Yaroslav Qaşekin 100 il əvvəl futbol ehtirası haqda yazdığı hekayə – “Futbol matçı”

20.04.2018 - 14:57

Bavariyanın Tillingen və Dunay üzərindəki Qohştadt şəhərləri arasında qəvi düşmənçilik hökm sürür. Əsrin ortalarında tillingenlilər qayıqlarını yandırıcı maddələrlə ləbələb dolduraraq Qohştadta gedirdilər və hər dəfə belə ziyarətdən sonra şəhər külü sovrulana qədər yandırılırdı. Ancaq hərdən qohştadtlılar tillingenlilərin qoparağını götürürdülər və onlar dallarına baxmadan, iki şəhərin arasındakı bütün 40 kilometri qaçmalı olurdular; Qohştadtdan Tillingen istiqamətinə uzanan 10 kilometrlik palıd xiyabanı hələ də “Asdığımız tillingenlilər” adlanır.

Qohştadtlılardan fərqli olaraq tillingenlilər onlara əsir düşən qonşularını Dunayda batırırdılar. Bir dəfə Qohştadt şəhər sovetinin üzvü ələ keçəndə onlar onu dörd yerə şaqqaladılar və hissələrindən birini xüsusi elçi ilə Qohştadt şəhərinə göndərdilər. Qohştadtlılar ləngitmədən həmin elçini, bütün etirazlarına və xüsusi elçi olduğu, elçiyə zaval olmadığı barədə bəyanatına baxmayaraq qala divarından asdılar.

Bu, şəhərlərin əlindən belə oyunlar qurmaq və əyləncə təşkil etmək hüququnu alıncaya, müasir dövr davranış şiddətini yumşaldıncaya və onlar öz dava-dalaşlarını “Hifz edən mələk” mehmanxanasıyla məhdudlaşdırıncaya qədər o sayaq davam etdi. Bu mehmanxana düşmənçilik aparan hər iki torpağın sərhədi olaraq, düz ortada, Qohştadtdan 20 kilometr məsafədə və Tillingendən 20 kilometr aralıda yerləşir.

Hər bazar günü və bütün bayramlarda hər iki şəhərin sakinləri bura yığışır və diskussiya aparırdılar. Onlar buraya piyada gəlirdilər, evə isə onları hər iki tərəfə peyin arabasında, başları yarılmış, qabırğaları sınmış halda daşıyırdılar, bununla belə, onlar çox məmnun olurdular ki, hər şey yaxşı qurtarıb.

Hər iki tərəf yüz illik qovğada daima öz şəhərinin birincilik əldə etməsinə çalışırdı, ona görə də “Hifz edən mələk”də onların arasında baş verən döyüşlər yüz il əvvəl tillingenlilərin əllərində alovlu qətran məşəllər Qohştadtın divarlarına nərdivanlarla dırmaşdıqları, Qohştadtın müdafiəçilərinin isə onları üç pudluq palıd kötükləri ilə qala xəndəyinə dığırladıqları vaxtdakından heç də az inadkar səciyyə daşımırdı. Onlar o zamanlardakı kimi, qohştadtlıların Tillingenin qala qapılarını taranla dağıtdıqları, tillingenlilərin isə onların başına qaynar qətran caladıqları vaxtda olduğu tək, eyni amansızlıqla və inadkarlıqla vuruşurdular.

Vilayət hakimiyyəti qohştadtlıları tillingenlilərin tabeliyinə verincəyə qədər tərəflərdən heç biri tam və qəti qələbə ilə öyünə bilmirdi. Qohştadtın inzibati idarəçiliyi ləğv olundu və şəhər Tillingen rayonuna aid edildi. Qohştadtda mülki hakim, Tillingendə isə rayon məhkəməsi vardı. Qohştadtlılar öz vətəndaşlarını yalnız istintaq edə bilərdilər, mühakimə olunmaq üçün isə Tillingenə göndərirdilər. Orada onların üzərində sərt və mərhəmətsiz məhkəmə qururdular. Qohştadtlılar hərbi xidmətə Tillingendə çağırılmalı idilər və bütün vəzifələrdə həmişə Tillingen birinci yerdə olurdu, yalnız ondan sonra Qohştdat gəlirdi. Beləcə, qohştadtlılar bütün cinahlarda vurulmuş, alçaldılmış və təhqir olunmuşdular. Bazar günlərinin birində onlar “Hifz edən mələk”də tillingenliləri “yaxşıca əzişdirməyə” müyəssər olduqları zaman, sonrakı bazar günü orada Tillingen rayonundan gəlmiş o qədər jandarm peyda oldu ki, qohştadtlılar bütün arzularına rəğmən tillingenlilərlə haqq-hesab çəkə bilmədilər.

