Məşhur klinikanın həkimi və aptek sahibinin məhkəməsi təxirə salındı
Bakıda iki aptekin rəhbər şəxsləri hakim qarşısına çıxarılıb. Onlar satışı reseptsiz qadağan olunan psixotrop dərmanların satışında ittiham edilirlər. Həmin şəxslər həbs edilməyib və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Mikayılov, Yaqub Kazımov və Xədicə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxslərdən Xədicə Məmmədovanın vəkili yoxdur.
Məlum olub ki, vəkil məhkəməyə məzuniyyətdə olduğu üçün gəlməyib. Məhkəmə iclası avqustun 21-də təxirə salınıb.
İttihamda göstərilir ki, Səbuhi Mikayılov və Yaqub Kazımov özlərinə məxsus apteklərdə satışı reseptsiz qadağan olunmuş psixotrop dərman vasitələri satıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı dərman vasitələrinin reseptsiz satışı müəyyən edilib.
Səbuhi Mikayılov, Yaqub Kazımov və onun satıcısı Xədicə Məmmədova törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.
İşin təfərrüatı belədir ki, Səbuhi Mikayılova məxsus aptekə gələn müştəri bir neçə dərman istəyib. Səbuhi Mikayılov öz aptekində olmayan və satışı reseptsiz qadağan olunan dərmanı Yaqub Kazımovun aptekindən alıb. Bu zaman polis əməkdaşları əməliyyat keçirərək hər iki şəxsi və satıcını saxlayıblar.
Elan olunmuş ittihamla hər üç şəxs özünü təqsirli bilməyib.
Məhkəmədə Səbuhi Mikayılov ifadə verib. Deyib ki, aptek müdiri olduğu müddətdə heç bir qanun pozuntusuna yol verməyib.
O, deyib ki, müştərinin istədiyi dərmanlardan yalnız biri olmayıb. Buna görə də qonşu aptekə müraciət edib. Suallara cavab olaraq Səbuhi Mikayılov qonşu aptekə resept təqdim edib-etmədiyini xatırlamadığını deyib.
Digər təqsirləndirilən şəxslər isə buna etiraz edib. Bildiriblər ki, dərman reseptlə verilib.
Qeyd edək ki, Səbuhi Mikayılovun həkim pediatr olması ilə bağlı da məlumat var. Onun “EuroMed” Tibb Mərkəzində çalışdığı bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=131795