"Əkrəm Əylislinin anası"
Cumhuriyyet .az virtualaz.org-a istinadən xalq yazıçısı Elçinin “Əkrəm Əylislinin anası” essesini təqdim edir.
“Əkrəm Əylislinin anası”
Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara? O gözəl Əylis
kəndində o gözəl qarı indi nə eləyir görəsən? Kiçik, amma səssiz-küysüz,
rahat və xudmani “Dupleks” otelinin beşinci mərtəbəsindəki səliqəli
otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri görünür, mən isə,
sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl Əylis kəndini, o gözəl
Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram.
Niyə?
Bilmirəm…
Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada
qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik. Əkrəm Əylisligilin həyətində
oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin qoca anası qabağımıza
balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın dadı indiyə
qədər mənim damağımdan çəkilməyib.
Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına Əylisin o
gözəl bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər
yox, o qoca ananın əlləri gəlir, elə bil ki, o ağaclar da, o
dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o quru barmaqların
bərəkəti, istisi müqabilində susur və xatirəyə gəlməyə ürək eləmir…
O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə
hərdən yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini
qızdırır: adam elə bil ki, o quru barmaqların bərəkətini, nəsə, işıqlı
bir varlıq kimi, gözləri ilə görür… Indi də pəncərəmdən Eyfel
qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə gəlir ki, o quru
barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində
həmişə bütün ətrafa gizli bir layla deyir.
15 oktyabr 1988
Paris
Short URL: http://www.cumhuriyyet.net/?p=10822