Salyanda balıq gölündən oğurluq edənlərə atəş açıldı: 1 ölü, 1 yaralı
Bu gecə Salyan rayonunun Qaraçala kəndi ərazisindəki süni balıq gölündə baş verən silahlı incidentin bəzi təfərrüatları məlum olub.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kəndin ərazisində yerləşən və Bakı şəhərində yaşayan tanınmış iş adamı Vahid Hikmət oğlu Abdullayevə məxsus balıq gölünə oğurluğa gələnlərə gözətçi, iş adamının qardaşı oğlu-25 yaşlı Rəşad Valeh oğlu Abdullayev tərəfindən ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 25 yaşlı Asif Gəray oğlu Qarayev hadisə yerində ölüb, onunla birgə əraziyə gəlmiş həmkəndlisi, 24 yaşlı Fərzalı Vidadi oğlu Aydınov isə güllə yarası alıb.
Xatırladaq ki, faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Virtualaz.org
***10:40
İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.
Salyan Rayon Prokurorluğundan virtualaz.org-a bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=148366