Qızıl yataq

09.12.2020 - 10:05

Bizim koronavirusla ümummilli mübarizəmizin simvolu elə o qara rəngli əski maskalar ola bilər. Hansısa payanın başına taxıb qara bayraq kimi yelləyərik. Çünki hazırda o maskalar qədər mənasız bir zadın mövcud olması şəxsən mənim ağlıma gəlmir. Hansı fırıldaqçı fikirləşib tapıbsa, halal olsun. Əl boyda elastik parçada qulağa taxmaq üçün iki deşib açıblar, “nano-keçiricili”, “özüyuyulan”, nə bilim, topdağıdan, erməniqıran, itiqovan adıyla xalqa satırlar, özü də minimum 1 manat 50 qəpikdən. Maya dəyəri bəlkə 1,5 qəpik deyil. Faktiki olaraq bu parça maskalar heç zaddan qorumur, üstü, böyrü-başı dəlmə-deşikdir. Nəfəs alıb-verəndə də adamın ağzına yapışır, yalan olmasın, xirtdəyinə gedir qayıdır. Qətiyyən tibbi əhəmiyyəti yoxdur. Ancaq neynirsən? Millətin bəlkə yarısı məhz bu qara maskada dolaşır. Görəsən hökumət bu yalançı maskaları niyə qadağan eləmir? Hansı fövqəladə səlahiyyətli biznesmenin, oliqarxın, monarxın və sairənin projesidir ki, buna mane olmaq faktiki mümkün deyil? Qəribə işdir. Əgər polis səni küçədə, 500 metrlik radiusunda ins-cins olmayan şəraitdə tutsa, cərimə yazılacaq. Ancaq millətin yarısı ağzına yalançı maska taxıb gəzir, bir söz deyən yoxdur.

İndi sərt karantini təzədən tətbiq eləyirik. Bəs buna gətirən səbəbləri niyə düşünən yoxdur? Camaatı qınamaq asandır, lakin qanun qarşısında hamı bərabər olmayanda, belə vəziyyətlər yaranır. Elan eləyirlər: “Filan qədər koronaviruslu xəstələr küçədə dolaşdığı üçün cəzalanmışdır”. Lap yaxşı. Doğrudan da başqalarını yoluxdurmaq, pandemiya qaydalarını pozmaq insan ölümünə səbəb olan hərəkətlər silsiləsindəndir və ağır cəzalar kəsilməlidir ki, bunun qarşısı alınsın. Ancaq niyə fikirləşən yoxdur ki, bu xəstələrin küçədə dolaşması səbəbi nədir? Adamlar təcili tibbi yardıma zəng edib düşə bilmir. Evə tibb bacısı çağırır, “korona” adı eşidən “cüzam” eşitmiş kimi uzaq qaçır, bəs yazıq xalq nə etməlidir? Elementar bir suala uca hökumətimiz necə cavab verir: tutalım bütün ailə koronaya yoluxub, evdən çıxa bilmir, bəs bunlara çay-çörəyi kim alıb verməlidir? Hansı dövlət xidməti belə şeylərə baxır? Cavab: sıfır. Məsuliyyət – sıfır faiz. Cəza – 500 faiz. Əlbəttə, xalq üçün. Heç siz “filan təcili yardım çağırışlara cavab vermədiyi üçün, beşməkan həkim xəstələrə laqeydlik göstərdiyi üçün cəzalanmışdır” cümlələrini görüb-eşitmisiniz? Mən rast gəlməmişəm. Bizdə ancaq küçəyə çıxan viruslular yaxalanır. Ta onları küçəyə çıxaranları düşünən olmur. İmanımızı yandırmayaq, ədalət naminə onları da düşünürlər. Məsələn, hansısa bayramda xeylisinə “Dövlət qulluğunda fərqlənmə”, “Əməkdar tibb işçisi”, “Peşəkar virusqıran”, nə bilim, “Ünlü antiseptikfısqıran” mükafatları təqdim ediləcəkdir. Millət də həmin kostyumlu-qalstuklu, qırmızıkoftalı-yaşıltumanlı cənab və xanımları görəndə hörmətlə, izzətlə baş əyəcəkdir.

Dünən bir xəbərdə gördüm, yazmışdılar: “TƏBİB-in şöbə müdiri Filankəs xanım əhalini özünümüalicə tədbirlərindən çəkinməyə çağırmışdır. Sosial şəbəkələrdə deksametazon dərmanı geniş reklam olunur, ancaq bu dərman xeyirsizdir. Uzaq durun” və sairə. Nə gözəl məsləhətdir. Sağ ol, minnətdarıq, spasibo, mersi. Bəs əvəzinə nə etsin millət? Bunu deyən yoxdur. Xəstəxana adam götürmür, təcili yardım gəlmir, küçəyə çıxanda polis tutur… Şair demişkən: “Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”… Hələ o testin qiymətini niyə o qədər baha eləyiblər – bilən yoxdur. Sanki adamların burun-boğazı Kəlbəcərin Zod qızıl yatağıdır. Çöpü salanda 90 manat çıxır.

Short URL: http://www.cumhuriyyet.net/?p=158205

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728