17 yaşlı Züleyxanın böyük uğuru- ən nüfuzlu universitetdə təhsil alacaq
17 yaşlı azərbaycanlı qız dünyanın ən nüfuzlu universitetinə qəbul olub.
Musavat.com xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.
Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal) və IELTS (Overall 7.5) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edib.
Züleyxanın rəsmi imtahan nəticələrini əldə etdikdən sonra xaricdə təhsil istiqamətində araşdırmasına Beynəlxalq Təlim və Layihə Mərkəzinin Beynəlxalq Əlaqələr Departamenti direktoru Zəfər Həsənov tərəfindən dəstək verilib.
Daha sonra Zəfər Həsənovun dəstəyi ilə Zəhra Qasımzadə ilə həmkarı olduğu “Click Energy” adlı klaviaturadan enerji alan layihəsi GENIUS Olimpiadasında da qalib olaraq, 20.000 dollar təqaüdə layiq görülüb.
Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır.
Qeyd edək ki, Donald Trump, İvanka Trump, Elon Musk, Warren Buffett kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada İqtisadiyyat ixtisası üzrə təhsil alacaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=158718