Borist Yeltsin və Nursultan Nazarbayev Dağlıq Qarabağda – 26 öncəki TARİX

19.09.2017 - 09:06

Dünyadakı son geopolitik situasiya çərçivəsindən baxdıqda, Moskvanın Cənubi Qafqazın “ən köhnə” probleminə belə diqqəti anlaşılandır: nufuz dairələrinə güc göstərmək və bölgədə “külli-ixtiyar” sahibi olmasına mesaj vermək. Qarabağ bu məsələdə Rusiyanın işinə çox gözəl yarayır.

Axı bu qanlı münaqişə 26 il əvvəl SSRİ-də başlanmışdı. İndi özünü SSRİ-in  varisi hesab edən Moskva üçün Qarabağ məsələsi təkcə siyasi nostalji deyil, həm də postsovet məkanında münaqişələri idarə etmək niyyətinin açıq təzahürüdür.

Bu gün Moskva ATƏT-in Minsk Qrupunun həmsədri kimi, 2 dövlətlə – ABŞ və Fransa ilə birgə münaqişənin həll etməyə çalışır. Lakin yaxın keçmişimizdə Rusiyanın bu problemlə bağlı yeganə hakim olduğunu göstərən proses də unudulmayıb. Cumhuriyyet.az Moskvanın təkbaşına aparmaq istədiyi bu sülh missiyası barədə tarixi oxuculara təqdim edir. Çünki bu il həmin əhvalatın həm də 25 yaşı tamam olur.

…1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası  (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.   Özünün bu missiyasının mühümlüyünü nümayiş etdirmək üçün Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etməyə qərar verir.   Bu əfərlə bağlı tanınmış jurnalistlər Çingiz İsmayılov və Salman Alıoğlunun 1991-ci il 27 sentyabrda “Qarabağ” qəzetində dərc olunan yazısını olduğu kimi diqqətinizə çatdırırıq:

***                                                                                      ***                                                                                                        ***

21sentyabr Xocalı təyyarə limanı. Gündüz saat 12:30 dəqiqə. Rusiya Prezidenti B.Yeltsinin müşaviri Burbulis və başqa rəsmi şəxslər təyyarədən enib maşınlara əyləşirlər. Hərbçilərin və DAM işçilərinin müşaiyət etdiyi maşınlar Stepanakertə (Xankəndinə) tərəf istiqamət götürür. Şəhərin girəcəyindən tutmuş keçmiş vilayət icraiyyə komitəsinin binasının yanına kimi yolun hər iki tərəfinə minlərlə erməni düzülüb. Maşınlar meydana çatır. Qapının girəcəyində Burbulis sağ əlini yumruqlayıb başı üzərinə qaldırır və meydana yığışmış on minlərlə erməni əhalisini qəribə bir tərzdə salamlayıb içəri keçir. Bizim əyləşdiyimiz maşın isə təxminən 2-3 min erməninin əhatəsində qalır. 10-15 dəqiqə bizim maşını mühasirədə saxlayan ermənilər ətrafımızda daha da sıxlaşırlar. Bir hərbi maşının təsadüfən irəliləməsi nəticəsində insan axını aralanır və maşınımız DQMB üzrə respublika təşkilat komitəsinin yerləşdiyi binaya tərəf keçə bilir. Yerə düşürük. Binanın üzərində dalğalanan üçrəngli bayrağımıza baxırıq. Keçmiş vilayət icraiyyə komitəsinin binası üzərinə isə Ermənistdan respublikasının bayrağı sancılıb.

Meydanda sıx cərgələrlə dayanmış ermənilərin əllərindəki plakatlara və transparantlara baxırıq.

“Polyaniçko cavab versin!”, “Geriyə yol yoxdur”, “Dağlıq Qarabağ qələbə gününə qədər dayanacaq”, “Təşkilat komitəsi məhkəməyə verilsin”, “Azərbaycan münaqişənin dayağıdır”, “Tələb edirik Dağlıq Qarabağ respublikasını tanıyın”, “Yaşasın ermənilərlə Rusiyanın əbədi dostluğu!”, “Əbədilik Rusiyanın dostuyuq” və sair.

