75 yaşlı sələfin de-marşı – fürsətcil Manukyan 30 il sonra yenidən baş nazir olmaq istəyir

11.12.2020 - 15:51

Bu günlərdə Ermənistanda hakimiyyətə can atan, öz ətrafında geniş koalisiya yaratmağı bacaran, ələ düşmüş tarixi fürsətdən yararlanmağa çalışan 75 yaşlı Vazgen Manukyanın zəngin, ziddiyyətli, təbəddülatlı bioqrafiyası var.

Bu üzdən onun təqdimatı da geniş ola bilər: beyni zəhərlənmiş “genosid qisasçısı”, “sovet xüsusi xidmətinin əlaltısı”, “separatçı və avantürist millətçi”, “yarımçıq alim”, “uğursuz baş nazir”, “başqalarının xidmətini mənimsəyən müdafiə naziri”, “Qafan aqressoru”, “prezidentin başı üstündən iş görən, “uğursuz prezidentliyə namizəd”, nəhayət, “bulanıq suda balıq tutmaq istəyən fürsətcil”.

Bütün bu qeydləri Vazgen Manukyan haqqında, özü də onun qatı tərəfdarı olan biri tərəfindən yazılmış vikipediya məqaləsindən çəkib çıxarmaq mümkündür. Müəllif Manukyanın həyat yolunu və “xidmət”lərini idealizə edərkən, onu bütün hadisələrin mərkəzinə yerləşdirib, Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan və digər erməni siyasətçilərin siyasi proseslərdə iştiraklarını minimuma endirməyə çalışıb.

Manukyanın ermənilər üçün “sadiq vətənpərvər”, “iliyinə qədər xalq mübarizi” obrazı düz təvəllüdünə dair rəqəmdən başlayır. Qeyd olunur ki, o, vaxtilə “erməni genosidi”nə məruz qalaraq Vandan Gümrüyə qaçmağa məruz qalmış ailədə doğulub.

1.jpg (6 KB)

Onun atası Mikael Manukyan İrəvan universitetində fizika professoru olub. Manukyan yaxşı orta təhsil alıb, İrəvanda Çexov adına orta məktəbi bitirib, sonra atasının dərs dediyi fakültəyə qəbul olunub. Daha sonra o, güman ki, atasının köməyi ilə Moskva dövlət universitetinə köçürülüb. Orada iki il təhsil alan Vazgeni Türkiyə səfirliyinin qarşısında “anti-genosid” aksiyası təşkil etdiyinə görə MDU-dan qovublar. O, İrəvana qayıdıb, atasının tanışlarının vasitəsilə SSRİ Elmlər Akademiyasının Novosibirsk filialında aspiranturanı bitirib. Manukyan böyük ehtimalla yenə atasının köməyi ilə fizika-riyaziyyat elmləri namizəd elmi adı qazandıqdan sonra elə atasının yanındaca, İDU-da dərs deməyə başlayıb – 1972-ci ildən 90-cı ilə qədər. 1990-cı ilə qədər elmləri doktoru, indiyədək isə akademik olmalı olan şəxs elə həmin elmi rütbəsindəcə qalıb.

Vikipediya məlumatlarında göstərilir ki, Vazgen Manukyan siyasi fəaliyyətinə erkən, 21-22 yaşlarında başlayıb. Bu yaşda gəncin birdən-birə Avropa ölkələrində start verilən “anti-Türkiyə” kampaniyasına qoşulması, əlbəttə, onun öz ağlının məhsulu ola bilməzdi. Dəqiqdir ki, ona bir dilverən, onu və başqalarını erməni faşizminin beynəlxalq miqyasda kükrədilməsi işinə qoşanlar olub.

4.jpeg (138 KB)

Manukyan barədə materiallarda həmin adamın adı çəkilir: XİN-də yüksək vəzifə tutan, sabiq səfir Amazasp (Amo) Arutyunyan (onun barəsində sabahkı yazımızda ətraflı bəhs olunacaq).

