Mətbuat yumurtasının lax çıxması

20.01.2021 - 10:13

“Müftə pendir ancaq siçan tələsində olur”

(ingilis məsəli)

Bizdə rəhmətlik Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vardı, indi yerində nəsə ayrı idarə düzəldilmişdir. Həmin KİVİDDF-nin hansı ünvanda ofis tutduğunu öyrənmək üçün dünən elə-belə, bekarçılıqdan internetdə axtarış verdim və qarşıma maraqlı xəritə çıxdı. Xəritədə fondun gömrük-istintaq idarəsi, qəzetləri çap edən nəşriyyat və quzu təndir-kababı obyekti arasında yerləşdiyi görünürdü. Həqiqətən, Vüqar müəllimin uğurlu rəhbərliyi altında biz jurnalistlər belə bir “Bermud üçbucağı”na düşmüşdük. Kiminin günü istintaqlarda keçirdi, kimi quzu kababı basırdı. Yeganə işsiz qalanlar nəşriyyatçılar idi, çünki yuxarıda yazdığım kimi, bizdə indi jurnalistika tam bekarçılıqdır. Hər şeyi bizim əvəzimizdən dövlət özü yazır, buna görə dərin minnətdarlığımızı bildiririk.

Lakin o cür inkişafı Vüqar müəllimə bağışlamadılar, bu yaxında istintaq idarəsi onun özünü tutub içəri salmışdır. Qəribədir, nədənsə “Sərhədsiz Reportyorlar” təşkilatı hələ də Vüqar Səfərlinin həbsinə etiraz bəyanatı verməmişdir, bu da Qərb dairələrinin ikili standartlarla yaşadığını göstərir. Ayıb olsun! Hansısa müxalif jurnalistə şapalaq vur, dünya üstümüzə gələcək, lakin burada yekə bir dəstək fondunun şefini tutublar, mızıldanan yoxdur. Heç ABŞ səfirliyi belə narahat olmamışdır! ABŞ yazdım, rəhmətlik Məmməd Aslanın Səddam Hüseyn haqda, hələ 1990-cı illərdə yazdığı misra yadıma düşdü. O zaman koalisiya qüvvələri İraqın burnunu əzib Küveytdən qovanda Məmməd bəy Səddama həsr elədiyi şeirdə yazırdı: “Orada bir şir darda qalıb bağırır”. Bu niyə yadıma düşdü, heç bilmirəm. Mənim yaddaşımda o qədər belə əhəmiyyətli informasiyalar var ki…

Əlbəttə, Vüqar müəllim də özünə görə bir şirdir, baxmayaraq dara düşüb bağırmır, halbuki buna bütün əsasları vardır. Öz aramızdır, axı onun suçlandığı ittihamlar tragikomikdir. Misal üçün, dünən saytlarda “Jurnalistlər binası”nda verilən 20 mənzilin geri alınacağı xəbəri yayılırdı. Sən demə, bu evlər layiq olmayan adamlara verilibmiş. Burada əsas söhbət elə bu “layiq olan” mövzusudur. Guya jurnalistlər ev almağa layiq imiş, lakin hansısa başqa peşə sahibləri özlərini saxta sənədlərlə siyahıya dürtüblər. Örnək üçün, hansısa redaktor katibəsinə ev təşkil edib, başqası jurnalist olmayan qohumunu siyahıya salıb və sairə. Heç soruşan yoxdur ki, axı dövlət hansı qabiliyyətinə görə jurnalistlərə ev verməliydi, eyni zamanda katibələrə ev verməli deyildi? Verilirsə, hamıya verilsin – sovet hökumətinin vaxtındakı kimi. Ümumiyyətlə, bazar ortadan yığışsın, şairdən fəhləyə, katibədən jurnalistə, akademikdən polisə qədər hər kəsin adı ev növbəsinə yazılsın. Dövlət evi tiksin, dövlət evi versin. Vəssalam, şüttəmam. Ortada narazılıq və əliəyrilik də olmasın. Düzdür, nəticədə 30-40 il mənzil növbəsi gözləmək, təzə “naxalstroyların” inşası, ispalkom sədrinin bığı altından keçib növbədə qabağa düşmək və sairə kimi temalar ortaya çıxar, ancaq cəhənnəmə ki. Əsas odur sonra bu dövrü nostalji ilə xatırlayarıq.

Elə son günlər bəzi dükan-bazarda yumurtanın bahalaşması və qıtlaşması xəbərləri yayılır, bu da dövlətin toyuqlara dəstəyinin artmasını vacib edir. Benzin bahalaşandan toyuqlar yumurtlama yerlərinə artıq xərc çəkməklə gedirlər. Təcili tədbirlər görmək, hinin müdirini tutub yolmaq lazımdır. Bizdə tarixən inkişafın iki əsas yolu olubdur: ya yumurtlamalısan, ya yolunmalısan. Qalan yollar əfsanədir, balaca, ot-ələf basmış cığırlardır.

Yazını ingilis məsəli ilə başladıq, milli mentalitetə yad ünsür sayılmamaq üçün öz məsəlimizlə bitirək: “Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?” Bu həm də KİVDF-yə aiddir. Çünki o fondun altına qoyulanda milli mətbuat yumurtamız hələ lax deyildi, yadımıza gəlir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160059

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031