Bakının zibilindən pul qazanmaq üstə rəqabət

20.04.2018 - 13:34

Dövlət qurumu özəl şirkətlərdən gileylidir

Bakı şəhərində zibilin toplanması və daşınması  sahəsində özəl şirkətlərlə dövlət qurumu arasında ciddi rəqabət yaranıb. Bu rəqabətdə isə paytaxtda tullantıların daşınması ilə məşğul olun yeganə dövlət qurumu – Bakı Şəhər İcra Hakimiyyətinə məxsus“Kommunal Xidmət” MMC geridə qalır.

MMC-nin hüquqşünası Yalçın Məhərrəmovun “Yeni Müsavat”a dediyinə görə, Bakı şəhərində onlardan əlavə, zibilin daşınması ilə məşğul olan 7-8 özəl şirkət var: “Biz bütün zibili Balaxanı poliqonuna daşıyaraq orada ”Təmiz Şəhər” ASC-yə təhvil veririk. Bütün maşınlarımızda GPS sistemi quraşdırılıb, hər birinin hərəkətini izləmək mümkündür. Daşıma və təhvil verməni Tarif Şurası tərəfindən təyin olunan tariflə həyata keçiririk. Əldə olunan vəsaitdən “Təmiz Şəhər”ə utilizasiya haqqı ödəyirik. Özəl şirkətlərin isə əksəriyyəti zibili yığıb “Təmiz Şəhər”ə təhvil vermirlər. Aparıb qeyri-qanuni zibil poliqonlarına tökürlər. Çünki “Təmiz Şəhər”ə verdikdə utilizasiya üçün pul ödəməlidilər. Bundan yayınırlar, əvəzində zibili daşımaq haqqını Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən aşağı təklif etməklə qeyri-sağlam rəqabət mühiti yaradırlar. Bizim işlədiyimiz özəl qurumların bir çoxunu bu yolla əlimizdən alıblar. Bu isə bizə maddi problemlər yaradır. 2013-cü ilin martından bizə dövlət büdcəsindən dotasiya ayrılması dayandırılıb. Tam təsərrüfathesablıyıq. Bizim də işimiz olmalıdır ki, xərclərimizi qarşılaya bilək. İşimizi də özəl şirkətlər əlimizdən çıxardırlar – sırf qeyri-sağlam rəqabətlə. Dəfələrlə şəkillərini çəkib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmişik, göstərmişik nə qədər zibil daşıyırlar, hara aparıb tökürlər, amma qarşısı alınmır”.

Y.Məhərrəmov onu da bildirdi ki, hər gün səhər saat 6-dan etibarən 80-100 maşın çıxaraq şəhər ərazisindən zibilləri toplamağa başlayır: “Zibil konteynerləri gündə bir dəfə boşaldılır. Bundan əlavə, əhali sıxlığından asılı olaraq hər rayonda 4-5 maşın gün ərzində dolan konteynerlərdən zibili daşıyır. Biz əslində yalnız konteynerlərdə olan zibilləri daşımalıyıq. Konteynerdən kənarda olan zibili aparmamaq haqqımız var. Lakin əksər hallarda işçilərimiz məcbur olub konteynerlərin ətrafına tökülən zibili də yığırlar. Bir çox ərazilərdə konteynerlər az olduğuna görə zibili ətrafa da tökürlər”.

MMC yetkilisi yeni tikilən binaların idarəçiləri olan MTK-lardan ciddi narazılıq edir: “Nazirlər Kabinetinin  74 saylı qərarı var ki, hər yeni tikilən bina üçün mütləq zibil konteynerlərinə yer nəzərdə tutulmalıdır. Amma baxaq görək hansı MTK belə yer nəzərdə tutur? Bu gün Bakı şəhərində inşa olunan bir bina üçün də belə yer ayrılmır. Bu isə bizə ciddi problemlər yaradır”.

Onu da qeyd edək ki, “Kommunal Xidmət” MMC Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2012-ci ilin avqustunda imzaladığı sərəncamla Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilib. Departament sədrinin sərəncamı əsasında Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi MMC-yə həvalə olunub.

Bakıda zibil ile ilgili görsel sonucu

Bu məqsədlə dövlət tərəfindən kommunal təyinatlı “MAN”, “ MERCEDES BENZ ” (Almaniya), “MİTSUBİSHİ” “İSUZİ” Yaponiya və “İVECO” (İtaliya) markalı, 7 m3, 18 m3, 22 m3 tutumlu avtomaşınlar alınaraq müəssisənin balansına verilib. Bunun üçün prezidentin sərəncamı ilə BŞİH-ə 25 milyon manat ayrılıb.

MMC-nin göstərdiyi xidmətin dəyəri “ Məişət tullantılarının yığılması , daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 05 nömrəli qərarı əsasında müəyyənləşdirilib. Qərara görə, 1 ton məişət tullantısının daşınma tarifi ƏDV ilə birlikdə10 (on) manat müəyyən edilib.

Şuranın hesablamasına görə, hər vətəndaş il ərzində 1,53 kub/metr tullantı yaradır. Bir çox mütəxəssislər bununla razılaşmırlar, hesab edirlər ki, bu rəqəm reallıqda daha yüksəkdir. Şuranın qərarına əsasən, hər bir vətəndaş ayda 30 qəpik olmaqla, ildə 3,6 manat tullantının yığışdırılıb zərərsizləşdirilməsi üçün haqq ödəməlidir. Həmn ödənişin 1,84 manatı standart olaraq tullantının zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-yə ödənilir. Yerdə qalan 1,76 manat isə tullantının yığışdırılmasına və daşınmasına xərclənməlidir.

Onu da qeyd edək ki, 2009-cu ildən Dünya Bankının maliyyə dəstəyi ilə Bakı şəhərində “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsinin həyata keçirilməsinə başlanıb. Bu layihədə Dünya Bankının tərəfdaşı İqtisadiyyat Nazirliyi olub. Layihənin məqsədi bərk məişət tullantılarının yığılması və utilizasiyası əməliyyatlarını davamlı və səmərəli sistemə çevirmək üçün aparılan islahata yardım etmək idi. Ümumi dəyəri 41,5 milyon dollar olan layihədə Dünya Bankının kredit məbləği 29,5 milyon dollar, Azərbaycan hökumətinin qoyuluşları isə 12 milyon dollar təşkil edirdi . Layihə 5 komponentdən ibarət idi ki, bunlardan biri də, Balaxanı istisna olmaqla, digər poliqonların bağlanması və idarə edilməsi (Bakı şəhəri ərazisindəki icazəsiz zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarəçiliyinin təkmilləşdirilməsi və ya bağlanması) idi. Görünür, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin heç də hamısı tam icra olunmayıb…

Dünya SAKİT,

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117780

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930