Ordu generalından Nəcməddin Sadıkova sayğısızlıq: toya çağırmadı
Azərbaycanın hakim elitasında təmsil olunan daha 2 nüfuzlu ailə arasında qohumluğun-qudalığın əsası qoyulub. “AzPolitika.info”ya daxil olan məlumata görə, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevlə nəqliyyat naziri Ziya Məmmədovun qohumluqları bugünlərdə rəsmiləşib. Belə ki, sentyabrın 8-də Bakının ən bahalı və elit şadlıq saraylarından olan “Böyük Saray”da, Kərəm Mustafayevin qızı ilə Ziya Məmmədovun qudası və sürücüsü Bəhruz Xəlilovun oğlunun təntənəli toy mərasimi baş tutub. B.Xəlilovun Londonda yaşayan biznesmen oğlu Rauf Xəlilov, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun kiçik oğlu Sənan Məmmədovun biznes ortağıdır. Raufun böyük qardaşı isə Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. Kərəm Mustafayevin qızının da Londonda yaşadığı və gənclərin burda tanış olduqları bildirilir.
Sentyabrın 8-də baş tutan təntənəli toy mərasimində hərbi və siyasi elitadan yüksək rütbəli nümayəndələr iştirak edib. Qonaqlar arasında müdafiə naziri Zakir Həsənov da olub. Lakin maraqlıdır ki, Müdafiə Nazirliyinin 2 nömrəlisi – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və onun yaxın çevrəsi sayılan generalların adı toya dəvətlilərin sırasında olmayıb. “AzPolitika”ya verilən məlumata görə, bu, Naxçıvan Ordusunun komandanı ilə Baş Qərargah rəisinin şəxsi münasibətlərindəki gərginliklə bağlıdır. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun mərasimdə iştirak edib-etmədiyini isə dəqiqləşdirmək mümkün olmayıb.
Naxçıvanda yaşayan və işləyən K.Mustafayevin övladına Bakıda toy etməsi və məkan kimi ən bahalı restoranlardan birini seçməsi də maraqlıdır. Xatırladaq ki, “Böyük Saray” restoranında qiymətlər 150 manatdan başlayır…
Rasim ƏLİYEV, AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=75702