Şovinist erməni rəhbərlər və təşkilatçılar hər iki respublikanın prezdentlərini qarşılamaq üçün dəqiq senari hazırlamışlar. Meydanda baxça uşaqlarından tutmuş yaşlı adamlara qədər hamı qışqırır, tələblər irəli sürür.

Keçmiş vilayət icraiyyə komitəsində Burbulislə erməni rəhbərlərin bir saatdan artıq davam edən söhbətləri ilə bağlı qapı arxasında keçirilir.

Məxfi söhbətdən sonra qonaqlar geriyə – Xocalı təyyarə limanına qayıdırlar. Hərbi vertalyotlar Gəncə şəhərinə uçur.

Dağlıq Qarabağın azərbaycanlı əhalisi, o cümlədən, Xocalı və Şuşa şəhərlərinin sakinləri narahat və həyəcanlı şəkildə yol gözləyirlər…

22 sentyabr.Xocalı təyyarə limanına 10-a qədər hərbi vertolyot enir. Rusiya Prezidenti B.Yeltsin, Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayev, Azərbaycan Prezidenti A.Mütəllibov və başqa rəsmi şəxslərin əyləşdikləri maşın karvanı Stepanakertə çatır. On minlərlə erməni yığışmış meydanı keçib DQMB üzrə respublika təşkilat komitəsinin binası qarşısında dayanır. Hər üç respublikanın prezidentləri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavinləri T.Qarayev, T.Orucov, Respublika Prokuroru İ.Qayıbov, Daxili İşlər Naziri M.Əsədov, Respublika prezidenti aparatının şöbə müdiri O.Mirzəyev təşkilat komitəsinə daxil olurlar. Ermənilər dünənki plakatlar əllərində qışqırırdılar: “Rosiyya”, “Yeltsin!”. Həmin qışqırtılar yadımıza 1988-ci ili salır. Onda şəhərin mərkəzində hər gün keçirilən mitinqlərdə ermənilər “Lenin, Partiya, Qorbaçov” deyə qışqırır, “Miatsum” harayı çəkirdilər. Hər hansı vəziyyətə ermənilər tez alışır və anın hökmündən tez baş çıxarırlar. Yəni külək hansı tərəfə əsirsə, o tərəfə də yön tuturlar.

B.Yeltsin, N.Nazarbayev və onların köməkçiləri, bir də Respublika Ali Soveti sədrinin müavini T.Qarayev erməni liderləri ilə keçmiş vilayət icraiyyə komitəsinin binasında görüşə gedirlər. Görüş bağlı qapı arxasında keçirilir. Jurnalistlər binaya daxil olurlar. Azərbaycan televiziyasının əməkdaşı Nadejda İsmayılovaya qarşı təhqiramiz hərəkətlər edilir. Azğınlaşmış ermənilər başqa türkdilli jurnalistlərə qarşı da açıq-aşkar hücuma keçirlər. “Azərbaycanfilm” kinostudiyasının operatoru Elxan Əliyev qəfildən oğurlanır. Türkiyədə nəşrolunan “Zaman” qəzetinin müxbiri Yılmaz Polad isə ermənilərin təpik və yumruqları altında qalır. Bir anın içərisində Yılmazı şil-küt edən erməni dəstə onun sənədlərini, 350 dollarını və Yaponiyada istehsal olunmuş videokamerasını ələ keçirirlər.

Amansızlıqla təhqir edilən türkdilli jurnalistlər binadan çıxarılır və biz təşkilat komitəsinə gəlirik. Burada Azərbaycan Respublikasının Prezidenti A.N.Mütəllibovla qısa mətbuat konfransı keçirilir. “Qarabağ”ın müxbiri prezidentə Dağlıq Qarabağdakı son hadisələr haqqında eləcə də Şuşa rayonunun ermənilər yaşayan Daşaltı kəndinə gəlmiş 60 nəfərlik silahlı fransızca danışan dəstə haqqında məlumat verir.