O vaxtdan düşmənlər təsadüfən, yalnız əsgərlik çəkərkən görüşürdülər. Kazarmalarda dörd bir yandan düşmən dalğası ilə əhatə olunmuş qohştadtlılar düşmənin üstün qüvvəsi qarşısında boyun əyir, evə qayıdanda danışırdılar ki, belə bir durumda müqavimət göstərməyin xeyri yox idi. Bunun üstündə evdəkilər onlara qorxaq kimi baxırdılar. Qohştadtlıların bu ləkəni artıq heç vaxt yuya bilməyəcəyi görünəndə yeni dövr Cənubi Almaniyaya futbol gətirdi.

Qohştadtın hücumçuları hamını heyrətləndirirdilər; onlar topun arxasınca elə cəld qaçırdılar ki, elə bil, əcdadları qaçan tillingenlilərin dalınca düşüb. Onlar düşmənin qapısına topu, bir zamanlar ata-babalarının Tillingenin qala qapılarını taran etdikləri kimi, qarşısıalınmaz zərbə ilə vururdular.

Qohştadt komandasının yarımmüdafiəçilərinin, mərkəz müdafiəçilərinin və qanad oyunçularının müştərək oyunu və birliyi düşmən qapısına gedən yolu kəsən canlı divarı dəf edirdi. Bir dəfə hətta belə alındı ki, onlar topla birlikdə düşmənin müdafiəçisini də basıb qapıya saldılar.

Onların zərbələri qorxunc idi. Bir dəfə rəqib komandanın qapısına vurduqları top qapıçını yerə sərdi, toru deşdi, tamaşaçının bir qulağını qopardı, meydançanın yaxınlığında oynayan iti öldürdü və yol ötən bir nəfəri aşırdı. Bu, bir nümunədir.

İkinci örnək: “Qohştadt”ın “İnqolşatadt”a qarşı oyunu zamanı birincilərin vurduğu qol iki qurban aparmışdı – qapıçı və top son nəfəslərini vermişdilər. Yeni qapıçı gəlincəyə və yeni top gətirilincəyə qədər oyunu on dəqiqəliyə dayandırmaq lazım gəlmişdi.

Meydançadan qayıdarkən qohştadtlılar məğrur-məğrur öz hərbi himnlərini oxuyurdular:

İncə qız ləblərindən
Kim busələr qoparır,
Qohştadt klubundan
Yaxşı qolu kim vurur?
Qol, qol, qol, urrra!

İdman xronikasında onların oyunu qeyri-adi dərəcədə inadkar adlandırılırdı, bir əyalət qəzeti isə onların sonuncu matçı barədə yazdığı icmalda qeyd edirdi ki, bu, futbol deyildi, dəhşətli divantutmaydı. Başqa bir qəzetdə yazırdılar ki, “Qohştadt” – “Ringelshaym” komandalarının görüşü Verden uğrunda döyüşü xatırladır.

Payız mövsümündə qohştadtlılar, yaşıl-mavililər aşağıdakı uğurlarla öyünə bilərdilər: sındırılmış ayaqlar – 28 cüt, qırılmış qabırğalar – 49, əzilmiş burunlar – 52, çıxmış və sınmış qol – 13 cüt, sındırılmış çiyinlər – 16, zədələnmiş körpücüklər – 19, düşmənin sıradan çıxarılması ilə sonuclanmış qarına zərbələr – 32, düşürülmüş dişlər – 4 düjün. Əgər bunların üstünə gəlsək ki, onlar payız mövsümündə 280 qol vurmuş, 6 qol yemişdilər, o zaman onların fəal oyununun nəticələrini sarsıdıcı adlandırmamaq mümkün deyildi.

