Alp Aruzun xan Qazana dediyi və… “Fatihə”si qalan Minsk “üçlüsü”

23.12.2020 - 15:17

2020 təkcə Azərbaycanın misilsiz hərbi zəfəri ilə başa çatmır. Təzə təqvim ilini biz həm də çox ağır bir psixoloji yükdən qurtularaq gedirik. Söhbət Qarabağ məsələsində illərdir ermənipərəst mövqedən çıxış edib, qanımızı it qanına döndərən ABŞ- Fransa-Rusiya “Minsk üçlüsü” adlı “yük”dən gedir. Allah bizi bir də belə əcaib “vasitəçilər”ə möhtac eləməsin, inşallah.

Nə yaxşı ki, erməniyanlı həmsədrlər daha əsəblərimizlə oynaya bilməyəcəklər. Çünki Qarabağ konflikti kimi, Minsk Qrupu da artıq tarixdir, keçmişdir. Hərçənd lap əvvəldən “ölü doğulmuş” bu qurumu 44 günlük Vətən savaşından sonra da dirildib ona və ermənilərə “ikinci nəfəs” vermək istəyən məkrli qüvvələr qalır. Qələbəmizi həzm edə bilməyən çevrələr hələ də ayaqdadır.

Ancaq çifayda? Qatar gedib. Minsk Qrupu adına görüləsi nəsə bir iş qalıbsa belə, o da onun “Fatihə”sidir. Əslində həmin “Fatihə”ni də Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də Bakıda turist həmsədrlərlə görüşdə verdi. Abır-həyaları olsa, bir də buralara gəlməz, Minsk Qrupunu da buraxarlar.

“Acınacaqlı da olsa, Minsk Qrupu artıq ölüb. Halbuki, həqiqətən, o, faydalı platforma ola bilərdi”. Bunu qrupun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. “Həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmaq lazım deyil. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir. Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini görmürəm” – amerikalı diplomat bildirib.

Biz də onu deyirik.

İnsan gərək ən əvvəl özünə sayğılı ola, öz yerini bilə, çağırılmayan yerə gedib və lap başa keçib, özünü urvatsız etməyə. Fərqi yoxdur, adi şəxs olsun, ya diplomat. Yoxsa ki, iş-işdən keçəndən, düşmən basılandan sonra Alp Aruz sayağı peyda olub, “Çək qılıncını, xan Qazan, getdik” demək səmimilik deyil, igidlik heç deyil. Belə jestdən üstəlik, namərdlik qoxusu gəlir. Barı, abrınıza kor olun.

Adama deyərlər düşməni, yəni işğalçını ram eləmək üçün əlinizdə bütün imkanlar, təzyiq vasitələri və N qədər vaxt olub. Amma gərəkəni etmədiniz, ildən-ilə azğınlaşan Ermənistanı cilovlamadınız. Bunu Azərbaycan Ordusu etdi. Guya bixəbər olduğunuz Qələbəni isə sizə İlham Əliyev Bakıda, Qazan xanın dili ilə söylədi: “Gecikmisiniz, düşmən artıq basılıb”.

Bu yerdə incə bir detala diqqət çəkmək gərəkir.

Üç həmsədr dövlət arasında münasibətlər qurum yaranan gündən hamar olmayıb. İndi də gərgindir, problemlər, ziddiyyətlər yaşanır. ABŞ və Fransa (Avropa Birliyi) hətta Rusiyaya sanksiyalar tətbiq edir Krımın ilhaqına görə onu işğalçı adlandırıb və adlandırır. Ancaq nə sirdirsə, Qarabağ məsələsinə, erməni işğalına gələndə “üçlər”i həmişə bir-biri ilə mehriban gördük. Dərhal valın o biri üzünü çevirib də təcavüzkarın xeyrinə daim ortaq mövqe, həmrəylik göstərdilər. Fransa Senatının Qarabağla bağlı məlum fitnəkarlığı və həyasızlığı da öz yerində.

Əlbəttə, gərək nə qədər kor, avam və cahil olasan ki, burda xristian amilini görməyəsən.

Gördük, görürük və bilirik! Bizə qarşı edilən bütün pisliklər daxil, heç birini də unutmayacağıq! Yamanlığa yaxşılıq eləmək lüksümüz isə yoxdur. Zira, söz konusu – Vətən, torpaq, namus…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158747

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031