Rafael Cəbrayılov həbs ediləcək? – RƏY

01.10.2019 - 15:20

Xəbər verdiyimiz kimi, Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bununla bağlı sabah saat 16:00-da MSK-nın iclası keçiriləcək və Milli Məclisin Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq.

Maraqlıdır, əgər MSK-da Rafael Cəbrayılovun fəaliyyətinə xitam verilərsə, ona cinayət işi açıla bilərmi?

Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan Konstitusiyasının 89.4-cü maddəsinə əsasən Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, deputat mandatından məhrum edilir:

“Deputat sahibkarlıqla məşğul ola bilməz, amma sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə onu cinayət məsuliyyətinə cəlb etmək də mümkün deyil. Çünki cinayət qanunvericiliyinə əsasən hökmən Cinayət Məcəlləsində nəzərdə tutulan əmələ görə cinayət işi açıla bilər. Belə bir maddə olmadığı üçün Rafael Cəbrayılov məsuliyyətə cəlb edilə bilməz”.

S.Vəkilov əlavə edib ki, ona yalnız deputat toxunulmazlığı götürüldükdən sonra vətəndaş şikayətləri əsasında cinayət işi açıla bilər:

“Bu zaman törətdiyi cinayət üzrə (mənimsə və ya dələduzluqla bağlı) cinayət işi başlanıla bilər. Əgər R.Cəbrayılovun əməlində cinayət tərkibi varsa, həmin əməllə bağlı ittiham verilə bilər”.

Qeyd edək ki, bu gün baş prokuror Zakir Qaralov mediaya açıqlamasında bildirib ki, MSK deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq:

“Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmədə onun dələduzluq və ya digər cinayət törətməsi müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq”.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31