Adil Əliyevin keçirdiyi çempionatda 600 idmançıdan pul toplanılır?
Federasiyada işləmədən “mühüm işlərə baxmağın” incəlikləri… Vaxtilə Azərbaycanda bəzi federasiyalar və idman təşkilatlarında müxtəlif bəhanələrlə idmançılardan pul yığılması barədə məlumatlar vaxtaşırı olaraq ölkə KİV-ində də əks olunurdu. Lakin son illərdə ölkə rəhbərliyinin idmana göstərdiyi qayğı nəticəsində bu və digər mənfi halların qarşısı alınıb, gənclərimizin idmanla məşğul olmaq, ölkəmizi beynəlxalq arenalarda təmsil etmək üçün uğurlara imza atması üçün münbit şərait yaradılıb. Bütün bu göstəricilər deməyə əsas verir ki, artıq hansısa yarışın keçirilməsi üçün idmançılardan pul toplamağa, “iştirak haqqı” tələb etməyə gərək yoxdur. Amma təəssüf ki, bəzən tam əksindən xəbər verən məlumatlar da alırıq. Buna da səbəb korrupsiyaya qurşanan bəzi klub və federasiya rəhbərləri olur. Hazırda Əl Oyunları Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı ilə keçirilən Kikboksinq üzrə XXII Respublika Çempionatı ilə bağlı ilginc məlumatlar əldə etmişik. Müraciət edən bir qrup idmançı bildirib ki, yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanılır. “Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılır, deyilmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar”, – deyə şikayətçilər qeyd edib. Onların sözlərinə görə, pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir. Biz məsələnin mahiyyətini araşdırmağa çalışdıq. Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın… İlk növbədə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli ilə əlaqə saxladıq. O, 12 çəki dərəcəsində 605 idmançı arasında respublika çempionatının keçirildiyini və sabah bitəcək yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirdi. O.Məmmədli iştirakçılardan 20 manat yığılması barədə məlumatı təkzib etdi: “Xeyr, belə şey yoxdur. Şəxsən özüm nəzarət edirəm ki, hər hansı klub çərçivəsində belə, bu cür hallar baş verməsin. Özüm həm də Gənclər və İdman Nazirliyində məsul işçiyəm, kikboksinq üzrə kuratoram. Xoşagəlməz halların baş verməməsi üçün diqqətlə işləyirik”. Oruc müəllim qeyd edib ki, çempionatın sponsorları qismində “12 May” MMC və “Kontinental-M” MTK çıxış edir. Adıkeçən şirkətlərlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Daha sonra sözügedən Rüstəm müəllimin telefon nömrəsini əldə etdik, onunla əlaqə saxladıq. O, sualımıza sualla cavab verdi: “Kim yığır, kimdən yığır? Hansı komandadır, mənim yanıma gəlsinlər, görüm nə məsələdir”. Rüstəm müəllimdən federasiyada hansı vəzifəyə baxdığını soruşsaq da, “burdayam (Əl Oyunları Sarayında – red.), gəlsinlər yanıma” deyib dəstəyi asdı. Federasiyanın sözçüsü Elnur Eltürk də bu iddianın əsassız və təxribat olduğunu bildirdi: “Belə şey yoxdur. 605 nəfərin iştirakı ilə böyük çempionat keçiririk, hamımız çalışırıq ki, yarışlar yüksək səviyyədə keçirilsin. Məhz belə işləri qabartmaq lazımdır, digər iddialar təxribatdır və tədbirin əhəmiyyətini kölgəyə salmaq məqsədi daşıyır”. E.Eltürk adıkeçən Rüstəm müəllimi tanımadığını dedi: “Federasiyada Rüstəm adlı adam işləmir”. Lakin az sonra redaksiyamızın telefonuna Rüstəm müəllimin özü zəng etdi və o, federasiyada işlədiyini təsdiqlədi: “Federasiyada mühüm işlərə baxıram. Həmin şikayətçiləri bizə yönəldin. Ya da telefon nömrəsini verin, özümüz əlaqə saxlayaq”. Məsələ ilə bağlı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə əlaqə saxlamağa cəhd etdik, lakin bütün cəhdlərimiz boşa çıxdı. Daha sonra Rüstəm adlı şəxsin kimliyi ilə bağlı maraqlı bir məlumat əldə etdik. Redaksiyamıza məlumat verən şəxsin sözlərinə görə, söhbət məhz federasiyanın keçmiş baş katibi Rüstəm Rüstəmovdan gedir. “O, Adil Əliyevin ən yaxın adamlarındandır və onu “qara kassir” adlandırırlar. Hazırda Rüstəmov Rüstəmov deputat Adil Əliyevin tikinti işlərinə nəzarət edir”, – deyə mənbə əlavə edib. Mövzunu diqqətdə saxlayacağıq.
Bu məsələ ilə bağlı hər hansı irad, mövqe və əlavə informasiya olarsa, dərc etməyə hazırıq.
Qafqaznews.az
Short URL: http://www.cumhuriyyet.net/?p=57898