Polis rəisinin arvadı dələduzluqda təqsirləndirildi- Məhkəmədən reportaj
22.09.2016 - 16:25
Keçmiş polis rəisinin arvadı dələduzluqda təqsirləndirilir. Leyla Əkbərova özünü internat evinin direktoru kimi təqdim edərək, yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu söyləyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan L.Əkbərova zərərçəkənlərlə üzləşdirilib. O, aldığı pulları işə düzəltmək adı ilə yox, saxlamaq məqsədi ilə götürdüyünü deyib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən kimi tanınmış 4 nəfər ifadə verib.
İlk ifadə verən Ceyhun Tağıyev həyat yoldaşını işə düzəltmək üçün Leyla Əkbərovaya 9 min manat verdiyini deyib.
“Arvadımı işə düzəltmək üçün 9 min verdim”
Leyla Əkbərovanı qohumu Anarə Məmmədova vasitəsi ilə tanıdığını deyən zərərçəkmiş pulu da Anarəyə verdiyini söyləyib: “Leyla Anarənin qardaşının qayınanası idi. Leyla özü pul götürmədiyini dedi. Ona görə də 9 mini Anarəyə verdim. O da Leylaya verib. Leylanın internat evində direktor olduğunu bilirdim. Özünü belə təqdim etmişdi. Yoldaşım Pərvanənin adına bizə maaş kartı da verdi. 2 ay 500 manat maaş aldı. Sonra maaş dayandı. Hətta maaş kartını almağa gedəndə Leyla xanım da yanımızda idi. Verdiyim puldan cəmi 1500 manatını ala bilmişəm”.
Leyla Əkbərova isə hakimin sualına cavab olaraq ifadə verən zərərçəkəndən pul almadığını deyib: “Mən ondan pul almamışam. Axı, Anarənin məqsədi nə idi ki, camaatdan pul alıb mənə verirdi?”
Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək onu doğru ifadə verməyə dəvət edib. Buna səbəb təqsirləndirilən şəxsin bəzi suallara cavab vermək istəməməsi, bəzilərinə isə ziddiyyətli cavablar verməısi olub.
Qanunsuz yolla təqaüd düzəldirmiş…
Növbəti zərərçəkən kimi isə Leyla Cəfərova ifadə verib. O da Lalə Əkbərovanı qohumu Anarə Məmmədova vasitəsi ilə tanıyıb. Leyla Cəfərova deyib ki, Anarə onun bacısının qızıdır.
“Bacımqızı Anarəgilə gələndə Leyla ilə görüşdüm. Leyla məni işə düzəldə biləcəyini dedi. Mən özüm rayonda müəllimə işləyirəm. Dedi ki, məni burada da məkətəbə düzəldəcək, adım gedəcək, maaş alacam. Mən bunun mümkün olmadığını düşündüm. Növbəti görüşümüzdə mənə təqaüd düzəldə biləcəyini dedi. Bunun üçün 3 min manat lazım olduğunu bildirdi. Mənim 52 yaşım var, xətəlik adı ilə mənə pensiya düzəldəcəkdi. Pulu Anarəyə verdim. İndi şikayətim budur ki, mənim pulumu qaytarsın”.
Hakimin müəlliməyə xəbərdarlığı
Hakim Leyla Cəfərovaya da xəərdarlıq edib və onun özünün də cinayət əməlinə əl atdığını xatırladıb: “Siz 62 yaşına çatmamasıınız. Ancaq qanunsuz yolla təqaüdə çıxıb, dövlətin pulunu mənimsəmək istəmisiniz. Bunun özü də cinayətdir. Bu işə daha sonra baxarıq”.
Daha bir zərərçəkmiş ifadəsində anasının təqaüdə çıxmasına edəcəyi köməyə görə Leyla Əkbərovaya 3 min manat verdiyini deyib.
Zərərçəkən Aynur Cəfərova deyib ki, L.Əkbərovanı xalasıgillə qohum olduqdan sonra tanıyıb: “Leylanı xalamın oğlunun nişanında görmüşəm. Orada tanış olduq. Daha sonra görüşəndə anama pensiya düzəldə biləcəyini dedi. 3 min manatı Anarə vasitəsi ilə ona verdim. Ancaq iş düzəlmədi”.
“1500-1800 manat maaş alacaqdım…”
Zərərçəkənlər arasında sabiq polis rəsinin arvadına ən çox pul verən isə Zaur Elmanov olub. O, internat evinə işə düzəlmək üçün Leyla Əkbərova ilə 15 min manata razılıq əldə etdiklərini söyləyib. Zərərçəkən deyib ki, bankdan pul götürüb L.Əkbərovaya pul versə də işi düzəlməyib: “Mən bacımgilə gələndə Leyla Əkbərovanı tanımışam. Bacımla quda idilər. Mən də həmin ərəfədə iş axtarırdım. Leyla dedi ki, direktoru olduğu internat evində təsərrüfat işlərinə nəzarət üçün məni işə düzəldə bilər, həm də dərs deyə bilərəm. Aylıq maaşı isə 1500-1800 manat deyirdi. Mən də bilirdim ki, belə maaş olmur. Ancaq məni inandıra bildi. Pulu verdim, amma başımıza belə iş gəldi. 10 min manatını qaytardı. Qalanı qalır. Bankdan götürdüyüm pulları hələ də ödəyirəm”.
“Pulu saxlamaq məqsədi ilə almışdım”
Hakimin sualını cavablandıran Leyla Əkbərova səsləndirilən ittihamla özünü günahkar bilməyib. L.Əkbərova deyib ki, o, Z.Elmanovdan cəmi 11 min manat alıb və bunu da saxlamaq məqsədi ilə alıb. Sonradan da pulu qaytarıb. O, iddia edib ki, pulun qalanını Anarə götürüb.
Məlumat üçün qeyd edək ki, zərərçəkənlərin hamısı Anarə Məmmədovanın yaxın qohumudur. Onların hamısı Leyla Əkbərovanı Anarə vasitəsi ilə tanıyıblar. L.Əkbərova Anarənin qardaşının qayınanası olub. Lakin onların qohumluqları çox da uzun çəkməyib. Anarənin qardaşı L.Əkbərovanın qızından boşanıb.
Başa bəla olan qohumluq…
Zərərçəkən kimi tanınan şəxslər də Anarə vasitəsi ilə pulları Leyla Əkbərovaya çatdırdıqlarını bildiriblər. Bu işdə Anarə Məmmədovanın özü də zərərçəkən kimi tanınır. O, ərinə ikinci təhsil diplomu almaq, FHN-ə işə düzəltmək üçün Leyla Əkbərova və onun ərinə ümumilikdə 110 min manata yaxın pul veriblər.
Dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır.
Qeyd edək ki, sabiq rəisin özü də dələduzluqda ittiham olunur.
Hazırda L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.
Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=76330