“Yeni Müsavat”ın müxbirləri Cəbrayıl və Zəngilanda gördüklərindən danışdılar

09.02.2021 - 10:29

Fevralın 6-da Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Səfərdə müxtəlif media qurumunun nümayəndələri, o cümlədən “Yeni Müsavat”ın reportyor qrupunun üzvləri Elçin Əkbərov və Məhəmməd Türkmən də iştirak ediblər.

Reportyor qrupumuz səfər zamanı gördüklərini qələmə alıb, çəkib, reportajlar hazırlayıblar.  Bu dəfə onların təəssüratlarını öz dilindən eşitmək istədik.

 

Elçin Əkbərov Cəbrayıl və Zəngilanda gördüklərini bu cür təsvir etdi:

 

“İşğaldan azad olunan torpaqlarımıza getmək çox qürurverici anlar idi. Jurnalist olmağın bəlkə də daha bir üstünlüyü odur ki, biz daha tez o torpaqları görə bildik. Hansı ki, 30 ildir öz doğma yurdlarına getmək üçün həsrət çəkən insanlar var.

Elçin Əkbərov: “Atılan raketlərin qalıqları, dağıdılmış tanklar, erməni paltarları…”

Mən əslən qarabağlı olmasam da bir azərbaycanlı kimi içimdə o torpaqlarla bağlı həsrət var idi. Uşaqlıqdan bizə bu hissi aşılamışdılar ki, Qarabağ Azərbaycanın qədim və ən gözəl diyarlarından biridir, mütləq düşmən tapdağından azad olunmalıdır.

Beləliklə, bu səfərim üçün çox sevinirdim. Səfər zamanı ən çox görmək istədiyim tarix kitablarında baxdığım Xudafərin körpüsü idi. Bu qədim körpü hər zaman həm də bizi güneyli qardaşlarımızdan ya ayıran, ya da birləşdirən körpü kimi yaddaşda qalıb.  Bunun üçün həmin köpünü artıq yaxından görmək istəyirdim”.

Elçin Əkbərov əslən Zəngilandan olan dostuna Zəngilan torpağı gətirdiyini də dedi: “Zəngilandan olan bir dostum xahiş etmişdi ki, ona Zəngilandan torpaq gətirim. Mən də onun arzusunu yerinə yetirdim.

Yolboyu o ərazilərdən keçərkən sanki müharibənin necə getdiyini görmək olurdu,  hər şey insanın gözü önünə gəlirdi. Atılan raketlərin qalıqları, yarıya qədər yerə düşən, amma partlamayan mərmilər, dağıdılmış tanklar, erməni paltarları, yerdə olan tankların izləri… Yəni hər yerdə müharibənin izləri qalmışdı. Ermənilər Zəngilanda, Cəbrayılda bütün evləri darmadağın ediblər, daşı daş üstündə qoymayıblar. Bu, insana çox pis təsir edir. Təsəvvür edirsən ki, nə vaxtsa həmin ərazilərdə insanlar yaşayıb, indi isə viran qalmış, məhv olmuş ərazilərdir.  Yəqin ki, orada tikintiyə başlamalı olsalar, gərəkdir ki, sıfırdan başlasınlar”.

Elçin Əkbərov ermənilərin həmin ərazilərdə törətdiyi daha bir vandalizmdən də söz açıb: “Orada olarkən bir də əyani şəkildə erməni vandalizminin şahidi olduq. Ermənilər qəbiristanlıqları da darmadağın etmişdilər. Bir qəbiristanlığa yuxarıdan baxanda adama elə gəlirdi ki, ora sanki cəhənnəmdir”.

Məhəmməd Türkmən isə qeyd etdi ki, bu onun Cəbrayıla ikinci səfəridir: “Cəbrayılda artıq ikinci dəfə idi ki, səfərdə olurdum. Bundan əvvəl müharibə dövründə, yəni aktiv döyüşlər zamanı orada olmuşdum.

Budəfəki səfərimin isə başqa özəllikləri var idi. Bu dəfə Xudafərin körpüsü, Zəngilan var idi.

Məhəmməd Türkmən: “Ermənilər bütün məzarlıqları dağıdıb, təhqir etmişdilər…”

Təsəvvür edin, ermənilər Cəbrayılı tamamilə darmadağın ediblər.  Bəzi evlərin, sadəcə, daşları qalıb. Hiss olunur ki, evlərin qapı və pəncərələri, dam örtükləri sökülərək aparılıb. Ola bilsin ki, onlar bizim evləri söküb, başqa yerlərdə özləri üçün evlər tikiblərmiş və yaxud sökdüklərini aparıb satıblar.

Daha bir vəhşilik – ermənilər bütün məzarları dağıdıb, təhqir ediblər. Zatən bu cür vandalizmdən başqa əllərindən bir iş gəlmir…

Xudafərin körpüsünə olan səfərimiz mənim üçün xüsusi maraqlı oldu. Arazın o biri tayında olan soydaşlarımız hər zaman həsrətlə baxırdılar. Reportajımda da qeyd etdiyim kimi,  güneyli soydaşlarımız Araz kənarında bizim avtobusları, maşınları  görüb, əl edir, bizləri salamlayırdılar. Əlbəttə ki,  illərlə bu taya həsrətlə baxıb, Azərbaycan bayrağı deyil, düşmən bayrağı, düşməni görmək onlar üçün iki qat zərbə idi. Amma indi onlar ən azı bizim qədər sevinirlər. Hər kəs xatırlayır ki, torpaqlarımız işğaldan azad olunanda güneyli soydaşlarımız Araz kənarına toplaşıb, bizim əsgərləri necə göz yaşları, sevinc içərisində qarşılayırdılar. Xudafərin körpüsünə gəlib, o anları yerində yaşamaq istəyirdim”.

Məhəmməd Türkmən deyir ki, Zəngilanda da etmənilər bizim dini abidələrimizi məhv etmişdilər: “Burada ən çox diqqətimi çəkən küçələrin birində divardakı ”Polad Həşimov küçəsi” yazısı idi. Hesab edirəm ki, azad olunan torpaqlarımızda bərpa işləri aparıldıqdan sonra hərbçilərimizin  qeyd etdiyi kimi, həmin küçə məhz Polad Həşimov küçəsi olacaq.

Ümumiyyətlə, qəhrəmanlarımızın adları müxtəlif rayon və kəndlərimizdə küçələrə verilməlidir. Onların adlarını daim yaşatmalıyıq. Çünki onların sayəsində torpaqlarımız işğaldan azad olundu və bu gün rahat şəkildə o müqəddəs torpaqlara ayaq basırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=160919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728