Cənubi Almaniyanın bütün klubları onlara uduzurdular. Onlar şimaldan “Alton” komandasını yoldaşlıq görüşü keçirməyə dəvət etdikləri vaxt isə, bütün komandadan yalnız qapıçı yerdə qalan bütün silahdaşlarını əvəzedicilərlə birlikdə Dunay üzərindəki Qohştadtın xəstəxanasında qoyub, evə başısarıqlı qayıtdı.

Sual olunur, özlərinin ağ-sarı futbol klubu olan tillingenlilər buna sakit tamaşa edə bilərdilərmi? “Tillingen” klubu qətiyyən pis komanda deyildi: o, çox diri oynayırdı, baldıra və dizə dəyən zərbələri “Qohştadt”ınkından pis deyildi. Onların qarına zərbələrinin sərrastlığı da yaxşı idi və Tillingen sakinləri arasında gurultulu alqışlarla qarşılanırdı… Bununla belə, onlar oyunları ard-arda uduzurdular.

Bu arada onlar yeni ideyaya qapıldılar və Münhendən məşqçi dəvət etdilər. Məşqçi Berne adlı ingilis idi və onlara incə oynamaq, ötürmələr etmək öyrətdi. O, səhərdən axşamadək onlardan ayrılmırdı. Nəhayət, bir gün Berne dedi:

– Leypsiq komandasını çağırın!

Çağırdılar və 2:4 hesabı ilə uduzdular.

– Eybi yox, – məşqçi Berne dedi, – daha üç məğlubiyyətdən sonra artıq heç kimdən qorxmayacaqsınız.

Tillingenlilər incə oyun və ötürmə taktikasını öyrənə-öyrənə yenə tər tökdülər. Bu zaman fərdi istedad rol oynamırdı, üstünlük komanda oyunu bacarığına yiyələnməyə verilirdi.

Daha sonra onlar “Prussiya” komandasını çağırdılar və 1:2 hesabı ilə məğlub oldular. Bunun ardınca onlar daha yaxşı komanda olan “Mülhauzen 1912” ilə heç-heçə oynadılar. Onda məşqçi Berne dedi ki, daha sizinlə bacara bilən rəqib çətin tapılar. Leypsiq komandası ilə cavab görüşü onlar üçün acınacaqlı qurtardı: “Tillingen” 5 qol vurdu, onlar bir qolla cavab verdilər, onu da cərimə zərbəsindən vurdular.

“Qohştadt” “Tillingen”in Leypsiq komandası üzərində müzəffər qələbəsindən xəbər tutanda bütün klub hiddətindən göyərdi.

Bir qədər sonra onlar “Ümumi idman qəzeti”ndə oxuyanda ki, bu uğurdan sonra “Tillingen”in ağ-sarılarının artıq Cənubi Almaniyada ciddi rəqibləri yoxdur, hətta onların oyunu düşmənlərini də riqqətə gətirib, onlar özlərini təxminən əcdadları kimi hiss etdilər – bir dəfə tillingenlilər Qohştadtı tutaraq, onu əsaslı şəkildə talan etdikləri zaman olduğu kimi.

İcmaldakı aşağıdakı ifadələr onları xüsusilə dəli edirdi: “Tillingen” komandasının parlaq uğuru”, “Tillingen” komandasının qapıçısının fədakarlığı”, “Hücumçuların mükəmməl hücumu”, “Leypsiq”in qapısına yaylım atəşi”, “Sağ qanad hücumçusunun əla driblinqi”.

– Mən onu diri-diri driblinqlədərdim! – hücumçu Tomas qaşqabaqlı halda qeyd etdi. – Bir də heç yerdə oynaya bilməzdi, təkcə göydə, cənnətin qapısında oynayardı bəlkə.

– Mən isə o tillingenlilərin qapıçısından döyülmüş kələm, müdafiəçilərdən isə salat düzəldərdim, – deyə “Qohştadt”ın sol qanad hücumçusu səsində əminlik duyduraraq dilləndi.

