Azərbaycan-İran sərhədində insident olub – RƏSMİ

08.04.2022 - 11:40

Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) birgə məlumat yayıb.

Cumhuriyyet.az xəbər verir ki, məlumatda deyilir:

7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülmüşdür.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd etmişlər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilmiş, sərhəd pozucularından biri zərərsizləşdirilmiş, digəri saxlanılmış, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənmişdir. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim etmişdir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=173097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930