“Bloomberg” Azərbaycana qarşı ciddi nöqsana yol verib – ARAŞDIRMA

14.02.2017 - 19:09
Yanvar ayı ərzində OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 93% əməl edib. “APA-Economics” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi tərəfindən aparılan araşdırmanın nəticələri göstərir.
Başqa sözlə, OPEC ölkələri sutkalıq hasilatı 1,078 mln. barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 mln. barel/sutkada olub.
Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48% əməl edilib.
“Bloomberg” agentliyinin OPEC və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib.
Agentlik yazır ki, yanvar ayında 21 ölkədən yalnız 4-ü hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. Təqdim olunan rəqəmlərdən belə anlamaq olar ki, Azərbaycan yanvarda sutkalıq hasilatı 35 min barel azaltmalı olduğu halda hasilatı cəmi 5 min barel azaldıb.
Maraqlıdır ki, Azərbaycanın Energetika Nazirliyinin təqdim etdiyi rəqəmlər onu göstərir ki, ölkəmiz hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirir. Ötən gün qurumun mətbuat katibi Zəminə Əliyeva “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, Vyanada əldə olunan razılaşmanın şərtlərinə əsasən, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb: “Bu razılaşmaya əsasən, yanvar ayında Azərbaycanda sutkalıq neft hasilatı 793,9 min barel təşkil edib. Sözügedən razılaşma əldə olunduqdan sonra dünya birjalarında neftin qiymətində müsbət dinamika müşahidə olunmaqdadır. Hazırda Brent markalı neftin qiyməti 56 dollar ətrafında dəyişir. Ötən ilin analoji ayı ilə müqayisədə cari ilin yanvarında neftin qiyməti 25 dollar artıb və bu amil neft hasilatçılar üçün əlverişlidir. Azərbaycan neftin qiymətini və ümumilikdə bazarı stabilləşdirməyə yönələn istənilən addımı dəstəkləyir. Növbəti görüşdə Azərbaycana hasilatın azaldılması təklif olunarsa, biz bu addımı atmağa hazırıq. Bunu ölkə başçısı İlham Əliyev və energetika naziri Natiq Əliyev də bəyan edib”.
Bundan öncə isə energetika naziri Natiq Əliyev bəyan edib ki, Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir: “Cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib”.
Ötən gün Küveytin neft naziri Əssam əl-Marzuk bildirib ki, OPEC üzvləri neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi 92%, kartelə üzv olmayan ölkələr isə 50% yerinə yetirir: “Hazırda Vyana razılaşmasının şərtlərinə 100% əməl olunmur. Biz fevralda OPEC-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılmasını müzakirə edəcəyik”.
Nazir həmin dörd ölkənin adını çəkməsə də əlavə edib ki, əsas məqsəd razılaşmanın şərtlərinə 100% əməl olunmasıdır.
Ötən həftənin sonunda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, OPEC-ə üzv olmayan 11 ölkə yanvarda sutkalıq hasilatı 269 min barel azaldıb. Bu isə nəzərdə tutulan planın 48%-ni təşkil edir. Plana əsasən, cari ilin I yarısında OPEC üzvü olmayan ölkələr hasilatı 558 min barel azaltmalıdır.
Neftin hasilatının azaldılması ilə bağlı Vyanada əldə olunan razılaşmaya OPEC-ə üzv olmayan 11 ölkə qoşulub: Azərbaycan, Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan Respublikası və Cənubi Sudan.
BEA-nın məlumatlarına əsasən, Rusiya yanvarda ötən ilin oktyabr ayının göstəricisindən 60 min barel az neft hasil edib. Halbuki, Rusiya Energetika Nazirliyi bu rəqəmin 117 min barel olduğunu iddia edir.
Bununla yanaşı, yanvarda OPEC üzvləri sutkalıq hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə çatdırıb. BEA-nın ekspertləri hesab edir ki, bununla da hasilatın azaldılmasına dair razılaşma 90% icra olunub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930