Çörəyi ver çörəkçiyə məsələsi

18.11.2020 - 10:47

Düzünə qalsa, mən politoloqam. Düzdür, bunun məktəbini bitirməmişəm, amma lap uşaqlıqdan bəri dünyada, regionda gedən siyasi prosesləri diqqətlə izləmişəm, siyasi mövzularda çoxlu kitab oxumuşam, təvazökarlıqdan Oksford Universitetinin baş binası qədər uzaq olsa da, deyim ki, bir xeyli bildiyim var.

Namxuda, hafizəm də güclüdür, 1981-ci ilin oktyabrında Misirin 3-cü prezidenti Ənvər Sədatı konkret kimin öldürdüyü də yadımdadır (hərçənd adamı kimin öldürtdüyünü indi də dəqiq bilmirəm – boynuna alan olmadı), Daniel Orteqanın 1979-cu ildə Nikaraquada prezident Somosanı devirməsini, sonradan hakimiyyətə gəlməsini də xatırlayıram, hətta doktor Çarlz Hayderin 1986-cı ildə Ağ Evin qabağında 218 gün boyunca aclıq etməsini də.

Amma etiraf edim ki, hərdən elə müəmmalı hadisələr baş verir, elə qəliz proseslər gedir ki, mat qalıram, bilmirəm, necə şərh verim, dürüst olsun. Çünki informasiya çatşmazlığı olur, bağlı qapılar arxasında 2-3 kişinin tərtib etdiyi planın əsl mahiyyətini, məğzini bilmək olmur. Güman və fantaziya bir yerə qədər gedə bilər, sonra təyyarədaşıyan gəminin pistindən havaya qalxan qırıcı kimi uçub uzaqlara gedir.

Belə məqamlarda təcrübəli politoloqlar çənəyə verərək yarım saat danışır və ortaya 5 versiya qoyurlar – axırda biri düz gəlir. Amma onlar da müəmmalı hadisələrlə dolu prosesin hara varacağını, hansı mənzildə toxtayacağını konkret deyə bilmirlər ki, camaat işini bilsin.

Ona görə də gərək səbr edəsən, təcrübənə güvənərək ortaya dərhal diaqnoz qoymayasan. Bu, ona oxşayar ki,  2020-ci ilin fevralıdır, həkimsən, biri də gəlib sənə öskürdüyünü, qızdırması olduğunu deyir, sən də ona “müalicə” yazırsan: “Qorxulu bir şey yoxdur, qrip olmusan, get zoğal mürəbbəsi ilə çoxlu çay iç, düzələcəksən” . Amma adam koronavirusa yoluxub və nəinki sənin, heç ÜST-ün də bundan xəbəri yoxdur (ilin əvvəlində “boooy, ə, nə koronavirus” deyənlər indi gündə yarım milyon adamın bu illətə yoluxduğinu, 1 milyon 300 min adamın bu mərəzdən öldüyünü bilib şoka düşürlər).

Siyasət məsələləri də belədir. Bir hadisə 5, 10 il əvvəlki bənzər hadisəyə oxşasa da, o demək deyil ki, onu məhz köhnə üsullarla həll etmək olar və o, eynən o biri hadisə kimi nəticələnəcək. Elə olmur. Politoloq da bir-birinə bənzəyən siyasi hadisələrin arasındakı incə fərqləri, dünya düzəninin yeni şəraitini, bir sözlə, onlarla gözə görünən və görünməyən detalları ağır-tüngül etməlidir. Bundan ötrü onun əngin təcrübəsi, zəngin biliyi, iti ağlı, güclü fəhmi, bir də tutarlı və dəqiq informasiyaları olmalıdır.

Ən əsası da məhz informasiyadır. Müxalifətin ağsaqqal lideri İsa Qəmbərin təxminən 30 il əvvəl dediyi kimi, az informasiya əsasında uzaq gedən nəticələr çıxarmaq olmaz.

Bir sözlə, politologiya əslində çox qəliz elmdir. 5-6 kitab, 3-4 gündəlik qəzet oxumaqla, siyasi liderlərin tele-müsahibələrini dinləməklə bu elmə dərindən vaqif olduğunu düşünənlər yanılacaqlar.

Gündəlik həyatımızı götürək. Bir yerimiz ağrıyanda həkimə gedirik, adam bizi dinləyir, resept yazır, dediyini edirik, dərdimizə əlac tapılır. Bir də var, həkimə getməyək, qonşudakı dərzi xalanın tövsiyəsinə əməl edək və yaman günə qalaq (amma bəzən dərzi xalanın tövsiyəsi effektiv ola, tibb elminin nailiyyətlərini puç edə bilir).

Ya da maşının bir yeri xarab olanda, tutaq ki, elektrik sistemində nasazlıq yarananda 22-33-44 yaşlı ustaların yanına getmirikmi, 2 saat oturub onun nasazlığı aradan qaldıracağını gözləmirikmi? Niyə? Çünki bu işi o bilir, biz bilmirik. Biz əsasən futbolu və siyasəti bilirik. Danışdırsan, məlum olacaq ki, siyasəti və futbolu həmin o elektrik də bilir.

Bax, problem də elə budur. Əlbəttə, hər kəs hansısa gedişatdan narahat olaraq fikir bildirə, prosesin axışından narazı olub qayğılana bilər, amma gərək adam “mütləq axırda mən deyən kimi olacaq” deyə hökm verməsin.  Çörəyin yeməli olmasını istəyirsinizsə, verin, onu çörəkçi bişirsin.

Özünüz bilin, mən hazırda qəti hökm, diaqnoz, epikriz verən, hadisələrin sonunun necə olacağını proqnozlaşdıran politoloq və “politoloq”ların statuslarını skrin-şot edib yığıram. Axırda çap edəcəm, bir xeyli adam üçün biabırçılıq olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930