Tanınmış yazıçının oğlu məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə mühakimə edilir.
Eyni zamanda, 3 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmiş Əziz Kərimzadə CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Cinayət işinin materiallarına görə, yazıçının oğlu dörd nəfəri aldadıb, onların ümumilikdə 60 min manata yaxın pulunu alıb qaytarmayıb.
Lakin Əziz Kərimzadə özünü təqsirli bilmir.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Amma məhkəməyə gəlmədiklərinə görə onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti məhkəmə iclası isə sentyabrın 28-nə təyin olunub.
Əziz Kərimzadə bundan öncə də dələduzluğa görə məhkum edilib. 2012-ci ilin yayında o, Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunmuşdu. Muradov şikayətində göstərmişdi ki, Əziz Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsi onların dəymiş ziyanı ödəmələrini əsas götürüb, onları şərti cəza ilə azadlığa buraxmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=76139