Fərəc Quliyevin partiyasından Sərdar Cəlaloğlunun ittihamlarına cavab gəldi

03.08.2019 - 17:12

“Sərdar Cəlaloğlu özünəvurğunluq xəstəliyindən öz yalanlarına inanmağa başlayıb”; Partiya ADP sədrindən təkzib tələb edir

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) mətbuat xidmətindən musavat.com-a bəyanat daxil olub. Bəyanat Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Müsavat.com-un canlı efirində MDHP sədri Fərəc Quliyev barədə səsləndirdiyi iddialara cavab xarakteri daşıyır.

Bəyanatda öncə bildirilib ki, MDHP ölkədə fəaliyyət göstərən bütün milli demokratik qüvvələrlə əməkdaşlığa maraqlı olan bir təşkilatdır və ölkənin inkişafı naminə ciddi platformalar üzərində işin əməkdaşlıq şəraitində qurulmasını daha məqbul hesab edir: “Azərbaycan Demokrat Partiyası da verdiyi bəyanatlarda bu mövqedə olduğunu bəyan etsə də, hakimiyyət iddiasında olan ADP sədri Sərdar Cəlaloğlunun Müsavat.com-un canlı yayımında Milli Azadlıq Hərəkatının liderlərindən biri, siqnator deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev haqqında heç bir əsası olmayan və sübut edə bilməyəcəyi dedi-qodu səviyyəsində yalan ifadələr işlətməsi bizdə olduqca təəssüf doğurdu. Fərəc Quliyevə yaxşı münasibətinin olduğunu bildirsə də, siyasi rəqabətdən çəkinərək, siyasi rəqibi gözdən salmaq üçün həmin proqramda o, F.Quliyevə qarşı cəfəng iddialarla çıxış etmişdir. S.Cəlaloğlunun həmin proqramda MDHP sədri haqqındakı həmin iddaların hər birini ayrı ayrılıqda təkzib edərək, açıqlama veririk və ADP sədrindən dediklərini sübut etməyi tələb edirik”.

Bəyanatda bildirilir ki, sözügedən müsahibəsində S.Cəlaloğlu Avropa Şurasının F.Quliyevi siyasi məhbus siyahısına salmasına baxmayaraq, sonuncunun həbsdən çıxandan sonra “mən siyasi məhbus yox, cinayətkaram Avropa Şurası nahaq yerə məni siyasi məhbus siyahısına daxil edib” tipli bəyanat verdiyini xatırladıb: “Əvvəla, F.Quliyev Avropa Şurası tərəfindən siyasi məhbus kimi və başqalarından fərqli olaraq vicdan məhbusu kimi qeydiyyata alınıb və yeganə şəxsdir ki, azad olunması tələbi ilə həmin dövrdə bir milyondan çox imza toplanmışdı. Məhbəsdən çıxandan sonra isə onun S.Cəlaloğlunun iddia etdiyi kimi, bir bəyanatı olubsa, buyurub təqdim etsin. Eyni zamanda ADP sədri iddia edir ki, güya F.Quliyevin həbsdən çıxandan sonra dönəmin prezidenti Heydər Əliyevlə 6 saatlıq görüşü olub.

Onu qeyd edək ki, MDHP və onun lideri həm müxalifət, həm də hökümətlə dialoq tərəfdarıdır, o cümlədən ölkə başçısı ilə. Bu baxımdan biz ölkə başçısı ilə görüşməkdə heç bir qəbahət görmürük. Lakin, F.Quliyevin həbsadən çıxandan sonra dönəmin prezidenti ilə görüşməsi ilə bağlı ADP sədrinin iddiasına gəldikdə isə, bildiririk ki, F.Quliyev həbsdən çıxdıqdan sonra mərhum prezident səhhəti ilə bağlı ölkədə olmayıb və onunla heç bir görüşün olması mümkün deyildi. Əgər prezidentlə hər hansı bir görüş olsaydı, biz onu gizlətməz, görüşün detalları barədə cəmiyyətə açıqlama verərdik. Biz bu gün də hökümətlə dialoqların aparılması tərəfindəyik. Amma hər halda, S.Cəlaloğlunun dediyi kimi “Prezident Admistrasiyasının süpürgəçisi ilə görüşməyə” cəhd etmərik. S.Cəlaloğlu özü demişdi ki, “mən Prezident Administrasiyasının süpürgəçisi ilə görüşməyə hazıram, amma mənimlə görüşən yoxdu””.

