Stalin öz adına olan şəhəri müharibə gedə-gedə bərpa etdirib – Faşist barbarlığının silinən izləri

14.11.2020 - 15:21

Qarabağ savaşına qədər müharibə səhnələrini biz yalnız kinolarda görmüşdük, kitablarda oxumuşduq. Müharibələr zamanı yaşayış məntəqələrinin bombalanması, raket atəşinə tutulması, dinc mülki əhalinin kütləvi qırğınları heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun olmayaraq dəhşətli səhnələr yaradıb. İkinci Qarabağ savaşında ermənilərin Gəncəni, Bərdəni və digər yaşayış məntəqələrimizi davamlı olaraq hədəf seçməsi də bir daha sübut etdi ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi üçün heç bir qanun mövcud deyil. 44 günlük müharibədə təkcə Tərtər rayonuna atılan raketlərin sayına diqqət etsək, bu ərazini sovet-alman müharibəsindəki Stalinqradla müqayisə etmək olar. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində də Tərtəri Stalinqrada bənzədib:

“…Tərtər şəhəri, II dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, – özü də böyük şəhər deyil, – yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi…”

Tərtər niyə məhz Stalinqradla müqayisə olunur?

stal600_default.jpg (123 KB)

Bütövlükdə II dünya müharibəsi illərində ən çox zərər çəkən şəhərlərdən biri Stalinqrad olub. Stalinqrad döyüşləri 17 iyul 1942-ci ildən 2 fevral 1943-cü ilə qədər davam edib. Stalinqrad döyüşlərində hərbi əməliyyatlar zamanı tərəflər və müttəfiqləri 2 milyondan artıq itki veriblər. Bu rəqəmə həmçinin Stalinqradda yaşayan 40 mindən artıq dinc əhali də daxildir.

Stalinqradın işğal edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, Adolf Hitler üçün həm də mənəvi zövq məsələsi sayılıb. Fürer Stalinin adını daşıyan şəhəri işğal etməklə Stalin üzərində mütləq qalib fikrini formalışdırmağa cəhd edib. Ancaq Stalinqrad döyüşləri nəinki Hitlerin zövqünü təmin edib, əksinə, müharibənin gedişatını dəyişərək dünya iddialı Hitleri məğlubiyyətə daha da yaxınlaşdırıb.

imgB.jpg (120 KB)

Sovet qoşunlarının Stalinqraddakı uğurlu əməliyyatlarından sonra, hələ müharibə tam başa çatmamış şəhərin bərpası məsələsi Kremldə müzakirəyə çıxarılıb. Xalq Komissarları Sovetində Stalinqradın bərpası ilə bağlı müşavirələr keçirilib. Müşavirələrdə fərqli fikirlər səsləndirilib.

Döyüşlərdən sonra Stalinqradda olan diplomatik korpusların nümayəndələri, xarici jurnalistlər şəhərin bərpasının mümkün olmayacağını söyləyiblər. Moskvada olan ABŞ prezidentinin xüsusi müşaviri Devis isə Kremldə Stalinqradın bərpa məsələsi ilə bağlı fikirlərini belə bildirib:

“Mən belə hesab edirəm ki, şəhərin yerləşdiyi ərazinin şimalında, yaxud da cənubunda, dağıntılar olmayan yerlərdə eyni adlı yeni şəhər salınsın. Çünki bu qədər dağıntının, bombalanma və yanğınlar nəticəsində tamamilə sıradan çıxmış şəhərin bərpası həm maddi, həm də fiziki baxımdan mümkün olmayacaq…”

800px-Сталинград._Разрушенный_музей_обороны_Царицына.jpg (94 KB)

Kreml məmurları arasında da bu təkliflə razılaşanlar olub. Stalin bütün münasibət və mübahisələrə bir cümlə ilə son qoyub:
“Biz Stalinqradı bərpa edəcəyik…”

Stalinqrad vilayətinə və şəhərinə dəymiş ziyanı müəyyənləşdirmək və hesablamaq üçün xüsusi komissiya yaradılıb. Komissiya müəyyənləşdirib ki, ümumi təsərrüfata dəyən ziyanın məbləği 19 milyard, əhaliyə dəyən maddi ziyan isə 9 milyard məbləğindədir və dağılmış tikililərlə bağlı aşağıdakı siyahını Kremlə təqdim edib:

1. 41895 yaşayış binası
2. 48 zavod və fabrik
3. 110 məktəb
4. 120 uşaq bağçası
5. 7 teatr binası
6. 15 klub
7. 2 sirk binası
8. 7 kinoteatr
9. 2 muzey
10. 15 xəstəxana
11. 6 doğum evi
12. 68 poliklinika
13. 3 institut binası

1468594714171893732.jpg (91 KB)

Siyahıya həmçinin kitabxanalar, texnikumlar, kolxoz binaları, kənd təsərrüfatı obyektlərinin də adı əlavə olunub.
Stalinqradın bərpası ilə bağlı çoxsaylı briqadalar yaradılıb, əvvəlcə vilayət ərazisi minalardan təmizlənib, səyyar xəstəxanalar yaradılıb, kommunikasiya xətləri bərpa olunub.

Artıq 1943-cü ilin mart ayından başlayaraq partiya, komsomol, hüquq-mühafizə və təsərrüfat orqanları vilayətdə və şəhərdə öz fəaliyyətlərini bərpa ediblər. Təkcə ilk 5 ayda Stalinqrad vilayət Partiya Komitəsində 464 məsələ müzakirəyə çıxarılıb.
Ən qısa zamanda ərzaq məhsulları istehsal edən müəssisələr işə başlayıb. Əhalinin ilk zəruri tələbat malları ilə təmin edilməsi üçün mütəxəssislərdən ibarət briqadalar istehsal müəssisələrinin bərpasına, yenidən qurulmasına cəlb ediliblər.
Stalinqradın bərpası zamanı ən çətin işlərdən biri də Vermaxt qoşunlarından qalmış qənimət hərbi texnikaların, silah və sursatların şəhərdən çıxarılması olub. 3 ay ərzində şəhərdən qənimət kimi əldə olunmuş 5812 tank, 7158 mərmi, 16215 pulemyot, 25180 avtomobil, 107 min aviasiya bombası və digər sursatlar çıxarılıb.

146859132616627744.jpg (58 KB)

Problemli məsələlərdən biri şəhəri alman döyüşçülərinin meyitlərindən təmizləmək olub ki, onların sayı 147200-ə çatıb.
6 ay ərzində şəhərdə 506 yaşayış binası, 25 məktəb, 1 xəstəxana əhalinin ixtiyarına verilib. Yaşayış binalarının bərpası və tikintisi ən yüksək templə aparılıb.

Bütövlükdə Stalinqradın bərpasında 1200 könüllü briqada iştirak edib və şəhər tam bərpa olunub.

Yaxın zamanlarda biz də belə bir hadisənin şahidi olacağıq. Erməni barbarlığı nəticəsində dağıdılmış yaşayış məntəqələrimiz bərpa olunacaq, tikiləcək, dirçələcək və əvvəlki görkəmlərindən də gözəl görünəcək…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930