Onlar klubda oturmuşdular və söhbət bir dəqiqəliyə kəsildi. Hamı gözləyirdi ki, bu saat kimsə bir söz deyəcək, o söz durumu aydınlaşdıracaq, onların qəlbini sakitləşdirəcək.
Elə də oldu.

– Onlarla yoldaşlıq görüşü oynayaq, – klubun katibi dedi. – Onları bura gətirərik. Cavab görüşü oynamaq lazım gəlməyəcək, çünki bu, “Tillingen”in axırıncı matçı olacaq. Kim ki, ən azı bir oyunçunu sıradan çıxarmayacaq, o, klubdan qovulacaq, işlədiyi müəssisənin sahibinə təzyiq göstəriləcək ki, onu işdən çıxarsın. Bundan başqa, onu qapının toruna sarıyacağıq və növbəylə onun cəmdəyinə qol vuracağıq.

Yerli qəzetlər ləngimədən öz məqalə sütunlarını “Qohştadt” klubunun sərəncamına verdilər və “Tillingen”i tovlayaraq öz şəhərlərinin partlayışa hazır zəmininə çəkmək üçün şirnikləndirməyə başladılar.

“Cənubi Almaniyanın ən yaxşı komandası” məqaləsi xüsusilə hiyləgərcəsinə yazılmışdı. Məqalədə “Tillingen”in sonuncu qələbəsinin haqqı verilir, komandanın oyunu və nəticəsi təriflənirdi. Bildirilirdi ki, “Qohştadt” da bir sıra parlaq qələbələrini göstərə bilər və hansı komandanın, “Qohştadt”ın, yoxsa “Tillingen”in daha yaxşı komanda olması mübahisəsi yalnız bu klubların arasında yoldaşlıq görüşü keçirməklə kəsilə bilər, bu zaman tərəflərin hər ikisi keçmişdə bu iki şəhərdə olub-bitənləri unutmalıdırlar, çünki hər şey çoxdan keçmişdə qalıb. “Futbol beynəlxalq oyundur”, – məqalədə deyilirdi, – “yerli maraqlar burada heç bir rol oynamır. Futbolda muzdlu əsgərin qaba fiziki gücü yox, oyuna öz cəsarətini və idman məharətini qoyan idmançının dəqiq düşüncəsi qalib gəlir. “Tillingen”in Qohştadta səfəri yəqin ki, qədim Şvabiyanın iki şəhəri arasındakı bütün anlaşılmazlıqları əbədilik bir kənara qoyacaq”.

Qohştadtlılar bir neçə yüz il öncə Tillingen burqqrafına təxminən eyni şeyləri yazmış, ehtiramla ondan onlara şərəf verməyi təvəqqe etmiş, onu Qohştadt və Tillingen torpaqları arasındakı mübahisəli ərazi məsələsini tənzimləmək üçün şəhəri ziyarətə çağırmış, çəkinib qorxmaması üçün ona təhlükəsizlik şəhadətnaməsi göndərmişdilər.

Cənab burqqraf Tillingendən təşrif buyuranda onlar doğrudan da ona heç nə etmədilər, ağıllı-kamallı bir şəkildə onunla bütün ağrılı məsələləri müzakirə etdilər. Ancaq bu müzakirələr zamanı cənab burqqraf elə həyəcanlandı ki, qohştadtlılar onu sakitləşdirmək üçün asmağa məcbur oldular. Beləcə, o, qala divarında yellənə-yellənə qaldı – təhlükəsizlik şəhadətnaməsi də əlində.

Başqa bir məqalədə “Morgenblatt” qəzetinin redaktoru tillingenlilərin şəkk-şübhəsini büsbütün dağıtmaq istəyərək yazırdı: “Qohştadtın sahəsində “Tillingen”in çıxışı təkcə yaz mövsümünün apogeyi olmayacaq, həm də iki şəhər arasındakı qardaşlıq münasibətlərinin nümayişi olacaq. Bütün köhnə haqq-hesablar unudulub. Yaşıl-mavililər ağ-sarılılara əl uzadırlar və onları həyəcanla öz qəlblərinə sıxırlar. Redaksiyanın məlumatına görə, iki komandanın oyunu barədə qəti razılığa gəlmək üçün gələn həftə klubumuzun nümayəndəsi Tillingenə göndəriləcək. Bizə bəyan etmək tapşırılıb ki, “Tillingen” yalnız bizim idmançı-centlmenlərimizin arasında yox, eləcə də iki komandanın oyununu sevinclə gözləyən, onların şanlı ənənələrinə layiq oyun, qadir olduqlarının ən yaxşısını göstərəcəklərinə əmin olan bütün idmansevər əhali tərəfindən qardaş pişvazı ilə qarşılaşacaqlar. Hər iki komandanın qəti təsnifatı barədə, əlbəttə ki, yalnız oyundan sonra danışmaq mümkün olacaq”.

