Gözün aydın, Adil müəllim…

20.11.2020 - 15:01

Sentyabrın 27-dən bəri Adil müəllimi- Adil Qaçayoğlunu tez-tez xatırlayıram. Əminəm ki, onu yaxından tanıyanlar da 44 günlük savaş günlərində onun adını mütləq bir dəfə də olsa yada salıblar, “kaş bu günləri görəydi” deyiblər.

Aramızdan ayrılmasından 12 il keçir, amma həm dostları sırasında, həm jurnalistikada həmişə yeri görünən adamdır Adil müəllim…Hərdən bir içdən yazı yazanda da, düşünürsən ki, görəsən, Adil müəllim oxuyub nə deyərdi, bəyənərdimi, yoxsa “dədə, kaş bu yerini bax belə yazaydın…”deyərdi.
Adil müəllimi Vətən savaşında tez-tez xatırlamağımızın səbəbi onu tanıyanlara aydındır. Adil müəllim heç bir mübaliğəsiz təpədən-dırnağa qarabağlı idi.

unnamed (1).jpg (27 KB)

Qarabağlı Adil Qaçayoğlunun içində bir böyük Ağdam sevgisi, Ağdam dərdi vardı. Doğma şəhəri dağılsa da, Adil müəllimin içindəki, yaddaşındakı, xatirəsindəki Ağdama dəymək, ona toxunmaq mümkün deyildi. Bir daşını belə ehtiyatsız “tərpətmək” onu üzər, incidərdi. Demirəm, doğulduğu Ağdamın sevgisi ümumi Qarabağ sevgisini üstələyirdi. Deyirəm ki, Ağdamın yeri onun üçün çox, həm də çox özəl idi.
Qəribədir, o, xüsusilə Qarabağdan, Ağdamdan danışanda əlləri ilə həmişə ürəyinin üstünü oxşayırdı. Adama elə gəlirdi ki, o ürəyində qubar olmuş Ağdamı, o xatirələri belə sığallayaraq oxşayır. Bəlkə də, birinci Qarabağ savaşında ən çox itki verən Ağdamın şəhidlərinin düşmən tapdağında qalmış əsir başdaşılarına sığal çəkirdi…

Dərdini bölüşən adam da deyildi. İş elə gətirmişdi ki, atasının vəzifəsi ilə bağlı bir neçə rayonda yaşamışdı, amma o, bütün ruhu ilə Qarabağa, o torpaqlara bağlı adam idi. Adil müəllimi bir ağaca bənzətsək, kökü Ağdamda idi, suyunu oradan içmişdi…

Bunu gərək ki, bir dəfə də yazmışam: Adil müəllimi nə bu zalım dünyanın etinasız adamları, nə də aramsız çəkdiyi siqaret öldürdü. Qarabağ dərdi, heç qaysaqlamayan Ağdam həsrəti onu aramızdan çox tez-cəmi 53 yaşında apardı…

Heç haqq etmədi bu cür erkən ayrılığı, ədalətsizliyi… Adil müəllimin Biləcəri qəbiristanlığında dəfn edilməsini deyirəm… Bilsəydi ki, 2020-ci ildə noyabr ayının 20-də Ağdam, həm də bir güllə atılmadan işğaldan tam azad olunacaq, yaşayardı, yaşadardı özünü yəqin. Ağdam üçün, Ağdamda ölmək üçün yaşayardı…

fb_img_1570028446580.jpg (33 KB)

Qaranlıq xatırlayıram, Ağdamın artıq qara keçmiş olan işğal tarixi-23 iyulda Adil müəllim ya işə çıxmazdı, ya da lal-dinməz olardı. Fərqli yaşayırdı o məşum tarixi…Başqa cür ola da bilməzdir.
Ağdamla qan qohumluğu bağlarım var, amma mən Adil müəllimi onlardan həmişə fərqləndirərdim. Əlbəttə, Adil müəllimdə də ağdamlılara məxsus cığallıq, ərköyünlük, sözü üzə sərt demək kimi xarakterləri vardı. Zarafatları, duzlu-məzəli Ağdam söhbətləri də öz yerində. Amma ağdamlı Adil müəllim həm də bir başqa idi: ziyalı, nurlu, ədalətli, istedadlı, vətənpərvər…

Onun futbol azarkeşi və bilicisi olması da Ağdamla, tarixi “İmarət” stadionu ilə sıx bağlı idi yəqin ki…Adil müəllim “Qarabağ” klubu ilə təskinlik tapardı. Bu kluba böyük ümidlər bağlayırdı. “Qarabağ”ın beynəlxalq səviyyədə, həm də Ağdam stadionunda oynamasını istəyirdi, bunu görməyi arzulayırdı.

2009-ci ildə, Adil müəllimin ili təzəcə çıxanda, həm də Ağdamın işğal günündə -“Qarabağ” Bakıda Norveç “Rusenborq”una qalib gələndə Famil Cəfərlinin belə bir sərlövhəli yazısı vardı: “Adil müəllim, “Qarabağ” uddu e!..” Bu gün də ürəklə “Ağdam işğaldan azad olundu, Adil müəllim…” deyə, səslənmək, haray çəkmək də, lap sevindiyindən halay da çəkmək olar…

Ağdamda tezliklə hər şey öz yerini tapacaq, şəhər yenidən əvvəlki qaynar həyatına qayıdacaq. Adil müəllim də yəqin bunları mütləq biləcək, sevinəcək…

Gözün aydın, Adil müəllim…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157533

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30