Arutunyanların, kaputikyanların, baqramyanların yetişdirdiyi Manukyan 1970-ci illərdə katolikos I Vazgenin himayəsi ilə Qarabağda və Naxçıvanda mədəni abidələrin xilas edilməsi istiqamətində fəaliyyət göstərib, nəhayət, 1988-ci ildə, baş qaldırmaq fürsəti yetişdiyində ortaya çıxıb və “Qarabağ” hərəkatının təşkilatçılarından birinə, daha sonra koordinatoruna çevrilib, sonradan Erməni Ümummilli Hərəkatına qoşulub.

“Zvarnots” aeroportunda sovet əsgərlərinin hava limanının işini iflic edərək, Kremldən Qarabağı Azərbaycandan alıb Ermənistanı verməyi tələb edənləri amansızcasına döyüb dağıtmasından (100-dən artıq erməni ağır xəsarət alıb, bir nəfər ölüb) sonra Manukyan meydanda xalqı ümummili tətilə çağırıb.

Həmin il dekabrın 10-da Manukyan “Qarabağ” komitəsinin digər üzvləri ilə birlikdə həbs edilib, Moskvada “Matrosskaya tişina” türməsində 6 ay saxlandıqdan sonra azad olunub.

111-n165233-1.jpg (56 KB)

Ancaq işə baxın, 1988-ci ildə Qarabağın Azərbaycandan qoparılmasının dərdi ilə paralel, həm də daha istəkli bir şəkildə Ermənistanın müstəqilliyi ideyasını dəstəkləyən, açıq anti-sovet fəaliyyətə keçən Manukyan hələ SSRİ dağılmazdan əvvəl Ermənistanın baş naziri olub. Bundan əvvəl, 1990-cı ilin mayında o, Ermənustan Ali Sovetinin deputatı seçilib, həmin ilin avqustunda isə parlament Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyanı parlamentin sədri, Manukyanı isə ölkənin baş naziri postuna seçib. Ancaq keçmiş fizika-riyaziyyat müəllimi bu vəzifədə heç bir uğur qazana bilməyib, dağılmağa başlamış SSRİ-nin çökməkdə olan iqtisadiyyatı onsuz da 15 müttəfiq respublikanın ən kasıb 3 ölkəsindən biri olan Ermənistanı da yaman günə qoyub. Həmin vaxt hökumətin birinci şəxsi olan (ölkə konstitusiyasına görə, prezident postu təsis olunmamışdı) diletant Manukyan bir il çabaladıqdan sonra, 1991-ci ilin sentyabrında vəzifəsindən getməli olur.
1991-ci ilin oktyabrında Levon Ter-Petrosyan müstəqil Ermənistanın prezidenti seçilib, Manukyan öz tərəfdarları ilə birlikdə EÜD-dən çıxıb, öz partiyasını (Milli Demokrat Partiyası) yaradıb, müxalifətə keçib. Ancaq bir ildən sonra onu yenidən dövlət işinə cəlb ediblər, Qarabağda gedən müharibənin şiddətlənməsi fonunda Manukyan əvvəlcə dövlət naziri, sonra Ermənistanın müdafiə naziri postuna təyin olunub, eyni zamanda hərbi-sənaye kompleksinin işinə rəhbərlik edib.
Manukyanən tərəfdarları 1992-ci ilin payızına doğru Azərbaycan ordusunun uğurlu hücumlarının qarşısının alınması kimi “tarixi xidməti” əsasən Vazgen Manukyanın ayağına yazmağı sevirlər, amma bəlli olan odur ki, “o qələbənin ataları” çoxdur. Ayrı-ayrı vaxtlarda bunu Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, digər generallar öz nailiyyətləri kimi qələmə veriblər.

Ancaq 1992-ci ilin 10 dekabrında Ermənistan ordusunun Qafan rayonu tərəfdən Zəngilan və Qubadlı üzərinə hücuma keçməsi əmrini general Yuri Xaçaturova məhz Vazgen Manukyan verib. Bu artıq Ermənistanın Azərbaycana rəsmən müharibə elan etmədən hərbi təcavüzü demək idi.

