Ağsu vətəndaşları ağır durumda – VİDEO
Ağsu rayonunda yerli rəhbərliyin yarıtmaz, azğın idarəetməsinin nəticələrinin ağırlığını yerli əhali çəkməkdədir. Hər gün ölkənin ayrı-ayrı kiv-lərinə üz tutan ağsulular dövlət başçısından onların problemlərinin həlli istiqamətində əməli addımların atılmasını xahiş edir, hazırki rəhbərliyin siyasi fəaliyyətinə son qoyulmasını xahiş edirlər. Ağsu rayonu ilə bağlı cumhuriyyet.az olaraq da silsilə yazılar dərc etmişik. Ancaq görünən budur ki, bu müraciətlərin hələ ki, heç bir müsbət effekti yoxdur. Əslində burada hər bir məmurun özünün mafiyası var. Məsələn, keçmiş millət vəkili milyoner kimi tanınan Ərəstun Cavadovun Ağsuda öz tərəfdarları var və hələ də insanlara qan uddurmaqda davam edirlər. Ərəstun Cavadovun doğulub boya-başa çatdığı Ərəbmehdibəyli kəndində baş verənlər, sabiq deputatın kim olduğunu tam çılpaqlığı ilə ortaya qoyur. Kəndin bələdiyyə sədri sabiq deputatın qardaşıdır. Kəndin icra nümayəndəsi Hacıağa Hüseynov haqqında olmazın şikayət sahiblərini rayon rəhbərliyi səviyyəsində dinləyib tədbir görən yoxdur.
Ərəbmehdibəyli kəndində əhali tam tərkibdə işsizdir, sosial problemlər onları olduqca sıxır, ən əsası isə onlara məxsus torpaqlar yerli məmurlar tərəfindən zəbt olunaraq əllərindən alınıb. Burada sanki ölkə qanunları işləmir. Burada orta əsrlər qaydaları hökm sürür. Kəndin bələdiyyə sədri, icra nümayəndəsi feodal rolunda, sadə kəndlilər isə nökər, danışan alətlər rolunda təqdim edilib. Kim dinib etiraz edirsə, polis dəyənəyinə qonaq edilir. Cumhuriyyət. az olaraq kənd sakini Rəmzi Zeynalovun müraciətinə əsasən problemlərini işıqlandırmaqla müəyyən qaranlıqların üzərinə işıq salmağa çalışdıq.
Rəmzi Zeynalovun dedikləri: “Mənim şikayətim kənd icra nümayəndəsi Hacıağa Hüseynovla bağlıdır. Bir ildir ki, mənə məxsus pay torpağımın sənədini istəmək üçün yanına gedib gəlirəm. Hər dəfə məni, get sabah gələrsən, get filan vaxtı gələrsən deyərək yola verir. Mən işıq, qaz yandıra bilmirəm. Pulum yoxdur ki, ev üçün qənd-çay alım. İstəyirdim ki, bankdan kredit götürüb təsərrüfatla məşğul olum, ancaq kredit vermədilər. Buna görə də hazırda məcburiyyət qarşısında qalıb, texnikamı satışa qoymuşam. Prezident işsiz ailələrin dolanmağı üçün ünvanlı sosial yardım ayırıb, ancaq mən bu yardımdan yararlana bilmirəm. Məni işlə təmin etsinlər, onların yardımını istəmirəm. İcra nümayəndəsi anamı aldadıb pay torpağımızın sənədlərini aparıb. Xeyli vaxtdır ki, sənədlərimi ondan ala bilmirəm. Buna görə də halalca torpağımı əkə, becərə bilmirəm. Mən nəyə görə əlacsızlıqdan texnikamı satmalıyam? Bankdan kredit götürmək üçün icra nümayəndəliyinin verdiyi sənədi təqdim edirəm. deyirlər ki, bu sənəd saxtadır. gedin əsil sənədi gətirin. Bilmirəm sənədimin başına nə oyun açıblar. İcra başçısı Ənvər Seyidəliyevin qəbulunda olmuşam. Mənə deyir ki, get, torpaq ək, ailə-uşağını yedirt. Mən uşaqlara taxıl yedizdirim? Gərək əlində pul ola ki, nə isə iş görəsən. Anamın gözləri görmür, övladımın biri ürək xəstəsidir. Hazırda şəraitsiz evdə altı nəfər ailə üzvü bir yerdə yatıb-dururuq. Mən prezidentimizdən xahiş edirəm ki, mənə köməklik etsin. Bizlərə kömək etsinlər ki, kənddə nə isə iş qurub ailəmizi saxlaya bilək”.
Redaksiyadan:Ərəbmehdibəyli kəndində əhalinin vəziyyəti olduqca dözülməz həddədir. Burada gördüklərimiz bizi dəhşətə gətirdi. Çünki əhalinin söylədiyi kimi burada problemləri yerli məmurlar yaradırlar. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də fikirlərini dinləyib dərc etməyə hazırıq. Sonda Rəmzi Zeynalovun video müraciətini və Ərəbmehdibəyli kəndinə gedən yolun bərbad durumda olmasını sübut edəcək video görüntünü dəyərli oxucularımıza təqdim edirik.
Elçin İsmayıllı. Cumhuriyyət. az
Short URL: http://www.cumhuriyyet.net/?p=58874