Azərbaycanın yolunu getmək istəyənlər…

01.12.2020 - 11:31

Hələ proseslərin lap əvvəlində, bəli, Azərbaycanın ilk hərbi uğurları dövründə müxtəlif politoloqlar və təhlilçilər yazırdı ki, bunlar Ukrayna, Gürcüstan və Moldova üçün də müəyyən nəticələrə gətirib çıxaracaqdır.

Hətta oxşar “bəyanat”larla (əlbəttə ki, neqativ mənada!) erməni baş naziri N.Paşinyan də çıxış edir və öz qarabasmaları ilə təkcə Rusiyanı yox, hətta Avropanı da şantaj etməyə çalışırdı ki, bəs, qoymayın, türklər Vyana darvazalarının lap qarşısındadırlar…

Amma bu xüsusda ciddi nəticələrin hələ məqamı deyil. Məsələn, Moldovada seçkilər bu günlərdə başa çatıb, hərçənd, rusiyalı politoloq və təhlilçilər Moskva ilə Kişinyovun münasibətlərinin soyuyacağından yazr və bəhs edirlər, hətta bu dalğada Dnestryanı münaqişənin yenidən alovlana biləcəyini belə istisna etmirlər.

Onlar bunu Moldovada qərbyönümlü M.Sandunun hakimiyyətə gəlməsilə izah edirlər, çünki əvvəlki prezident İ.Dodondan fərqli olaraq Sandu daim Rusiyaya qarşı kəskin münasibətilə seçilibdir.

Bizim yaddaşımızda isə o, daha çox baş nazir olduğu dönəmdə Gürcüstanın eks-prezidenti M.Saakaşvilini ölkəsinə dəvət edərək iqtisadi, xüsusən də anti-korrupsiya islahatlarının aparılmasını ona həvalə etmək istəməsilə qalmışdı. O vaxt prezident Dodon buna mane oldu, amma Sandu indi istər Rusiya ilə bağlı, istərsə də digər məsələlərlə bağlı siyasət aparmaqda tamam sərbəstdir.

O ki qaldı Gürcüstana, burada da seçkilər başa çatdı. Amma onlar ölkənin siyasi palitrasını kardinal şəkildə dəyişə bilmədi – bəli, köhnə siyasi konfiqurasiya yenə qalır, heç kim ölkədə kardinal dəyişikliklərin start götürəcəyini güman etmir.

Əlbəttə, gürcü siyasətçilərinin də bir qismi Azərbaycandakı prosesləri çox diqqətlə izləyir. Amma Azərbaycandan fərqli olaraq Gürcüstanda Rusiya özünün hərbi mövcudluğunu çoxdan təmin edib, özü də tamam ağır şərtlərlə. İndi Abxaziya və Cənubi Osetiya təkcə Rusiyanın siyasi yox, həm də sosial-iqtisadi nəzarəti altındadır. Soruşula bilər ki, hazırda daha dərin Rusiya-Gürcüstan dialoqu üçün zəmin varmı?

Əlbəttə, danışmaq, müzakirə açmaq həmişə mümkündür. Amma bu dialoqun qiyməti yalnız Gürcüstanın qərbyönümlü siyasətdən tamamilə imtina etməsi ola bilər. Bəli, bu illər ərzində Gürcüstan NATO-nun və ya Aİ -nın üzvü ola bilmədi, amma bəzi xarici politoloqların da dediyi kimi, bu müddət ərzində o qədər sənəd imzalanıbdı ki, onlar Gürcüstana da bu qurumların qeyri-formal üzvü kimi yanaşmağa əsas verir. ABŞ-da baş tutmuş son seçkilər də müəyyən ümidlər verir, çünki ABŞ özünü bu ölkədə aparılan siyasətin arxitektoru, xüsusən də Gürcüstanın suverenlik və müstəqilliyinin təminatçısı hesab edir.

Elə Ukraynaya da bu rakursdan baxmaq lazım gəlir. Bəli, məsələ bundadır ki, prezident B.Obamanın dövründə Ukrayna ilə bağlı siyasət o vaxt vitse – prezident olan C.Baydenə həvalə olmuşdu və sonuncu da bu xüsusda hətta Kiyevə bir-iki səfər də etmişdi.

Belə güman edilir ki, Bayden Rusiyaya qarşı soyuq siyasət aparacaq və bu, özünün Rusiya-Ukrayna münasibətlərində də öz ifadəsini tapacaqdır.

Amma burada da Rusiya ilə barışığın qiyməti çox, olduqca baha görünür – Kreml Kiyevin “geosiyasi xəyanət”ini hec cür bağışlaya bilmir, amma Gürcüstanın halında olduğu ki, burada da Şimali Atlantika və Avropa kursundan imtina olunmasının ehtimal heç də böyük görünmür, hərçənd ki, hətta ən optimist təhlilçilər belə hesab edirlər ki, Ukrayna ən yaxşı halda, on ildən sonra bir bərabərhüquqlu üzv kimi NATO – nun mənzil – qərargahında özünə kürsü təmin edə bilər.

Üstəlik, Tiflisdən fərqli olaraq Kiyevdə NATO-ya qoşulmaqla bağlı dəstək heç də mütləq xarakter daşımır. Bunun çoxlu əleyhdarları var və üstəlik, xeyli adam da bu fikirdədir ki, Ukraynada aparılan son demokratik islahatları, hətta “rəngli inqilab”ları belə birmənalı şəkildə NATO-ya inteqrasiya olunmaqla bağlamaq olmaz, çünki demokratiya və yüksək rifah burada NATO -suz da bərqərar ola bilər, ən azı ona görə ki, Avropanın özündə belə nümunələr olub və ya var…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157878

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930