Abutalıbov rəsmi ittihamlara niyə susur?

26.06.2024 - 12:35

Mədəniyyət Nazirliyi ötən həftə Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yaydı. Sənəddə diqqətçəkən məqam qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:

“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb – qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

Bəllidir ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlamışdı: “Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Bəs Hacıbala Abutalıbov rəsmi ittihamlara nə deyir? 

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Hacıbala Abutalıbovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

“Hacıbala oturub Qax rayonunun Sarıbaş, İlisu kəndlərindəki villalarında, orada istirahət edir. Tapmaq istəsəniz, oradadır. O, mənim xeyrimə çıxarılan 3 məhkəmə qətnaməsini icra etmədiyinə görə 3 ildən 7 ilə qədər həbs cəzası ala bilər”. Bu barədə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında deyib. Xalq artisti xatırladıb ki, zamanında Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olub: “Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə “Qış parkı” salınarkən milyonlar qazanmaq üçün başladılar orada tələsəm-tələsik parnik, dibçək ağacları basdırmağa. Həmçinin ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparılmağa. Halbuki həmin ərazi çökmələr, sürüşmələr var. Beləliklə, heç bir hazırlıq görmədən milyonlar qazanmaq üçün hər şeyi verdilər ekskavatorun ağzına.  Bir dəfə isə gecənin bir aləmində evimin düz yanında 8-9 metr yer qazıb, qaraj düzəltmişdilər. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Hacıbala Abutalıbova müraciət etsəm də, heç bir nəticəsi olmadı. Dəfələrlə məhkəmə mənim xeyrimə qərar versə də, Abutalıbov 3 məhkəmə qətnaməsini yerinə yetirməkdən qaçır. Lakin bunun özü cinayət məsuliyyəti yaradır. Yəni ya Abutalıbov məsuliyyətə cəlb olunub, həbs edilməlidir, ya da mənim evimi necə dağıdıbsa, onu yerinə qoymalıdır. O ki qaldı Abutalıbovun dövründə Bakıdakı tarixi binalara, mədəni abidələrə zərər vurulmasına, Abutalıbov zamanında “Qış parkı” salmaq adı ilə dövlətdən küllü miqdarda pullar taladı. Qışa aidiyyəti olmayan guya “Qış parkı” saldı – altı  qara, üstü beton. Hətta bahalı parnik ağacları gətizdirdi, indi iki ildən bir onları dəyişdirirlər, çünki işə yaramır. Əldə etdiyi milyonlarla indi Qaxın kəndlərində kef edir. “Qış parkı” salınanda ərazidə möhtəşəm, Azərbaycanda analoqu olmayan üçmərtəbəli, ağ, mərmərdən tikilmiş binanı uçurtdular. Bu bina Nobel qardaşlarına məxsus idi. Bina o qədər möhtəşəm tikilmişdi ki, bulduzerlər onu dağıtmaqda çətinlik çəkirdi. Dünyanın hər yerində bu cür binaları şərəf və ləyaqətlə qoruyub, saxlayırlar. Yoxsa ki “Bakı mənimdir, Bakı mənim şəhərimdir” deyə-deyə Abutalıbov gözəl Bakını acınacaqlı, bərbad vəziyyətə saldı. Dövlətdən “pul yemək” üçün tarixi binaların divarlarını qaşıyıblar. Dəfələrlə buna etiraz edirdim ki, bu cür binaların divarlarını qaşımaq olmaz, onun daşlarını  qorumaq, xüsusi avadanlıqlara bərpa etmək lazımdır. Məndən şikayət etmişdilər ki, “Mahmudbəyov bizi qoymur işləməyə”. Ən dəhşətlisi burasındadır ki, Bakıda tarixi binaların qorunması, onlara zərər vurulmaması haqqında mətbuatda, mediada səsimi ucaldanda, buna görə tənqidlərə məruz qalanda heç kəs səsini çıxarıb, Bakı haqqında fikirləşmirdi.  Abutalıbovun dövründə Bakının siması, xarakteri, obrazı itdi, dəyişdi, milli mədəni arxitekturamız eybəcər hala salındı. Bakı bu gün “köhnə daraq dişinə” bənzəyir, əndirəbadi göydələnlərlə bərbad vəziyyətə salınıb. Heç bir şəhərsalma mədəniyyətindən, estetikadan söz gedə bilməz. Harada, necə gəldi göydələnlər tikiblər. Bir binada birinin mətbəxi, o biri binadakının yatağına, qonaq otağına baxır, məcbursan ki, bütün günü pərdələri bağlı vəziyyətdə saxlayasan.

Bir sözlə, Abutalıbov Bakını xarabaya çevirib, eybəcər göydələnlərlə yükləyib. Bircə “İçərişəhər” qalıb. Abutalıbov bir az da qalsaydı, “Qız qalası”nı uçurdub, yerinə göydələn tikəcəkdi. Bu baxımdan hesab edirəm ki, Bakının bu günə salınması böyük istintaq işidir. Onu bu günə salanlar qanun qarşısında cavab verməlidir, Abutalıbov da başda olmaqla…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201835

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031