– Bir baxın, idman aləmində uğur nələr edir, – “Tillingen” klubunda onların barəsində yazılanları oxuyaraq deyirdilər. – Bir il əvvəl heç kim bizim haqqımızda bilmirdi, amma indi hətta qohştadtlılar da tərif yağdırırlar. Bizim yer üzündə ən pis komanda olduğumuzu yazmalarından, bizə futbol yox, çilingağac oynamağı tövsiyə etmələrindən heç on dörd ay keçməyib. Tamam, onlar dərs almaq istəyirlərsə, alacaqlar: biz onları yeyərik! Onlar yazırlar ki, “Qohştadt” da bir sıra möhtəşəm qələbələrini göstərə bilər. Bədbəxt yalançılar! Onlarla “İnqolştadt”, “Rogensburq”, “Truttensdorf” və “Kayhental” klubları oynayıblar, onlar başla oyundan bixəbər olan məşhur davakarlardır. Onların ən yaxşı kombinasiyası rəqibi bütün tərəflərdən sıxmaq və vurmaqdır. Onlar oyunçuları çırpırlar, topu yox.

– Bir vaxtlar biz də elə edirdik, – sağ qanad hücumçusu köks ötürdü. – Amma yaxşı günlər idi. Yadınızdadır, mən “Ulmerbryuder”in hücumçusunu necə vurdum? Mən onun belini qırdım, boynunu sındırdım, sol ayağını çiliklədim – özü də hamısını cəmi bir zərbəylə.

– Onu klubun hesabına dəfn etmək lazım gəldi, – katib acı-acı qeyd etdi. – Sənin zərbən bizə 2 min markaya oturdu.

– Əvəzində biz oyunda qalib gəldik və bilet pullarını qaytarmalı olmadıq, – sağ qanad hücumçusu bəraət üçün dəlil gətirdi.

– Əlbəttə, biz “Qohştadt”a qalib gələcəyik, – komandanın kapitanı təntənəli şəkildə səsləndi. – İncə-incə, ötürmə texnikamızla udacağıq. Bizim hücumumuzun qarşısını heç kəs ala biməz. Qanadlardan ortaya ötürmə veririk, mərkəzdən ikinci cinaha, mərkəz irəli qaçır, müdafiəçilərlə bir driblinq, rəqibin oyunçuları ilə kiçik bir hoqqa, sağ qanada ötürmə, zərbə və qol. Rəqibin oyunçuları ilə təmas lazım deyil, Qoy meydanda ora-bura qaçsınlar. Top onlar üçün əlçatmaz olmalı, abstrakt bir şey kimi qalmalıdır – başqa heç nə. Hey, hey, ura!

Növbəti həftə “Qohştadt” klubunun təmsilçisi artıq həll edilmiş məsələni başa çatdırmaq üçün gəldi. Tillingendə çıxan “Morgenpost” qəzeti yazırdı ki, hər şeydən öncə söhbət “Tillingen” və “Qohştadt” arasındakı yoldaşlıq matçından gedir və bu oyunda “Tillingen” komandası öz şəhərinin və klubunun şərəfini qoruyacaq. Oyun kubok uğrunda getməyəcək, “köhnə tanışlar”ın, Tillingen şəhərinin Dunay üstündəki Qohştadta qalib gəlməsi uğrunda gedəcək. Qatarlar tillingenliləri yığın-yığın Qohştadta gətirəcəklər ki, onlar Tillingen şəhərinin rəmzi olan ağ-sarı rəngli futbol köynəyi geyinmiş komandalarını mübarizə meydanına ləyaqətlə müşayiət etsinlər və qalibləri elə buradaca bağırlarına bassınlar.

