15 yaşlı naxçıvanlıdan şok ixtira
Naxçıvanda 15 yaşlı İsmayıl Şirzadov kompüterdə “Mr.VOOL” adlı proqram yaradıb.
Texnologiyada son yenilik sayılacaq bu proqram dünya miqyasına çıxa bilər.
İsmayıl AzərTac-a bildirib ki, hazırladığı “Mr.VOOL” proqramı internet istifadəçiləri üçün səsli axtarış imkanını təqdim edir: “Məsələn, gün ərzində internetdə axtarış sistemləri vasitəsilə müxtəlif ünvanlar və sair axtarırıq. Yeni proqramda isə axtardığımız hər bir obyekti, sadəcə, bir dəfə səsləndirməklə tapa bilirik.
Sadə bir izahat verim. Proqramı yüklədikdən sonra, deyək ki, “Chrome” brauzerini açmaq istəyirsiniz. Sadəcə, “Open Chrome” deyirsiniz, brauzer avtomatik olaraq açılır.
Yaxud, “Yahoo”, “Google” axtarış sistemlərində hər hansı bir obyekti axtararkən axtardığınız obyektin ingiliscə adını söyləyirsiniz və həmin obyekt axtarış sistemində üzə çıxır”.
Gənc istedad qeyd edib ki, hər hansı bir proqramdan çıxmaq istədiyinizdə “Exit” sözünü deyirsiniz:
“Proqram özü avtomatik olaraq bağlanır. Bundan əlavə, səslə kompüteri söndürmək və yenidən açmaq da mümkündür. Ümumiyyətlə, “Mr.VOOL” vasitəsilə kompüterdəki bütün proqramları, faylları, CD yerini açıb-bağlamaq olar. Hazırladığım proqramda ingiliscə əmrlərin tərtib olunmasına səbəb yaxın müddətdə onu dünya bazarına çıxarmaq istəyimlə bağlıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=29899