Oğurluq və soyğunçuluq faktları niyə artır? – Açıqlama
Son vaxtlar ölkəmizdə oğurluq halları artıb. Mətbuata nəzər salsaq şəxsi əmlakın oğurlanması, soyğunçuluq motivində cinayət hallarının hər gün daha da artıdığını görərik. Bəs görəsən bu lazımsız artımın səbəbi nədir. İnsanları tamah motivində cinayətlərə nə vadar edir?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan kriminal ekspert, sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, tamah motivində baş verən cinayətlərin kökündə insanlarda işsizlik və maddi durumun aşağı olması durur.
Eksper bildirib ki, bu məsələyə bir neçə konteksdən yanaşmaq lazımdır: “Cəmiyət olan yerdə cinayət olmalıdır. Bütün hüquqi, demokratik dövlətlər məsələyə cəmiyyət və cinayət konteksindən yanaşır. İnsan faktoru olan yerdə cinayət olur. Bu konteksdən yanaşanda bunu dırnaqarası da olsa “qanuna uyğunluq” kimi qəbul etmək lazımdır. Digər konteksdən yanaşanda, bir az artım var. Həddindən artıq aqresiya və qərəzlilik var. Ağırlaşdırıcı hallar hökm sürür. Bu təhlillər aparılası məsələlərdir. Son vaxtlar Azərbaycanda iki dəfə devalvasiya oldu. Pulun gücü, qüdrəti öldü. Bu faktı dövlət strukturları da elan etdi. İxtisarlar getdi, işsizlikdə artım oldu, üstəgəl devalvasiya da oldu. İqtisadçılar da qeyd edir ki, neftin qiyməti düşəndən sonra vətəndaşlarda maddi durum aşağı düşüb”.
Mahmud Hacıyev vurğulayıb ki, hər bir cinayətin motivi olur: “Quldurluq, oğurluq, soyğunçuluq, dövlət əmlakının oğurluğu, şəxsi əmlakın oğurluğu tamah motivi ilə baş vermiş cinayətlərdir. Cinayət tərkibi yaradan amillərdən biri motivdir. Bunu təkcə mən yox, bütün dünya kriminalistləri və hüquq-mühaifəzə orqanında işləyən təcrübəli işçilər deyir ki, tamah motivi ilə cinayət o zaman baş verir ki, işsizlik səviyyəsi yüksək, maddi durum aşağı olur. Bu əsas amillərdən biridir. Hüquq-mühafizə orqanları kifayət qədər mübarizə aparmalıdır. Bu onların vəzifə borcudur. Hansı rübdə, hansı rayonda, hansı məkanda, hansı cinayətlərdə artım varsa, buna görə müəyyən proflaktik tədbirlər görməlidirlər. Yəqin ki, bunun qarşısının alınması üçün tədbirlər görürlər”.
Mövzu ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən sosioloq Cavid İmamoğlu bildirib ki, sosial bərabərsizlik olan toplumlarda oğurluq və soyğunçuların sayında artım olur.
Sosioloqun fikrincə, bu ona bənzəyir ki, ailədə valideynlərin yoxluğundan uşaqlar istifadə edərək qadağan olunan işləri görməyə meyilli olurlar: “İstər ictimai yerlərdə, istərsə də şəxsi mülklərdə artan oğurluqların ən əsas səbəbi təbii ki, sosial durumdur. Cinayətə meyilli olan qruplar üçün böhranlı vaxtlar gözəl fürsətdir. Ümumiyyətlə cinayət davranışı təkcə iqtisadiyyat və sosial durum faktoru ilə bağlı deyil. Burada sosial təsir anlamı da var”.
Cavid İmamoğlu vurğulayıb ki, Avropa ölkələrində şirkətlər öz qazanclarından cəmiyyətdə cinayətkarlıq və s. bu kimi mənfi halların azalması üçün büdcə ayırırlar: “Bir növ cəmiyyətdəki problemlərin həllinə yardımçı olmuş olurlar. İstər yoxsulluğun azalması, istərsə də narkomaniyaya qarşı mübarizə nəticə etibarı ilə cinayətkarlığın səviyyəsinin azalmasına gətirib çıxaracaq. Ona görə cəmiyyətdə artan oğurluq və soyğunçuluq halları birbaşa əhalinin təhsil və maarif səviyyəsindən, sosial durumundan, mənəviyyatından aslıdır və nə qədər bunlar aşağı olarsa, bir o qədər də soyğunçuluğun səviyyəsi artar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=78179