Quba məktəblərində bayraq rəzaləti: dövlət rəmzi qadağan edilib…
Azərbaycanın bölgələrində məmur təxəyyülünün nəticəsi olaraq ortaya çıxan kuryoz hadisələr bitib tükənmir. Adətən bu kimi olaylar məmurların şəxsi həyatı ilə bağlı olursa bu dəfə əldə etdiyimiz məlumat ictimai baxımdan kifayət qədər ilginc və təəssüfdoğurucudur.
Quba rayonundan cumhuriyyet.az-a daxil olan məlumata görə bir neçə gün bundan əvvəl rayon mərkəzindəki bir neçə məktəbdən Azərbaycan bayrağı yığışdırılıb. Belə ki, mənbənin bizə bildirdiyinə görə Quba şəhər 1, 4, 6 və 7 saylı orta məktəblərinin üstündə hər zaman dalğalanan Azərbaycan bayraqları götürülüb. Bu azmış kimi sinif otaqlarından, kabinetlərdən də bayraqlar yığışdırılıb. (Rayondan bayraq üzərindən götürülmüş məktəblərdən birinin fotosu redaksiyamıza göndərilib və həmin fotonu da diqqətinizə çatdırırıq)
Baş verən olayla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə xüsusilə 4 və 7 saylı məktəblərdə müəllimlər bu prosesə ciddi etiraz ediblər. Onlara ilk əvvəl tapşırığın rayon təhsil şöbəsinin Gülnarə xanım adlı məsul işçisi tərəfindən verildiyi deyilsə də milli bayrağın təəssübün çəkən müəllimləri bu qane etməyib. Bundan sonra rəsmən bildirilib ki, bayraqların yığışdırılması birbaşa təhsil şöbəsinin rəhbəri Loğman müəllimin göstərişidir.
Yeri gəlmışkən onu da bildirək ki, Loğman Müslümov Quba Rayon Təhsil Şöbəsinin müdir əvəzidir və bu vəzifəyə yeni təyin olunub. Xəbər redaksiyamıza istirahət günü və gec saatlarda daxil olduğundan məsələ ilə bağlı aidiyyatı qurumların məvqeyini öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=22886