Şər taktikası: İŞİD bizi necə qorxudur?

29.06.2015 - 00:11

rrFransa, Tunis və Küveyt – ötən həftənin cümə günü tarixə “Qanlı cümə” kimi düşəcək. Həmin gün, sanki, bir qanlı hərrac vardı: hər yeni terakt əvvəlkindən daha amansız, daha vəhşi idi. Məqsəd diqqəti cəlb etmək, bizi qorxutmaqdı.
Qanlı hərracda ilk “təklif” Fransanın Lion şəhərinin yaxınlığında oldu. “İraq və Şam İslam Dövləti” (İŞİD) tərəfdarı olan Yasin Sali adlı birisi zavoda hücum etdi, partlayış törətdi. Üstəlik, işlədiyi şirkətin direktorunun başını kəsib o zavodun darvazasının dəmirlərinə keçirdi. Bir tərəfdə də başsız bədən.


Fransa prezidentinin dediyinə görə, başsız bədənə və kəsilmiş kəllənin dərisinə ərəb dilində sözlər yazılmışdı.
Tunisdəki Sus kurortunda dincələn turistlər gülləbaran və partlayışlardan qaçaraq sığındıqları, qapılarını arxadan bağladıqları otaqlarda çəkdikləri fotoları Twitter-də paylaşdılar. Onların dediklərinə görə, çimərlikdə ilk partlayış səsləri eşidəndə bunu atəşfəşanlıq, fişəng səsləri sanıblar. Amma sonra gülləbaran və qırğın başlanıb.
Qanlı hərracın son olayı Küveytdə yaşandı. “Canlı bomba” 2 mindən artıq şiənin cümə namazına yığışdığı məscidə girərək belinə sarıdığı partladıcı “qurşağ”ın düyməsini basdı. Məqsədi mümkün qədər çox adam öldürməkdi.
Teraktların hər biri diqqətimizi günün “əsas hadisə”sindən yayındırmağa yönəlmişdi.
İŞİD yeni edam videosu yaymışdı o gün.
ABŞ-ın Kuba adasındakı Quantanamo həbsxanasındakı məhbuslar təki, əyinlərində narıncı kombinezonlar olan 5 nəfər dəmir qəfəsə salınmışdı.
İŞİD-in yeni “xof və ölüm realiti-şousu”nda bu insanların olduğu qəfəs qaldırıcı kranla su hovuzuna salındı. Ən müasir sualtı çəkiliş kameraları o zavallıların həyatlarının son anlarını çəkirdi.


Binəvaların ölümqabağı çırpınmaları, suyun altından çıxmaq, ölümdən qurtulmaq cəhdləri və sonda, onların ağızlarından, burunlarından çıxan son hava qovurcuqları – hamısı bu videoda idi.
Daha sonra o videoda İŞİD 4 nəfəri Opel markalı maşına oturdur, bir kənarda durmuş terrorçu çiynindəki qumbaraatandan atəş açır. Maşın alışıb yanır, avtomobildəki zavallılar ah-nalə ilə diri-diri yanırlar.
Sonda diz üstə çökmüş adamların boğazlarına partladıcı kabel bağlanır, sarınır və onlar partladılırlar. Narıncı kombinezonlu insanlar parça-parça olurlar.
Bu dəhşətli hadisələri bir sadə məqam birləşdirir. Açar cümə günündəki hadisələrdə idi. Üç qanlı teraktın yaratdığı qorxu, əzab, hiddət və çaşqınlıqdan sonrakı ani səssizlikdə İŞİD-in qəhqəhəsi eşidilirdi sanki.
Üstəlik, elə həmin gün Britaniya kraliçası 2-ci Yelizaveta Almaniyada Bergen-Belzen konsentrasiya düşərgəsinə baş çəkdi. 70 il əvvəl alman nasistləri bu düşərgədə 50 min insanı ağlasığmaz işgəncələrlə, əzablarla öldürmüşdülər.
…1945-ci ildə, İkinci Dünya Müharibəsinin başa çatmasından bir neçə ay sonra politoloq Hanna Arendt yazmışdı: “Müharibəsonrası Avropada şər problemi fəlsəfənin əsas başağrısı olacaq”.
Arendt bildirmək istəyirdi ki, sivil, demokratik və humanist olduqlarını bəlağətlə təkrarlayan avropalıların nəyə qadir olduqlarını, kim olduqlarını aşkar göstərdikləri Holokostdan sonra belə vəhşiliyin necə baş verdiyini anlamaq, səbəbləri araşdırmaq başlıca problemlərdən biridir.
Avropa ləng də olsa, tələsmədən yəhudi soyqırımını araşdırdı. Könülsüzcəsinə, ilk əvvəl yalanlar uyduraraq, özünə haqq qazandırmağa çalışaraq.
Amma bunu etdi.


