Sabir Rüstəmxanlı 32 il əvvəlki tarixdən nələr danışdı…

18.11.2020 - 10:43

“İndi meydan rəhbərliyinə şərik çıxanlar çoxdur”

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və o tarixi hadisələrdən 32 il ötür. Dirçəliş Gününün tarixi isə 1988-ci ilə bağlıdır. Belə ki, 1988-ci ilin 17 noyabrında ermənilərin xain iddialarına, Qarabağa sahiblənmək üçün başlatdıqları hərəkata, Topxana meşələrini qırmasına etiraz olaraq Bakıda milli-azadlıq hərəkatı başladı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasətinə, Ermənistanın və Dağlıq Qarabağda yaşayan ermənilərin xain təcavüzünə cavab olaraq xalq ölkənin hər yerindən meydanlara axın etdi.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı və 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeridildi. Meydan hərəkatı 20 Yanvar qırğınından keçsə də, müstəqil dövlətçiliyimizə gedən yol oldu.

18 günlük meydan hərəkatına rəhbərlik etmiş şəxslərdən biri, xalq şairi, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışarkən hərəkatın tarixi əhəmiyyətini belə izah edir: “17 noyabr Azərbaycan tarixinin ən parlaq günlərindən biridir və biz haqlı olaraq onu Milli Dirçəliş günü adlandırırıq. Milli Dirçəliş sözünün anlamı çox böyükdür. Bu təkcə ermənilərin torpaq iddiası və ya Topxana meşəsinin qırılması ilə bağlı deyil. Milli Dirçəliş Gününə gələn yol, yəni 1988-ci ilin fevral ayından başlanan mitinqlər Ermənistanın torpaq iddiasına, yəni Dağlıq Qarabağı Ermənistana birləşdirməsinə qarşı xalq etirazı  idi. Xalq erməni ziyalılarının həyasızlığına, Dağlıq Qarabağda baş verənlərə etiraz olaraq noyabr ayından Azadlıq meydanına çıxdı və mitinqlər öz zirvəsinə çatdı. Həmin günə qədər keçirilən mitinqlərdə ermənilərə etiraz bildirilirdi, ”Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kimi bu gün səsləndirdiyimiz şüarlar o zaman da səsləndirilirdi. Ancaq 1988-ci ilin noyabrında başlanan mitinqlər tədricən çərçivəsini, tələblərini genişləndirdi. Bu, Qarabağ problemindən Azərbaycan və SSRİ probleminə çevrildi”.

134411_src.jpg (41 KB)

S.Rüstəmxanlının sözlərinə görə, məhz meydanda Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamaq məsələsi gündəmə gəldi: “Məlum oldu ki, ermənilərin Qarabağ iddiasının arxasında Moskva dayanır, Qorbaçov onlara söz verib. Moskvada Qorbaçovun ətrafında olan, Moskvanın mətbuatını, iqtisadiyyatını idarə edənlərin içində olan ermənilər Ermənistanı bu məsələdə Azərbaycanın üstünə qaldırırlar. İşin kökündə Moskva  olduğu bilinəndə, meydan hərəkatının da istiqaməti dəyişdi, bəlli oldu ki, ermənilər qədər Moskva da günahkardır. 1920-ci ildən Azərbaycanı işğal edən və bu illər ərzində xalqımızın başına müsibətlər gətirən, repressiyalar edən SSRİ-nin əməlləri işıq üzünə çıxdı və meydanda bunlar deyildi, təhlil olundu. Xalqın unudulan yaddaşı yerinə gəldi, milli şüuru aydınlandı. Bütün tarixini, coğrafi mövqeyini gözdən keçirdi. Tarixən bağlı olduğu türk dünyasından qoparıldığını anladı. Ona görə biz ona ”Meydan epopeyası” deyirdik. “Meydan epopeyası” xalqın içindəki ən dərin qatlardan üzü bəri bütün unudulmuş dəyərləri üzə çıxartdı. O cümlədən üçrəngli bayraq ilk dəfə meydanda dalğalandı. O zaman dedik ki, ölkədə bir bayraq qalacaq və qalan bütün bayraqlar yığışdırılacaq, elə də oldu. Meydan xalqın birliyini göstərdi. Meydanı idarə edən biz idik, ziyalı Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı. İndi meydan rəhbərliyinə şərik çıxanlar çoxdur. Ancaq 18 gün ərzində meydanı biz idarə etdik, ziyalıları dəvət etdik. Onlara da söz verdik. Sonra rayondan insanlar meydana axın etdi, tribunaya yüzlərlə məktub gəlirdi, onlar da xalqın düşüncəsini əks etdirirdi. Nəhayət ki, sovet ordusu meydanı dağıtmaq üçün gəldi, lakin meydandakı dincliyi gördü, şüarları dinlədi. Bakıda nə qədər erməni yaşasa da, bir nəfər erməninin burnu qanamamışdı. Xalq meydanda olduğuna görə hətta Bakının oğruları belə bəyan etmişdilər ki, meydan davam etdiyi müddətdə Bakıda bir oğurluq hadisəsi olmayacaq, həqiqətən elə də oldu”.

Deputat onu da vurğuladı ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. O meydan sonradan yatırıldı, ordu meydana girdi. 1989-cu ilin ortalarında Azərbaycan Xalq Cəbhəsi yaradıldı, bu, meydan hərəkatından doğan  bir təşkilat idi. Mən da onun yaradıcılarından biri idim. Ancaq sonradan partiyaların yaranması prosesində mən milli birliyin pozulmamasını istəyirdim, ancaq partiyalar yarandı. Bu gün Qarabağ savaşı nəhayət ki, həmin partiyaları bir araya yığdı. 1989-cu ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları , tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda Qızıl Ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir tarixdir”.

Xalq şairinin sözlərinə görə, Qarabağ uğrunda aparılan Vətən savaşı növbəti dəfə bizə  həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, hakimiyyət-müxalifət qarşıdurması dərinləşsə də, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında bütün siyasi partiyalar biraraya gəldi, xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Hətta yeni nəslin vətənpərvərlik ruhu əvvəl bir qədər şübhə doğursa da, bizi narahat etsə də, qalxan bu dalğa göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157391

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930