Azərbaycanı ən isti yay gözləyir?

18.05.2020 - 21:54

İqlim dəyişmələri və onun dünyaya təsiri son illərin ən əhəmiyyətli və narahatedici məsələlərindən birinə çevrilib. Dünyaya təsir edən iqlim dəyişmələri bəzən insan inkişafına birbaşa təhlükə kimi dəyərləndirilir. Bu dəyişim artıq baş verir və öz fəsadlarını göstərməkdədir. Azərbaycan da bu qlobal iqlim dəyişikliyindən kənarda qalmayıb. Bəzən meteoroloji anomaliyalar, ifrat hava şəraiti və bu kimi dəyişimlər ciddi fəlakətlərə səbəb ola bilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Elmi Tədqiqat Hidrometeorologiya İnstitutunun direktor müavini Rafiq Verdiyev məsələlərə aydınlıq gətirib.

-Bu ilin yayının indiyəqədərki ən isti yay olacağı deyilir. Hətta Rusiya rəsmiləri bunu nəzərə alaraq, meşə yanğınlarına qarşı ciddi tədbir görülməsinə baslayıb. Azərbaycan hidrometeoroloqları bu fikirləri bölüşürmü?

-Ümumiyyətlə, iqlim dəyişmələrinin təsiri nəticəsində son illərdə orta illik temperatur və yay aylarınin temperaturu, o cümlədən maksimal temperaturlar artıb. Bu baxımdan, bu ilin yayının da isti keçəcəyi istisna olunmur. Lakin təəssüflər olsun ki, bir ay və daha çox müddət ərzində maksimal temperaturları əvvəlcədən lazımi dəqiqliklə proqnozlaşdırmaq çətindir. Odur ki, indidən belə bir proqnoz vermək üçün kifayət qədər əsas yoxdur.

-Bəzən deyirlər ki, proqnoz ən yaxın 2-3 gün üçün verilə bilər. Belə olan halda uzunmüddətli, məsələn yay və ya qış üçün proqnozlar nəyə əsasən hazırlanır?

-Hidrometeoroloji proseslər çox mürəkkəb olduğundan, onları yalnız qısamüddətli dövr üzrə lazımi dəqiqliklə proqnozlaşdırmaq mümkündür. Uzunmüddətli proqnozlar isə əsasən bu proseslərin çoxillik dövr üzrə təkrarlanma tezliyini əsas tutan statistik metodlara görə tərtib olunduğundan onların dəqiqliyi aşagı olur.

-Son illər meteoroloji anomaliyalar özünü daha tez göstərir. Bunun səbəbləri nədir və dünya üçün hansı problemlər yaradır?

-Hidrometeoroloji anomaliyaların son illərdə daha da kəskinləşməsi və tez-tez təkrarlanması ilk növbədə planetdə baş verən qlobal iqlim dəyişmələri ilə bağlıdır. Bu səbəbdən də havanın maksimal temperaturu daha da artıb, küləyin şiddəti, fırtına, dolu hadisələri, eləcə də maksimal yağıntıların intensivliyi, şiddəti, daşqınlar və s. kimi hadisələr daha da kəskinləşib.

-Bəzən zarafatyana deyirlər ki, ölkədə ən düz işləyənlər hava proqnozunu verənlərdir. Bu sahədə yanılma nə qədər olur?

-Qısamüddətli proqnozlar ( bir gündən bir neçə günədək) yüksək dəqiqliyi ilə fərqlənir (xəta10-15 % dən cox olmur). Uzunmüddətli proqnoza gəldikdə isə vaxt intervalı böyudukcə, onların xətası da böyüyərək 20-30 % təşkil edir.

-Ötən il “ifrat hava” ilə bağlı verilən proqnozlar deyəsən, özünü tam doğrultmadı. Hər halda proqnozlaşdırılan “ifrat”ı görmədik. Hec olubmu ki, psixoloji amillər nəzərə alınaraq proqnozlarda bəzi rəqəmlər az deyilsin? Yəni əhalinin gözünü qorxutmamaq baxımından…

-Bizim təhlükəli hidrometeoroloji şəraitə dair proqnozumuz adətən bir neçə günü əhatə edir və onların özünü doğrultma dərəcəsi 90%-ə yaxın olur. Biz gözlənilən hava şəraitini olduğu kimi əhaliyə və təşkilatlara çatdırırıq. Bu zaman məqsədimiz əhaliyə bu proseslərlə bağlı əvvəlcədən lazımi dəqiqliklə məlumat verməkdir ki , onlar həmin proseslərə uyğunlaşmaq üçün lazımi hazırlıq görə bilsin. Əgər prosesi necə var o cür proqnozlaşdırmasaq, onda proqnozların özünü doğrultma dərəcəsi aşağı olar.

-Gələk koronavirusa… Məlumat yayıldı ki, nəqliyyat vasitələrinin hərəkətinin azalması hətta Himalay dağlarının uzaqdan görünməsinə səbəb olub. Azərbaycanda karantin rejimi havaya hansı töhfə verib?

-Əlbəttə ki, nəqliyyatın və sənayenin təsiri nə qədər azalarsa, bu, havanın və ümumiyyətlə, ətraf mühitin keyfiyyətinin yaxşılaşması deməkdir.

-Əvvəl deyirdilər ki, qar yağsaydı, viruslar ölərdi. İndi də deyirlər ki, isti olsaydı, koronavirus məhv olardı. Doğrudur, bu, daha çox tibbi məsələdir. Amma bu sahənin mütəxəssisi kimi temperaturun hansısa virusu məhv etməsi fikriylə razılaşırsınızmı?

-Əlbəttə, qışda qarın olması hər baxımdan yaxşı haldır. Əgər həqiqətən də yüksək temperaturlar koronavirusun məhv olmasına gətirirsə, onda ümid etmək olar ki, yayda havaların isti keçməsi nəticəsində bu proses daha da sürətlənə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930