İş o yerə çatdı ki, avropalılar arasında Tanrının varlığına da şübhə yaranmışdı. Axı şəfqətli, rəhmli, xristianları qoruyan Tanrı necə oldu ki, 6 milyon günahsız insanın, qadınların və uşaqların vəhşicəsinə öldürülməsinə imkan verdi, bu vəhşiliyə göz yumdu? Axı niyə, necə, nə üçün?!
İŞİD-in indiki əməlləri də bir daha göstərir ki, “Şər problemi” sırf tarixi mücərrədlik yox, bu günün məsələsidir. Özü də tək dindarların ağrısı deyil.
Belə qəddarlığın, vəhşiliyin, cəlladlığın baş verdiyi dünyanın durumu, qəlblərin və şüurların vəziyyəti hər birimizi narahat etməlidir.
Dindarların Fransada, ABŞ-da güllələnməsi, yaxud da Küveytdəki məsciddə partladılmasından asılı olmayaraq.
Bilirəm, bütün bu hadisələrə məntiqi, yaxud da inandırıcı səbəblər, izahlar tapmaq olar. Tarixi irs, geosiyasi vəziyyət, dünyadakı çağdaş durum, islamofobiya, radikal islamçılıq, yerli amillər – bütün bu arqumentlər önəmlidir, amma situasiyanı tam izah etmir.
Onlar problemin mahiyyətini açmırlar.
Bir daha təkrarlayıram: necə oldu ki, bütün bu vəhşətlər yaşandı?
Məsələn, İŞİD-in son edam videosunda olduğu hovuzda batırılma anları. Manyak həvəslə, ən xırda təfərrüatlarla çəkilmiş kadrlar. Ola bilər ki, İŞİD terrorçularının nifrəti və deməli, onların motivləri İraqdakı şiələrə olan nifrətlə bağlıdır. Üstəlik, İŞİD-in “qəzəb”i 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən də qaynaqlana bilər. İŞİD indi, sadəcə, Nineviya əyalətini idarə edə bilir, çünki ABŞ ordusu faktiki olaraq İraq dövlətini məhv edib.
Amma bütün bunlar səthi izahlardır. Nədən ki, İŞİD-in edamları tam sadizmdir, bir insanın başqa insanı öldürməsi yox, onu aşağılayaraq, təhqir edərək, əzab verərək qətlə yetirməsidir.


Təbii, baş sındırmamaq və hər şeyi olduğu kimi də qəbul etmək olar. Vudi Allenin “Hannah and Her Sisters” filmini xatırlayın.
Problem bilirsiniz nədir? Və ya biz İŞİD-in niyə belə etdiyini hələ də anlaya bilmirik?
Terrorçuların kimliyini, onların nə istədiklərini bilirik. Fəqət, onların nəyə can atdıqlarını tam dərk etmədiyimiz üçün İŞİD-in edamlarının, nə qədər paradoksal olsa da, niyə az olduğunu düşünməliyik.
Axı manyak yığını olan dəstədən başqa nə gözləməliyik?!
Əsas məsələ İŞİD terrorçularını yox, onların tapındıqları ideologiyanı, motivləri, düşüncəni dərk etməkdir. Mahiyyətdir ön problem.
İŞİD-ə qoşulanlar dünyanın normal insanı qavranmasından imtina edərək özlərini virtual olaraq 7-ci əsrə atırlar. İndiki dövrün bütün texnologji nailiyyətlərindən, silahlardan, rabitə vasitələrindən istifadə edir, amma sadaladıqlarımı bilmərrə inkar edən və məntiqi baxımdan heç sayan 7-ci əsr qavramına tapınırlar.
İŞİD insanlara ədalət vəd etsə də, əslində qəddarlıq, sadizm, vəhşiliyin sərbəstliyini hədiyyə edir.
Bax, məhz bu səbəbdən İŞİD-dəkilər vəhşilik və qəddarlıq yarışına çıxıblar. Onlar qəfəsdə insanı diri-diri yandırır, suda batırır, uşağın əlinə tapança verib onu qarşısında diz çökmüş insanın alnına atəş açmağa vadar edirlər.
Onlar vəhşliyi idmana çeviriblər.


