Bakıda güclü külək – ağaclar qırıldı, işıqlar kəsildi, xəsarət alanlar var…
Avqust ayı üçün xarakterik olmayan bu cür anomaliyanın səbəbi nədir?
Avqust ayının 5-də səhər paytaxt Bakıda güclü külək başlayıb. Küləyə görə şəhərin üzərində toz qatı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə küləyin sürəti günün birinci yarısında saniyədə 26-28 metr təşkil edib. Günün ikinci yarısına doğru küləyin sürətinin daha da artdığı müşahidə olunub. Güclü külək bir sıra ciddi fəsadlara yol açıb, Bakıda və Sumqayıtda ağacların aşmasına dair çoxsaylı faktlar qeydə alınıb, evlərin damının uçması halları baş verib, xəsarət alanlar var.
Qeyd edək ki, sinoptiklər bu qeyri-sabit havanı əvvəlcədən proqnozlaşdırmışdılar və üç gün əvvəl müvafiq xəbərdarlıq edilmişdi. Avqust ayı üçün xarakterik olmayan bu cür qeyri-sabit hava şəraitinin ölkəyə şimaldan Arktik hava kütlələrinin daxil olması ilə əlaqəlidir.
Qeyri-sabit hava şəraiti ölkənin şimal və qərb rayonlarında da müşahidə olunur. Qeyri-sabit hava səbəbindən Bakı-Quba və Bakı-Salyan yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb. Bakı-Quba yolunda nəqliyyat vasitələrinin toz qasırğasına düşmələri və çətinliklə hərəkət etməsi ilə bağlı sosial şəbəkələrdə video kadrlar yayılıb.
Paytaxtın Yasamal rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasının həyətində külək ağacı bankomatın üzərinə aşırıb. Hadisə nəticəsində yaxınlıqdan keçənlər xəsarət almayıb. Nərimanov rayonunda, Atatürk prospektində ağac yolun ortasına aşıb və nəqliyyatın hərəkəti üçün maneə yaradıb. “Malakan bağı”nda isə iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Binəqədi rayonu 7-ci mikrorayonda 5 mərtəbəli yaşayış binasının qarşısında da ağac avtomobilin üzərinə aşıb.
Digər hadisə isə Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb. Güclü küləyin təsirindən prospektdəki yaşayış binalarından birinin damı uçub.
Habelə güclü külək nəticəsində Abşeron rayonunun Müşfiqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abunəçilərin “mavi yanacaq”la təchizatında fasilə yaranmayıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsindən virtualaz.org-a verilən məlumata görə, artıq səhər saatlarından idarəyə ağac aşması ilə bağlı 48-dən çox müraciət daxil olub: “Ən çox fəsadlar Nərimanov, Səbayel, Nəsimi və Nizami rayonlarında qeydə alınıb. Zəngi qəbul edən kimi dərhal briqadalarımız həmin ərazilərə yollanıblar. Çalışırıq ki, güclü küləyin fəsadlarını günün sonunadək aradan qaldıraq”, – Bitkilərin Mühafizəsi şöbəsindən bildirilib.
Güclü külək Sumqayıtda da fəsadlar törədib. Şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü külək uçurub.
Sumqayıt şəhəri, 12-ci mikrorayonda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.
Şiddətli külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib. SOCAR-dan verilən məlumata görə sürəti 30-35 metr/saniyə külək gözlənildiyi üçün dənizdə bütün işlər dayandırılıb, 700-ə yaxın işçi quruya təxliyə olunub.
Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyatdan istifadə edən şəxslərə müraciət edib. Agentlik avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.
“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”,-BNA bildirir.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür. Bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.
Ölkənin şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləklə bağlı baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC də önləyici tədbirlər görməyə başlayıb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, güclü külək sonradan fırtına ilə müşayiət olunacaq. Həmçinin Azərbaycanda maqnit qasırğasının baş verəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlama verib. U.Tağıyeva bildirib ki, ölkə ərazisində bu ayın 5-dən gözlənilən güclü külək haqqında xəbərdarlıqlar tərtib olunub və bütün əlaqədar qurumlara, eləcə də KİV-ə təqdim olunub: “Xəbərdarlıqda göstərilib ki, avqustun 5-dən səhər saatlarından başlayaraq 8-nə qədər ölkə ərazisində hava şəraiti küləkli olacaq. Küləyin maksimum sürəti bu günə, ayın 5-nə gözlənilir.
Tağıyeva qeyd edib ki, mövcud hava şəraiti Bakı və Abşeron üçün xarakterikdir. (Yeni Müsavat)
Short URL: http://www.cumhuriyyet.net/?p=131680