Qızıl Məryəmin qatillərinə hökm oxundu – 47 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən C.Əsgərovun vəkili Ağaveys Şahverdi müdafiə çıxışı edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül cəza təyin edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmlə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvarın 5-də, saat 09.00-da 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.
Qətlə yetirilən Məryəm Nemətzadə “Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=80810