…Suda batırılmağa gəldikdə isə: İŞİD-in fikrincə, müsəlman savaşda bir damla qanı axmadan ölərsə, onun cənnətə düşməsi mümkün deyil. Terrorçular qurbanlarını asır və boğurlar ki, onları cənnətdən ayrı salsınlar.
Çəkilişlər isə İŞİD-ə qarşı vuruşanları qorxutmaq üçündür.
İŞİD həyatı fərqli görür. Bu terror təşkilatının ideoloqları deyirlər ki, yoxsullar, öz əməyi ilə yaşayanlar və zillət çəkənlər ədalətə ehtiyac duyurlar. Özünəməxsus ədalət ideyaları olan kommunizm ölüb, ələ salınıb, biabır edilib.
Kapitalizmin məhvərində sosial ədalətin heçə sayılması durur.
İŞİD virtual da olsa, belə ədaləti yoxsullara təklif edir.
Qəddar, acımasız, qorxulu – amma “ədalət”i.  Çox primitiv, mühafizəkar, 7-ci əsrə aparan, arxaik.
İŞİD deyir ki, kommunistlərin yerə saldıqları ədalət bayrağını qaldırıblar. Onu da söyləyirlər ki, Qərb ədaləti inkar edir, hətta ədalətdən qorxur və bu səbəbdən də radikal islamçılarla yanaşı, İŞİD-in anlamındakı “ədalətli, Şəriətlə idarə olunan cəmiyyət” ideyasını bombalayır.
İŞİD “vəhşiliyə” istənilən formada cavab verməyə çağırır.
İstənilən formada.
Qərb İŞİD-i bombalayır, İŞİD-ə Qərbin şəhərlərində, qərblilərin dincəlməyə getdiyi yerlərdə, Qərbə müttəfiq olan müsəlman ölkələrində bombalar partladır, insanları gülləbaran edir.
Radikal islamçılar qorxmadıqlarını deyirlər: axı “cihad”da ölən dərhal cənnətə düşür. Qərb insanı isə mahiyyət etibarilə ateistdir. Avropalı və amerikalının cənnəti indiki həyatında, burada, restoranda, kurortda, yaxşı maaşda, malikanədə, bahalı avtomobildə, bank hesablarındadır.


İŞİD-lə effektiv mübarizə aparmaq, bu mənhus və insan adına ləkə sayılacaq təşkilatı məhv etmək istəyiriksə, terror qruplaşmasının sıralarındakı adamlardan daha öncə onları idarə edən, naqis dünyagörüşlü, psixi cəhətdən sağlam olmayan fərdləri hədəf seçməliyik.
Daha sonra isə qrup psixologiyasının şərtlərini xatırlamalıyıq. Məsələ şüur fəlsəfəsidir.
Məntiqli, bitkin şüurlu insan ətrafını harmonik, vəhdət formasında qəbul edir. İŞİD-ə qatılanlar isə dünyanı bir-birindən asılı olmayan elementlər formasında görürlər. O adamların həyatı və qərarları fərqli olur. Yaşamlarının bir mərhələsində onlar ümumbəşəri dəyərlərə riayət edir, başqa mərhələdə isə manyaka və cəllada çevrilirlər.
Ən nəhayət – İŞİD qədimlərdə Çingizxanın, Atillanın tətbiq etdiyi taktikadan yararlanır. Əsas  məsələ qorxutmaqdır.
İŞİD də bizləri qorxutmağa çalışır.
Artıq anlamalıyıq ki, İŞİD islam adı ilə vəhşilikdir, ölüm və qətl kultudur.
Bu kulta qarşı müsəlmanların, xristianların, yəhudilərin, hinduistlərin birləşməsi zamanıdır.
İŞİD-lə mübarizə də Şər ilə qarşıdurma deyil. Şərlə belə savaşda qalib gəlmək mümkün deyil.
Şər hər birimizin batinindədir və əfsuslar olsun ki, əbədi yaşayacaq.
Onu yenməyin bir yolu var: Şəri etiraf etmək, ondan qorxmamaq və Şərə öz adını vermək.

Elçin Alıoğlu, milli.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27407

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728