Aşmağa meylli “Gelandevagen” və ya sürücü kimin oğludur… – Videolu köşə
Filarmoniyanın tinində, dirsəyində 4-5 avtomobili xışlayaraq aşan “Gelandevagen”in qəza hadisəsinin videosunu görəndə yadıma 5-6 il öncə eyni markalı maşının Yasamal tərəfdə bənzər qəzaya düşməsi düşdü.
Hələ bunu qoyum, ona keçim. Almanlar bu qədər gözəl, hərtərəfli, komfortlu, sürətli, qiymətli, necə deyərlər, qeyrətli maşın düzəldiblər, bircə şeyi nəzərə almayıblar ki, “Gelan” aşmağa meyllidir. Saatda 100-150 km sürətlə sürüb döngə burulanda böyrünü qoyur yerə.
Ta nə oldu, camaat buna 200 min dollar pul sayır ki, lazımınca “oborot” yığıb, “povorot” kəsəndə aşsın?
Düzgün deyil, ədalətsizlikdir. “Mersedes-Bens” holdinqi təcili olaraq Azərbaycan sürücüləri üçün “Gelan”ın döngədə aşmayan modelini buraxmalıdırlar.
Yoxsa düz gəlmir. Tez-tez belə hadisələr baş verir. Ara yerdə xeyli yastı (sedan) maşın, türkün sözü, xurdaya dönür. Axırıncı hadisədə ən azı 4 maşın (videodan elə görünür) ciddi ziyan çəkib, bir-ikisi də yüngülcə sürtlüb. Halbuki o maşınların sürücüləri sakitcə, adam balası kimi ard-arda durub yolun açılmasını gözləyirdilər.
Yuxarıda sözünü danışdığım hadisədə isə “Gelan” başqa avtomobillərə çırpılmamışdı, eləcə yoldan çıxıb 2-3 metr aşağıya, binanın həyətinə düşmüş və aşmışdı. Bəlkə də əvvəl aşmış, sonra həyətə düşmüşdü, axır ki, fotoqda maşının təkərlərinin dördü də göydə qalmışdı.
O vaxt adının çəkilməməsi üçün əməkdaşımıza boğaz çəkən mötəbər mənbə çörəyin bərəkətinə and içib demişdi ki, bu aşan “Gelan” prokurorlardan birinin züryətidir. Biz də yazmışdıq, demişdik, əl-əlbət, elə olar.
Bu, qəza törədən başqa “Gelandevagen”dir
Çünki o zamanlar (elə indi də) “Gelandevagen” markalı maşınlar elə qiymətə idi ki, bunun təzəsini ala bilsə-bilsə, milyonçu iş adamları, eləcə də prokuror, rəis, hakim, İH başçısı, bir də pullu nazirliklərin mühüm idarələrinin rəisi kimi vəzifə tutanlar ala bilərdilər. “Gelan”ı santexnik almayacaqdı ki? O, yalnız “Opel Astra” ala bilər – o da iş alətlərini baqaja yükləyib iş dalınca getmək üçün.
Xüləs, prokuror oğlunun aşırdığı “Gelandevagen”ə görə əməkdaşımızı prokurorluğa çağırdılar. Orada təxminən 1 saat ərzində onun boynuna qoymağa çalışıblar ki, heç bir prokurorun oğlu “Gelan” aşırmayıb, məlumat yanlışdır. Qaralovun vaxtıydı, deyəsən, Aparatdan zəng gəlibmiş ki, araşdırın, görün, hansı prokurorun oğlu o cür qanacaqsızlıq edib, cəzalandırın, bizə məlumat verin.
Bunlar da necə araşdırmışdılarsa, maşını aşıranın prokuror oğlu olmadığını dəqiqləşdirmişdilər (dediklərinə görə), amma kimin oğlu olduğunu öyrənə bilməmişdilər. Çünki əməkdaşımız soruşanda ki, “yaxşı, bəs belə bahalı maşında qəza törədən şəxs kimdir, kimin oğludur”, jurnalisti istintaqa çəkən prokuror-müstəntiq dürüst cavab verməkdən imtina etmiş, “hərbi sirri” qorumuşdu.
Guya bizim (eləcə də ictimaiyyət) üçün qəza törədənin kimin oğlu olmasının bir fərqi vardı. Heç dirəşmirdik də ki, yox, o adam mütləq prokuror oğlu olmalıdır. Olmasın prokuror oğlu, olsun hakim oğlu, İH başçısının oğlu, nə fərqi var axı? Əsas məsələ o idi ki, bir harın gədə superbahalı maşınla ictimaiyyətin həyatı və əmlakına təhlükə yaradaraq qəza törətmişdi və özü də, Allah bilir, nə gündə xəstəxanaya aparılmışdı.
O hadisənin əsas nəticəsi bu oldu: əməkdaşımızın prokurorluqda dindirilməsindən 2-3 saat sonra adı çəkilən hüquq-mühafizə orqanı belə bəyanat yaydı ki, filan məlumatın yayılmasıyla bağlı lazımi tədbirlər görülüb, jurnalist tənbeh olunub.
Bu, həyasızlığın hansı leveli idisə, bəlli olmadı. Bahalı maşında qəza törədən milyonçu züryəti, tənbeh olunan – jurnalist.
O hadisədən sonra azı 2 harın vələd “Gelandevagen”lə qəza törətdilər (səs-küyü çıxan), 6-7 adam öldürdülər, 4-5 adam yaraladılar, 1-2 il həbsdə bəy kefində yatıb çıxdılar.
Budur, indi başqa bir “Gelan” sürücüsü maşını aşırıb və hadisənin anbaan görüntüsü var. Tağı müəllim demişkən, burcutmaq yeri yoxdur. Qoy araşdırıb xalqa məlumat versinlər, görək, bu qəzanı törədən vəzifəli adamın oğludur, yoxsa santexnik balasıdır? Bəlkə yetimdir, internatda böyüyüb?
P.S. Hər halda burada maşın buraxan müəssisənin də məsuliyyəti var, yuxarıda dediyimiz kimi, elə avtomobil buraxmalıdır ki, hər saat aşmasın.
Short URL: http://www.cumhuriyyet.net/?p=161390