“Sabunçu İcra Hakimiyyəti Eldar Əzizovun göstərişlərinə əməl etmir” – vətəndaş FOTO

17.09.2020 - 10:10

Təkadamlıq aksiya keçirən vətəndaş Hacı Qalib Salahzadə tərəfindən tapdalanan mülkiyyət hüquqlarının bərpasına nail ola bilmir

“Avqustun əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizov məni qəbul edib dinlədi, əmlakımın qəsbi və sonra baş verənləri biabırçılıq adlandırdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 11 şöbə rəisinin imzası ilə Sabunçu Rayon İcra Hakimiyyətinə məktub yazıb, mənim torpağıma gedən yolun açılması istənilib. Hörmətli Eldar müəllim yolun açılmasının tez bir zamanda baş verməsini məktubunda qeyd edib. Sabunçu Rayon İcra Hakimiyyəti həmin məktubda göstərilən tələbi yerinə yetirmir, mənə qarşı cinayət törətmiş Qalib Salahzadənin tərəfində dayanır”.

Bunu Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirən vətəndaş Seymur Quliyev deyib. Onun sözlərinə görə, 9 ildir ki, əmlakı Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub. Məmurların hərəkətsizliyi, Azərbaycan qanunlarını saymaması, konstitusiyanın tələblərinə məhəl qoymamaları özəl əmlakının dayanacaq kimi istifadə edilməsinə yol açıb: “Cənab prezident İlham Əliyev heç bir məmurun, heç bir kəsin qanundan üstün olmadığını hər çıxışında vurğulayır. Sabunçu Rayon İcra Hakimiyyətində sanki cənab Prezidentin dediklərini heç eşitməyiblər. Məni iyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul etdi, dinlədi. Adil Vəliyev isə ”pandemiyadır” deyib qəbul etmir. Eldar Əzizov məni məhz pandemiya dövründə, qaydalar qorunmaqla qəbul edib. Mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxıb, mənə qarşı baş verənləri biabırçılıq adlandırıb. Adil Vəliyev isə məni təsərrüfat şöbəsinin müdirinin yanına, müavini Güloğlan müəllimin üstünə yollayır. Bu vəzifəli şəxslər də açıq-aşkar deyir ki, bu məsələ bizim səlahiyyətlərimiz daxilində deyil, biz heç kimik”.

Seymur aksiya-1.jpg (81 KB)

Vətəndaş Seymur Quliyev illərdir ki, tapdanan mülkiyyət hüququnun bərpası üçün mübarizə aparır. Bu müddət ərzində Qalib Salahzadə tərəfindən zəbt olunan özəl torpağının geri qaytarılması üçün müxtəlif instansiyalara ardıcıl müraciətlər edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2 dəfə torpağın Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa, Baş Prokurorluq torpaq sahəsinin Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişinə əsasən Reyestr Xidmətinə sorğu verilib ki, əraziyə gedən yol müəyyən edilsin və yolun açılmasının təmin edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılıb: “Eldar Əzizov məni qəbul edəndə dinlədi, dedi ki, məsələ həll olunacaq. Həll edilməsə, Qalib Salahzadə qanunsuzluğu davam etdirsə, məsələni ölkə rəhbərliyinin diqqətinə çatdıracaq. Sabunçu İcra Hakimiyyəti açıq-aşkar Eldar Əzizovun göstərişlərinə əməl etmir, Hacı Qalibə himayədarlıq edirlər, onun mənə qarşı cinayətinə şərik olurlar”.

Seymur Quliyev deyib ki, 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Hacı Qalib Salahzadənin onun özəl mülkiyyətinə, dəniz sahilinə gedən və qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 1, ev 2 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi istənilib. O dövrdə məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciət olub. Müraciət müəllifləri qeyd edib ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib, lakin  məsələ bu günə qədər həllini tapmayıb.

Xatırladaq ki, Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılıb. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Seymur Quliyevin iş üzrə zərərçəkən kimi tanınması da 2 il əvvəl olub.

Seymur Quliyev deyir ki, Qalib Salahzadədən saxta sənədlə bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə alınıb: “Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi araşdırıldı. İş üzrə Cinayət Məcəlləsinin 259-cu – qanunsuz ağac kəsmə və 320-ci – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılıb”.

Seymur Quliyev deyir ki, Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930