Bir neçə düşməncəsinə baxışa məruz qalmasından başqa “Qohştadt” klubunun təmsilçisinin başına heç bir pis iş gəlmədi və o, danışıqları salam-səfa ilə başa çatdırdı: yoldaşlıq matçı iki klub arasında növbəti bazar günü, “Qohştadt”ın meydançasında oynanılacaq; əldə edilmiş təmiz gəlir yarıbayarı bölünəcək.

Danışıqların sona yetməsindən sonra, klubun köhnə ənənəsinə uyğun olaraq hamı pivəxanaya getdi. Onlar orada klubun hesabına səhərə qədər pivə içdilər. Səhərə yaxın daha bir neçə razılıq əldə olundu. Neytral hakimi “Regensburq” klubundan dəvət etmək, onun nəqliyyat və sair məsrəflərini ümumi hesabdan ödənilməsi barədə razılışa gəldilər. Və sonradan kimsə xatırladı ki, “Qohştadt” klubunun kapitanının ulu babası Tillingen şəhəri üzərinə basqın zamanı “Tillingen” klubunun kapitanının ulu babası tərəfindən qılıncla başından dabanına qədər şaqqalanıb, o isə sonradan öz növbəsində “Qohştadt” klubunun katibinin ulu babasının nizəsi ilə dəlmə-deşik edilib.

Bundan sonra söhbət necə oldusa, zəiflədi və “Qohştadt”ın təmsilçisi tillingenlilərin kapitanının ona qəribə-qəribə baxdığını, sanki öz əcdadının bəraəti üçün nəsə bir tədbir görmək düşüncəsinə daldığını görüb, kirimişcə aradan çıxmağı düzgün saydı.

Nəhayət, həmin şanlı gün gəlib yetişdi. Bütün Tillingen bir neçə yüz ildən sonra yenidən Qohştadtin üzərinə yürüş edirdi. Orada isə artıq hamı müdafiəyə hazır idi.

Tillingendə və Qohştadtda bütün velosiped zəncirləri, palıd dəyənəklər və revolverlər satılıb qurtarmışdı. Tillingenlilərin əl çantaları şübhəli şəkildə ağır idi, çünki daşla doldurulmuşdu, qohştadtlıların cibi daşın ağırlığından sallanırdı. Matç düz saat dörddə başlamalı idi, ancaq artıq saat 15.33-də başlandı…

Birinci neytral hakim həlak oldu. O, başından iki qırmanc zərbəsi aldı – hər tərəfdən birini. Başının iki yerdən yarılmasına baxmayaraq, o, ölümündən qabaq “ofsayd” qışqıra bildi. Fit çalmaq ona nəsib olmadı, ona görə ki, yeni zərbə onun ağzındakı düdüyü üzünə yapışdırmışdı.

Üstünlük tillingenlilərin tərəfində idi, çünki onlar on min nəfərlə gəlmişdilər, Qohştadtın bütün əhalisi isə cəmi 9 min nəfərdən ibarətiydi.

Qohştadlılar çar-naçar müdafiə olunurdular və ümumi vurhavurda tillingenlilərin kapitanını qohştadtlıların qapısının tirindən asmağa müvəffəq oldular.

Tillingenlilərin mərkəz yarımmüdafiəçisi “Qohştadt”ın iki müdafiəçisini gəmirdi və öz növbəsində rəqibin hücumçusu tərəfindən öldürüldü.

Ertəsi gün Almaniyanın bütün qəzetlərinin idman şöbələrinə bu cür qısa teleqram daxil oldu: “Maraqlı “Tillingen”-“Qohştadt” yarışması başa çatmayıb. Meydanda 1200 qonağın və 850 yerli azarkeşin meyiti qalıb. Hər iki klub ləğv olunub. Şəhər yanır”.

Bundan sonra mən nə vaxt “Slaviya”-“Sparta” matçını xatırlayıram, mənə elə gəlir ki, bizdə futbol hələ bələkdədir.

Çevirdi: Xalid Kazımlı

P.S. Hekayə 2012-ci ildə Kulis.az saytında dərc olunub

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117784

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031