“İMPERİYA MƏFKURƏSİNİN TƏSİRİ ALTINDA QALANLAR…” – Milli Məclisin komitə sədri
“Belələri unudurlar ki, Prezident İlham Əliyev dövlətimizi Heydər Əliyev ideyaları, humanizm və qətiyyətin vəhdəti əsasında idarə edir”.
Bunu Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov Ramiz Mehdiyevin karantin qadağaları altında öz nəvəsinə toy etməsi ətrafında baş qaldırmış qalmaqala münasibət bildirərkən deyib.
S.Qurbanov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq, deyib: “Dünəndən etibarən gündəmi zəbt etmiş bu hadisə, əlbəttə ki, yanlış hərəkətdir. Pandemiya dövründə toy və ya hər hansı digər kütləvi tədbirin keçirilməsi məsələsi Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tənzimlənir. Əhalimizin sağlamlığı baxımından verilmiş qərarlara, karantin qaydalarına riayət etmək bütün vətəndaşların borcudur. Əslində yalnız karantinlə bağlı yox, ümumiyyətlə bütün qanunlara əməl etmək, sosial statusundan asılı olmayaraq, hər zaman vətəndaşların borcu olmalıdır”.
Deputat xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Təəssüflər olsun ki, bəzi səlahiyyətli şəxslər cənab Prezidentin müasir dövrün tələbləri əsasında apardığı siyasətlə ayaqlaşa bilmir, özlərini qanunlardan üstün sayırlar. Bunun bir neçə səbəbi ola bilər. Məsələn, özünü inkişaf etdirmək qabiliyyətinin olmaması, hələ də imperiyanın tərkibində olduğumuz zamankı məfkurənin təsiri altında olmaq, bəzi hallarda isə bilərəkdən bugünədək görülən işlərə kölgə salmaq üçün. Amma unudurlar ki, Prezident İlham Əliyev dövlətimizi Heydər Əliyev ideyaları, humanizm və qətiyyətin vəhdəti əsasında idarə edir. Bu ideyalar yaşadığı müddətcə heç kim xalqdan üstün ola bilməz. Vəzifəli və səlahiyyətli şəxslər özlərini sadə xalqdan ayrı və üstün hesab edə bilməz. Çünki onlara bu səlahiyyət məhz xalqa xidmət etmək üçün verilmişdir. Əks halda onlar bilməlidirlər ki, buraxılan səhvlər cəzasız qalmır”.
Deputat hesab edir ki, R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozmasına görə cəzalandırılması, bir daha heç kimin qanundan üstün olmadığına, Prezidentin xəbərdarlıqlarına məhəl qoymaq istəməyənlərin, kimliyindən asılı olmayaraq, cəzalandırılacağına çox yaxşı nümunə oldu. “Bir daha hər kəsi qanunlara layiqincə əməl etməyə çağırıram”.
Short URL: http://www.cumhuriyyet.net/?p=152787