Qaz İstismar Xidməti təbii qaza xüsusi maddə qatıb? – Sədərəkdə kütləvi zəhərlənmə
Yavnarın 31-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda təbii qazdan kütləvi zəhərlənmə halı qeydə alınıb. Bu barədə Yeniavaz.com-a rayon sakinləri məlumat veriblər. Bildirilib ki, rayona verilən təbii qazdan kəskin iy yayılıb. Qeyd olunur ki, vətəndaşların böyük əksəriyyəti iyə görə təbii qazdan istifadəni dayandırsa da, bir qisim evlərdə bu iy zəhərlənmələrə səbəb olub.
“Gündəlik Naxçıvan” yazır ki, ən az 35 nəfər zəhərlənib. “Rayon xəstəxanasında kifayət qədər tibbi ləvazimat olmadığından, onlara ilkin təcili tibbi yardım göstərmək mümkün olmayıb. Bu səbəbdən, xəstələrin bir çoxunun vəziyyəti daha da ağırlaşıb və yaxınları öz avtomobillərində onları Şərur rayon Mərkəzi Xəstəxanasına aparmalı olublar. Burada da xəstələrin hamısana ilkin tibbi yardım göstərmək imkanı olmadığından, onların bir qismi Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya göndəriliblər”, – portal yazır.
Qeyd olunur ki, zərərçəkmişlərin yaxınları baş verən hadisəyə görə, Naxçıvan MR Qaz İstismar Xidmətini günahlandırırlar: “Bildirildiyinə görə, qaz sızmasını yoxlamaq üçün qazın tərkibinə hansısa maddə qatılıb. Bu zaman əhaliyə heç bir xəbərdarlıq edilməyib. Əhali də qazdan ənənəvi qaydada istifadə edib. Həmin maddə nədirsə, insanları kütləvi şəkildə zəhərləyib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=198357