Qayınatasını döyən dünya çempionunun cəza ağırlaşdırıldı
“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baş tutan məhkəmə iclasında qərar elan edilib.
Qərara əsasən Ehram Məcidovun cəzası artırılıb. Onun cəzası 3 il 6 aydan, 6 il 6 aya dəyişdirilib.
Ehram Məcidov cəzaya etiraz olaraq aclıq aksiyasına başlayacağını deyib.
Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.
Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun qeyd edilən əməli törətdiyi sübuta yetirilsəydi, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilmişdi. Onun qayınatasını beşbarmaqla vurması sübuta yetirilməmiş və 228-ci maddə ilə bəraət verilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=133685