Partiyadan göndərilən bəyanatda həmçinin S.Cəlaloğlunun qardaşı F.Quliyevlə bağlı dedikləri də yada salınıb: “Sərdar Cəlaloğlunun qardaşı da bir neçə il əvvəl “açıqlama” vermişdi ki, F.Quliyev məhbəsdən çıxandan sonra gedib H.Əliyevin məzarını ziyarət edib. Hərçənd ki, dünyasını dəyişmiş adamın məzarını ziyarət etməkdə də bir qəbahət yoxdur, amma xatırladaq ki, Fərəc Quliyev həbsdən çıxanda Heydər Əliyev sağ idi və prezident kimi onun sərəncamı ilə azad edilib. Fərəc Quliyevə hörmətlərinin olduğunu deyən bu qardaşlar göründüyü kimi, çəfəng iddilarla qərəzlərini gizlədə bilmirlər. ADP sədri Fərəc Quliyevi dövlət çevrilişinə cəhddə ittiham edir, Rövşən Cavadov və Sürət Hüseynovla bir komandada dövlət çevrilişçisi kimi təqdim edir. Bütün ictimaiyyət bilir ki, Fərəc Quliyev məşhur 9 fevral 1993-cü il tarixli bəyanatı ilə dövlət çevrilişi cəhdinə qarşı çıxış etmiş və ondan sonra da S.Cəlaloğlu tərəfindən adı çəkilən çevrilişçilərə qarşı mübarizə aparmışdır. S.Cəlaloğlunun bu absurd iddiası isə ümumiyyətlə anlaşılan deyil. F.Quliyev Əbülfəz Elçibəyə ən yaxın şəxslərdən biri və onun birinci müavini idi. F.Quliyev həbs olunana qədər isə Ə.Elçibəylə birlikdə olmuşdur. Ona görə də F.Quliyevin dövlət çevrilişi etməsi iddiası olduqca absurd və gülünc bir ifadədir”.

Bəyanatda S.Cəlaloğlunun “Fərəc Quliyev tankla Naxçıvanda Daxili İşlər Nazirliyini, sonra da televiziyanı tutub” iddiasına da cavab verilib: “Bu çəfəngiyyata gəlincə isə, bildiririk ki, F.Quliyev Naxçıvanda DİN-ə nəinki tankla, heç piyada da daxil olmayıb. Belə bir epizod hec məhkəmə araşdırmalarında da yoxdur. Bu, S.Cəlaloğlunun yeni “kəşfidir”. Səyavuş Mustafayev Naxçıvan daxili işlər naziri təyin olunanda Fərəc Quliyevlə Asəf Quliyevin bununla bağlı yerli idarəçilərlə mərkəzi idarəçilər arasındakı anlaşılmazlığı aradan qaldırmaq üçün Naxçıvan Televiziyasında çıxışları olub. O çıxışı indiyə qədər təəssüf ki, heç vaxt vermirlər, S.Cəlaloğlu buyurub onu ortaya çıxara bilər ki, F.Quliyevin o vaxtkı mövqeyi bir daha bəyan olunsun və biz bundan çox məmnun olarıq”.

S.Cəlaloğlunun sözügedən müsahibədə Əbülfəz Elçibəy tərəfindən ona vəzifə təklifi gəlməsi və bundan imtina etməsi barədə dedikləri də etirazla qarşılanıb. Partiyanın cavab bəyanatında bildirilir ki, bu, həqiqəti əks etdirmir: “Fərəc Quliyevin və MDHP-də təmsil olunan dönəmin məmurları adından bildiririk ki, onun bu ifadəsi də həqiqəti əks etdirmir. O, həmin dövrdə olduqca yüksək postlara iddialı olduğu üçün sadəcə məqbul hesab edilmədiyindən iddiası təmin olunmayıb və ona heç bir vəzifə təklıif edilməyib. Onun sonrakı özünütəkzibi də bunu sübut edir. Həmin müsahibədə S.Cəlaloğlu deyir ki, təkcə İlham Əliyevin dönəmində mənə vəzifə təklif olunmayıb, lakin bir neçə dəqiqə sonra bunun əksini deyərək ona yaxın aylarda yüksək vəzifənin təklif olunduğunu iddia edir. Göründüyü qədər S.Cəlaloğlu özünəvurğunluq xəstəliyindən öz yalanlarına inanmağa başlayıb. Ona məsləhət görürük ki, bu yalanlarına cəmiyyəti inandırmasın”.

Partiya S.Cəlaloğludan “bu cəfəng iddialarını sübut etməyi” tələb edib: “Zatən sübut edə bilməyəcəyi üçün, ona qərəzli ifadələr işlətməməyi tövsüyyə edirik”.

İzləmək istəyənlər üçün sözügedən verilişin F.Quliyevlə bağlı deyilən iddialar hissəsini oxuculara təqdim edirik:

https://www.youtube.com/watch?v=UdrOwInwpg4&feature=youtu.be  (Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=131463

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728