Ölkələri bir qəpik də xərcləmədən gəzən azərbaycanlı səyyahın hekayəsi

16.08.2017 - 14:54

Dünyada vaxtının çoxunu qapalı məkanlarda keçirənlərlə yanaşı, olduğu yerə, ümumilikdə dünyaya sığmayan insanlar da var. Bu cür insanlar vaxtlarının çoxunu yollarda, səyahətlərdə keçirir. Yəqinki, aktiv insanların həyat tərzi sizə də maraqlıdır.

Sizə olduğu mühitə sığmayan insanlardan birinin hekayəsini təqdim edirik. Hər nə qədər özünü səyyah hesab etməsə də vaxtının çoxunu yollarda keçirir. Maraqlısı isə bundadır ki, ölkələri demək olar ki, pul sərf etmədən gəzir. Bəli, düz başa düşdünüz, pul sərf etmədən. Bunu necə bacardığını isə Balamirzə Tağıyev özü desə daha yaxşı olar.

Onu da deyək ki, Balamirzə Tağıyev hazırda Bakıda yaşayır. Gündüzləri mobil operatorlardan birinin müştəri xidmətlərində çalışır. Gecələri isə Radio-Video musiqi qrupunun meneceri olaraq fəaliyyət göstərir. Eləcə də Air&Extreme klublarının birində veb dizayn və kontent menecerdir. Dediyinə görə, səyahət onun üçün əyləncə və kəşf deməkdir.

Qısacası, A24.Az sizə avtostopla 3 ölkə, 10-dan çox şəhər gəzən Balamirzə Tağıyevlə olan müsahibəsini təqdim edir:

Səyahətə marağınız necə yaranıb?

Səyahətə marağım açığını desəm, monotonluqdan bezdiyim üçün yaranıb. Mən biraz aktivəm və bir qədər də sponton. Sual verəndə ki, filan yerə gedək? Düşünmədən və cavab vermədən dərhal çantamı hazırlayıram.

Bəs avtostopla gəzmək ideyasını sizdə hardan yaranıb?

Avtostopla gəzmək ideyasının təməli çox danışmağımdır. Tərfiləmək kimi olmasın, yaxşı yol yoldaşıyam. Hər zaman deyib, gülürəm. Heç kəsi darıxmağa qoymuram. Düzdür,   avtostopla gəzməyimin səbəbi həm də maliyyə məsələsidir. Amma işin maraqlı tərəfi yaxşı yol yoldaşları və gələcəkdə paylaşacaq unudulmaz xatirələr toplamaqdır. Avtostopla səyahət edəndə, tanımadığın insanlarla dostlaşırsan. Bu isə insanı həyəcanlandırır.

Bunu tətbiq edərkən çəkinmirsiniz? Məsələn, yolda hər cür insanla qarşılaşırsınız. Başınıza təhlükəli hadisələr gələ bilər və ya pulunuzu oğurlaya bilərlər.

Avtostopda ən vacibi enerjidir. Nə olur, olsun enerjini qorumalısan. Pozitiv düşüncə ilə yola çıxmalısan. Bir məsələni deyim ki, sərhədlərarası avtostop ölkə içindəkinə nəzərən daha rahat və təhlükəsizdir.

Ümumilikdə neçə ölkə gəzmisiniz?

Ümumilkdə Gürcüstan, Rusiya, Ukrayna, Dağıstan, Türkiyə, Çeçenistan, Yunanıstan, Belarusiyada olmuşam.

Bəs avtostopla neçə ölkə gəzmisiniz?

Türkiyə, Gürcüstan və Ukraynanın az hissəsini avtostopla gəzmişəm.

Məlumatıma görə, Türkiyəni qarış-qarış gəzmisiniz. İnsanlar sizə necə münasibət göstərir? Bütün yaxınlaşdıqlarınız sizə kömək əlini uzadır?

Bəli, Türkiyənin çox şəhərini gəzmişəm. Amma Türkiyə daxilində avtostop çox çətindir. Belə deyim ki, əgər yanında xanım dostun varsa və birgə avtostopa çıxırsınızsa yolda maksimum 10 dəqiqə gözləyirsiniz. Bəzən daha da tez sizə yardımçı olurlar. Əgər tək avtostopa çıxırsınızsa, 2 saat,  hətta daha çox yolda qalırsınız. Çünki insanların marağında deyil, mənim kimi saqqalı, hərbi geyimdə olan biri. Çoxu qorxur. Kömək göstərənlərin çoxu ya avtostopa çıxıb yolda qalanlardır, ya da mənim kimi söhbəti sevənlər.

Türkiyədə eləcə də avtostopla getdiyiniz ölkələrdə neçə şəhər gəzmisiniz?

Türkiyənin xeyli şəhərində gəzib, gecələmişm. Batumdan Antalyaya qədər olan şəhərlər. Antalyada xeyli qaldım. Ordan da hardasa 10-na yaxın avtostop etmişəm. Gürcüstanın 8-9 şəhərində olmuşam. Ən az gəzdiyim yer isə Ukrayna olub.

Bəs harda qalırdınız? Çadır, yoxsa hotellərdə?

Hotellərlə heç aram yoxdur. Çadırda təbii ki. Amma üstünlüyü kənd camaatının evində qalmağa verirəm. O daha maraqlı olur, nəinki çadırda tək qalmaq.

Kənd camaatı sizdən pul alırdı, ya qonaq edirdilər?

Pul söhbəti olmayıb, heç vaxt. Sadəcə qonaq edirlər.

Avtostopla gəzdiyiniz ölkələrə nə qədər pul sərf etmisiniz?

Demək olar ki, pul sərf etmədən gəzmişəm. Pul xərclədiyim şəhər Antalya və ətrafı olub. Xərcim də ancaq su və enerji içkisinə çıxıb.

Sizcə səyahət etmək üçün pul çox önəmlidir?

Əgər Şengen vizan varsa, yox.

Səyahətləriniz  zamanı yadınızda qalan ən maraqlı və təhlükəli hadisələr nə olub?

Bir hadisə var, çox da gülməli sayılmaz, amma danışım. Türkiyənin qonaqpərvər ölkə olduğunu bildiyim üçün özümlə çadır aparmamışdım. Getdiyim şəhərlərin birində qonaq da edən tapılmadı. Çox aqressiv insanlara rast gəldim. Gecəni məsciddə yataraq keçirdim. Səhər duranda isə  namaz qılan insanların əhatəsində idim.

Qorxulu hadisələrə gəlincə, polisə şikayət edilməsi xaricində yadımda qalan heç bir şey olmayıb. Polisə şikayət isə sırf görünüşümlə bağlı idi. Hərbi geyim, üzümdə saqqal və çiynimdə çanta. Hazırda Türkiyədə bu çox qorxuludur. İlk olaraq məni polis saxladı.  Sənədlərimə baxdı və dedi ki, burada avtostop edə bilmərəm. Məni maşınla daha rahat və təhlükəsiz bir yerə apardılar. Daha sonra kənd camaatı məndən dəfələrlə polisə şikayət edib. Sən demə, mən yola çıxmadan bir gün öncə bura bomba atıblarmış.

Qeyd: Balamirzə Tağıyev səyahət etdiyi yerlərdə şəkil çəkdirməkdən elə də xoşlanmır. Yaşadığı anı yaddaşında ölümsüzləşdirməyə üstünlük verir.  Sizə təqdim etdiyimiz fotoları ilə arxivdən çox çətinliklə tapa bilib.

Nərmin Kərim, A24.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=98210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930