BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ… – Lənkəranı yenəmi Rüfət Quliyev təmsil edəcək?

03.02.2020 - 10:57

Prezidentə müraciət edərək, özünü istefaya göndərən son parlamentin tərkibindən bir çox hakim partiya üzvlərilə yanaşı, müstəqil hesab olunan deputatların da yenidən öz namizədliklərini irəli sürməsi cəmiyyətin böyük kəsimində tənqid və narazılıqla qarşılandı. Təkrar namizədlikləri verilən YAP təmsilçilərinin “partiyanın iradəsindən çıxış edərək” növbədənkənar seçkiyə qatılmaları kimi bir bəhanəsi ola bilər. Lakin ölkədəki islahatlarla ayaqlaşmadıqlarını dolayısı da olsa etiraf edərək, parlamentin buraxılmasına səs verən müstəqil deputatların yenidən namizəd olmalarını anlamaq çətindir.

 

Belə namizədlərdən biri də artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat olan Rüfət Quliyevdir. Ümumiyyətlə, Lənkəranın deputat sarıdan bəxti gətirməyib desək, yəqin ki, bizi qınayan olmaz. Xatırladaq ki, Lənkəranın digər dairəsi olan 74 saylı dairədəki deputatı da Hadı Rəcəblidir. Bu iki deputatı birləşdirən bir çox cəhətlər var ki, onlardan biri də biznesdir.

 

Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı omasa da, şəxsi biznesilə bağlı kifayət qədər uğurları olduğu bildirilir. Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.

 

O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılıb. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər.

 

 

 

Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi: “Xüsusilə son illərdə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır…”

 

Mətbuatda Rüfət Quliyevlə bağlı gedən yazılara diqqət yetirdikdə, onların böyük əksəriyyətinin deputatın biznesi, var-dövləti və pulla bağlı qalmaqallarına aid olduğunu görərsiniz. Sonuncu belə qalmaqal məhkəməyə qədər gedib çıxan 328 min dollarlıq pul davası olub.

 

Məlum olub ki, deputatın sələmə pul verdiyi və hətta dostu olduğu iddia edilən şəxs dünyasını dəyişdiyindən, millət vəkili onun ailə üzvlərindən pulun əvəzinə əmlak tələb edir. Həmin vaxt qarşı tərəfin vəkili jurnalistlərə müraciət edərək , “məhkəmədə hər kəs görsün ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir” deyə bildirmişdi.

 

Təəssüf ki, deputatın külli miqdarda pulu, var-dövləti olması və onu sələmə verməsi Azərbaycan üçün adi hala çevrilib…

 

Ancaq maraqlı olan öz biznesilə, var-dövlətilə məşğul olan bir adamın təkrar-təkrar deputat seçilməkdə marağı və bunun necə mümkün olmasıdır.

 

 

 

Normalda, müstəqil deputat arxasında hər hansı siyasi qüvvənin, ideologiyanın olmadığı bir şəxsdir. Belə şəxsin 3 dəfə ardıcıl olaraq deputat seçilməsi və dördüncüyə də iddialı olması üçün ən azından ölkə çapında tanınmasına, xarizmatik şəxs olmasına, olduqca aktiv ictimai-siyasi fəaliyyəti, geniş auditoriya tərəfindən diqqətlə izlənən çıxışları, nəhayət, heç olmasa təmsil olunduğu dairənin əhalisi qarşısında fövqəladə xidmətləri və s. digər üstünlüklərə malik olması gərəkdir. Bəs bunların hansı biri Rüfət Quliyevdə var?

 

Müsahibələrinin birində bu deputatın öz seçicilərilə görüşünə dair söylədiklərinə diqqət yetirin: “Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var… hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur”.

 

Belə çıxır ki, artıq Lənkəran camaatının bütün problemləri həll olunub və deputata söyləyəcək elə bir sözü qalmayıb. Bəlkə əksinə, əhali hörmətli deputata nəsə deməyin mənasız olduğunu anladığından ona müraciət etmir? Yaxud bəlkə bu görüşlər əgər keçirilirsə də, yalnız deputata sərf edən “ənənəvi kontingentlə” keçirilir? Axı istənilən lənkəranlı, deputatın əlindən tutub, onu işsizlikdən, imkansızlıqdan, sosial problemlərdən əziyyət çəkən yüzlərlə, minlərlə ailənin qapısına apara bilər.Təbii ki, əgər R.Quliyev həmin qapıları döymək istəyirsə…

 

Nəhayət, bu deputatın belə demək mümkünsə, hansı siyasi cinahı təmsil etməsinə nəzər yetirməkdə bir fayda var. Ölkədə aparılan iqtisadi, kadr və struktur islahatları, eləcə də siyasi islahatlar “köhnə qvardiyaya” aid olan və onun bosslarının qulluğunda durmuş fiqurlara yeni şəraitdə şans tanımır.

 

 

 

Rüfət Quliyevin hansı qrupa, hansı cinaha aid olmasına dair konkret fikir söyləməkdən uzağıq. Yalnız onun müsahibələrinin birində keçmiş MTN naziri Eldar Mahmudovla bağlı suala nostalji dolu, az qala kövrək cavabını xatırlatmamaq olmur: “Həmkarım Çingiz Əsədullayevin(Eldar Mahmudovun ən yaxın adamlarından biri, Rüfət Quliyevin dostu-red.) bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər…”

 

Bəs bu sırada kimlər olub və indi onlardan kimlər qalıb görəsən?

 

Bir də görəsən lənkəranlılar nə düşünürlər? Yenəmi Hadı Rəcəbli, yenəmi Rüfət Quliyev?…

 

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031