. Türkiyə lideri Ərdoğan isə bu əməliyyatla bağlı ABŞ və Rusiyanın əvvəlcədən məlumatlandırıldığını açıqlayıb.
Beləcə, qardaş ölkə ona qarşı total kampaniya fonunda məlum ünvanlara özünün sərt üzünü göstərmək, “gövdə göstərmək” qərarı verib. Bu, 16 apreldən sonra çox mühüm bir dönüşdür. Ən doğru yol da zatən bu. Çünki beynəlxalq siyasətdə hazırda ən yaxşı anlaşılan dil güc dilidir. Əfsuslar olsun ki…
Siyasət şöbəsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93291

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930