7.jpg (108 KB)

Bundan sonra dişində şirə qalan Manukyan Kəlbəcərin işğalına və orada mülki əhalinin qətliamına başçılıq edib. Prezident Ter-Petrosyan onun bu cür hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu bildirib və 1993-cü ildə onu Manukyanı nazir postundan uzaqlaşdırıb.

O, 1995-ci ildə parlament üzvü seçilib, 1996-cı ildə geniş koalisiyadan ibarət müxalifət cəbhəsi yaradaraq prezident seçkilərinə qatılıb, ancaq Levon Ter-Petrosyana uduzub. Manukyan seçkilərin nəticələrini saxtalaşdırıldığını elan edib, müqavimət göstərib, mitinq təşkil edib, tərəfdarlarını MSK-nın binasına soxulmağa çağırıb, toqquşmaya rəvac verib.
Ancaq sonradan o, yumşalıb, camaatı polisə müqavimət göstərməməyə səsləyib, öz qınına çəkilib, əlinə əlverişli fürsətin düşəcəyi günü gözləməyə başlayıb.

6.jpg (6 KB)

Maraqlıdır bu vəzifə və hakimiyyət hərisi 3 ildən sonra Levon Ter-Petrosyanı devirən “Qarabağ klanı”nın liderlərinin Röbert Koçaryan və Serj Sarkisyanın ard-arda prezident seçilərək 20 il hakimiyyətdə qalmalarına qarşı cınqırını çıxarmayıb, İctima Palata yaradaraq baş girləməklə məşğul olub.

44 günlük müharibədə məğlub olan Ermənistanda ortalığın qarışmasını, Paşinyanın nüfuzdan düşməsini, köhnə prezidentlərə – Ter-Petrosyana, Koçaryana, Sarkisyana xalqın əvvəllər olduğu kimi etimad göstərməməsini nəzərə alan 75 yaşlı “qoca kaftar” artıq zamanının yetişdiyini düşünür, öz ətrafında yenidən koalisiya yaradaraq, “bulanıq suda balıq tutmaq” istəyir.

Lider axtarışında olan və bir-birini qəbul etməyən gənc siyasətçilər nəsli onun ətrafında ona görə birləşirlər ki, ilk mərhələdə Paşinyana qalib gəlsinlər, onu devirəndən sonra Manukyanla hesablaşmaq çətin olmayacaq.

PashinyanManukyan.jpg (48 KB)

O, bu məsələdə də həmyaşıdı və universitet yoldaşı (onlar eyni vaxtda İDU-da, fərqli fakültələrdə təhsil alıblar) Levon Ter-

Petrosyandan fərqlənir. Ter-Petrosyanın 68 yaşı olanda ondan seçkiyə qatılıb-qatılmayacağını soruşublar, keçmiş prezident deyib ki, daha gecdir, 68 yaşında adam prezident kürsüsünə iddia etməməlidir. Manukyan isə 75 yaşında siyasi perspektiv hayındadır.

Təkcə bu göstərir ki, bu adam sağlam düşüncəyə malik biri deyil, fikri 1992-ci ildə qalıb, elə bilir ki, gələcək, qara fiqurlarla başlayacaq, iki gedişə məsələni həll edəcək. O, hələ indidən özünü “müharibə partiyası”nın lideri kimi aparır, hətta açıq anti-Türkiyə çıxışları edir. 30 il öncə dünyada mövcud olan ən bğyük rus imperiyasını dağıtmaq üçün əlindən gələni edən Manukyan indi Moskvaya güvənir, Kremllə əlaqələri istiləşdirməyə çalışır.

Arzu edək ki, Manukyan baş nazir olsun və revanş niyyətinə köklənsin, başına gələnləri görsün, məğlubiyyətin acı dadını hazırkı xələfi, devriləndən sonra isə sələfi olacaq Paşinyan kimi içdən-içdən yaşasın.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=158318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728