B.Yeltsinin və N.Nazarbayevin Dağlıq Qarabağa gəlişi ilə də bağlı suallar verilir. Prezident A.Mütəllibov bildirir ki, hər iki prezident öz təşəbbüsləri ilə xoş məramla Dağlıq Qarabağa gəliblər. Vilayət icraiyyə komitəsində erməni liderləri ilə başlanmış danışıqlar çölə translyasiya edilir. Rusiya Prezidenti B.Yeltsin bildirir ki, son dörd ildə mərkəz, şəxsən M.C.Qorbaçov bu problemin həlli üçün heç bir əməli tədbir görməyib. Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayev deyir:

-Suveren Azərbaycan Respublikasının daxili işinə heç kim qarışa bilməz. Bu münaqişəni Azərbaycan özü həll etməlidir. Biz isə iki respublika arasında vasitəçi rolu oynayırıq.

Meydana yığışmış və qızışdırılmış kütlə isə hələ də qışqırır: “Rosiyya”, “Yeltsin”, “Tələb edirik Dağlıq Qarabağ erməni respublikasını tanıyın”. Hər iki respublikanın prezidenti danışıqlardan sonra meydandakı maşının üstünə qalxır. B.Yeltsin bildirir:

 

-Bu gün biz Yerəvana yola düşürük. Orada L.Ter-Petrosyan və erməni əhalisi ilə görüşdükdən sonra sentyabrın 23-də Mineralnıy Vodı şəhərinə yola düşəcəyik. Orada dörd respublika prezidenti və müstəqil Dağlıq Qarabağ erməni nümayəndələri ilə danışıqlar aparacaqlar. B.Yeltsinin dediyi “Dağlıq Qarabağın erməni nümayəndələrinin müstəqil iştirakı” sözləri güclü alqışlarla qarşılandı. Kütlə bir-birini təbrik etməyə başladı. Ermənilərin alqış səsləri xeyli müddət kəsilmir.

Hər üç respublikanın prezidenti Xocalı təyyarə limanına qayıdır. Burada Xocalı şəhərinin nümayəndələri, AXC-nin üzvləri və ziyalılar B.Yeltsindən xahiş edirlər ki, Şuşa şəhərinin əhalisi bir həftədir ki, sizin yolunuzu gözləyirlər. Şuşaya getmək lazımdır. Dəfələrlə təkid və xahiş edilməsinə baxmayaraq B.Yeltsin “vaxt tapmadı”. Düşündük ki, görəsən Dağlıq Qarabağda yalnız ermənilər yaşayır?! Bəlkə B.Yeltsinə məlumat verilməyib ki, Dağlıq Qarabağda on minlərlə azərbaycanlı da yaşayır?! Onların nümayəndələri ilə də görüşmək lazımdır.

Xalq diplomatiyası çox güclü məntiqə və ağıla əsaslanır. Dağlıq Qarabağın azərbaycanlı əhalisi hələ bir həftə bundan qabaq mülahizə yürüdürdü ki, B.Yeltsin yalnız ermənilərlə görüşəcəkdir.

Adi və sadə sözlər bu gün öz məntiqi nəticəsini verdi. B.Yeltsin, N.Nazarbayev, A.Mütəllibov və başqa rəsmi şəxslər həmin gün Gəncəyə qayıtdılar. Şuşalılar axşam düşənə qədər A.N.Mütəllibovun, B.Yeltsinin və N.Nazarbayevin yolunu gözlədilər…

Narahat baxışları gördükcə qəbri nurla dolmuş ulu Mirzə Cəlilin 1905-ci ildə erməni-müsəlman davası vaxtı dediyi bir söz yaddaşımızda baş qaldırır: “Politika yunan sözüdür. Bizim dilə çevirəndə mənası saman altdan su yeritmək olur.” Vəssalam, şüt tamam”.

P.S Oxucularımıza bildiririk ki, Qazaxıstan prezidenti Nazarbayevin Rusiya prezidenti Yeltsinlə birlikdə 26 il əvvəl (1991-ci ilin sentyabrında) Dağlıq Qarabağa gəlmələri və məlum münaqişənin həll olunmasında göstərdikləri “fəaliyyəti” unutmamışıq. Onu da unutmamışıq ki, bu iki prezidentin Qarabağa gəlişindən sonra ermənilər tərəfindən Xocalı qətliamı Şuşanın, Laçının, Kəlbəcərin işğalı baş verdi…

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930